Peyvəndləmə yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv üsullarından biridir. Bununla belə, uşaqların vaksin olunması ətrafında çoxlu yanlış fikirlər və əsassız qorxular dolaşır.
Baki-baku.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, valideynlər arasında yayılan “dəhşətli hekayələrin” təxminən 90 faizi mifdir və tibbi baxımdan heç bir əsası yoxdur.
Müasir vaksinlər istehsaldan əvvəl və sonra ciddi keyfiyyət nəzarətindən keçir. Həkimlər bildirirlər ki, peyvəndin fəsad törətmə riski min dəfələrlə azdır, nəinki uşağın həmin xəstəliyə yoluxaraq ağır formada keçirmə ehtimalı. Yəni peyvənd etməmək, əksinə, uşaqlar üçün daha böyük təhlükə yaradır.
Mütəxəssislər əlavə edirlər ki, vaksin vurulduqdan sonra müəyyən yüngül reaksiyalar mümkündür. Bunlara iynə yerində qızartı və ya həssaslıq, qısa müddətli hərarət artımı (38 °C-yə qədər), yuxululuq və ya qıcıqlanma daxildir. Amma bu hallar orqanizmin normal reaksiyası sayılır və narahatlıq üçün əsas yaratmır. Bu səbəbdən belə reaksiyalar gələcək peyvəndlərin dayandırılmasına səbəb olmamalıdır.
Qeyd olunur ki, vaksinasiya təkcə uşaqları deyil, həm də onların ətraf mühitini qoruyur. Peyvənd olunmuş uşaq xəstəliyə yoluxmadığı üçün virusu başqalarına ötürmə riski də azalır. Bu isə cəmiyyətin ümumi sağlamlığına müsbət təsir göstərir.
Mütəxəssislər həmçinin valideynlərə məsləhət görürlər ki, peyvənd öncəsi panikaya qapılmaq əvəzinə, doğru məlumat əldə etsinlər. Çünki qorxulara deyil, elmi faktlara əsaslanan yanaşma uşaqların sağlamlığı üçün ən doğru seçimdir.