Hər bir dövlətin sabahı onun bu gün yetişdirdiyi nəslin üzərində qurulur. Uşaqların sağlam, savadlı, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda formalaşması cəmiyyətin gələcək inkişafını müəyyən edən əsas amillərdəndir. Azərbaycan dövlətində uşaqların rifahı, təhsili və hüquqlarının qorunması istiqamətində həyata keçirilən siyasətin təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də uğurla davam etdirilir.
Baki-baku.az bu yazıda Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin dəyişməz xətti kimi uşaqlara qayğısına toxunur.

Ümummilli Lider Heydər Əliyev uşaqlara yalnız dövlətin gələcəyi kimi deyil, xalqın ən qiymətli sərvəti kimi yanaşırdı. Onun fəaliyyətinin bütün mərhələlərində gənc nəslin inkişafı xüsusi yer tuturdu. Ulu Öndər dəfələrlə vurğulayırdı ki, Azərbaycanın gələcəyi məhz bugünkü uşaqların və gənclərin necə yetişməsindən asılıdır. Bu baxış təkcə fikirlərdə deyil, dövlət siyasətində və qəbul edilən qərarlarda da öz əksini tapırdı.
Müstəqilliyin ilk illərində Azərbaycan ağır siyasi və iqtisadi sınaqlarla üzləşsə də, Heydər Əliyev uşaqların problemlərini heç vaxt diqqətdən kənarda qoymadı. Ölkədə sabitliyin bərpası, iqtisadi inkişafın təmin edilməsi ilə yanaşı, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, təhsil imkanlarının genişləndirilməsi və sağlam böyümələri üçün zəruri şəraitin yaradılması da prioritet istiqamətlərdən biri oldu.
1994-cü ildə Azərbaycanın BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulması bu sahədə atılmış mühüm addımlardan biri idi. Sonrakı illərdə “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunların qəbul edilməsi ölkədə uşaq hüquqlarının müdafiəsi sisteminin formalaşdırılmasına mühüm töhfə verdi. Beləliklə, uşaqların hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi.

Ümummilli Lider Heydər Əliyevin uşaqlarla görüşləri isə hər zaman xüsusi səmimiyyəti ilə seçilirdi. O, balacalar ilə ünsiyyətdə onların düşüncələrini dinləyir, istedadlı uşaqları həvəsləndirir, onların gələcək inkişafı üçün dəstəyini əsirgəmirdi. Ulu Öndərin uşaqlara göstərdiyi diqqət və qayğı hər bir görüşü yadda qalan hadisəyə çevirirdi.

Ümummilli Liderin təhsil sahəsinə münasibəti də onun gələcəyə baxışının mühüm göstəricisi idi. Hələ sovet dövründə Azərbaycanda təhsil infrastrukturunun genişləndirilməsi, yeni məktəblərin və ali təhsil müəssisələrinin yaradılması istiqamətində mühüm addımlar atılmışdı. Minlərlə gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına yaradılan imkanlar ölkənin gələcək kadr potensialının formalaşmasında mühüm rol oynadı. Müstəqillik dövründə isə təhsil sahəsinin yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi müəyyən edildi.

Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqların hüquqlarının müdafiəsi, sosial rifahının yüksəldilməsi, təhsil və səhiyyə xidmətlərinə çıxış imkanlarının artırılması istiqamətində həyata keçirilən proqramlar dövlətin bu sahəyə verdiyi önəmi aydın şəkildə nümayiş etdirir. 2009-cu ilin ölkədə “Uşaq ili” elan olunması da uşaqların inkişafı və müdafiəsi istiqamətində aparılan siyasətin mühüm göstəricilərindən biri kimi tarixə düşüb.

Bu prosesdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Fond uşaqların təhsil və sağlamlığının qorunmasına yönəlmiş çoxsaylı layihələr həyata keçirib. Yeni məktəblərin tikilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri, internat məktəblərinin yenidən qurulması, məktəbəqədər təhsil müəssisələrinin müasirləşdirilməsi, inklüziv təhsil proqramlarının reallaşdırılması bu istiqamətdə görülən işlərin yalnız bir hissəsidir.
Eyni zamanda, uşaqların sağlamlığının qorunmasına yönəlmiş layihələr də xüsusi əhəmiyyət kəsb edir. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” kimi təşəbbüslər minlərlə ailənin həyatında mühüm rol oynayıb və cəmiyyətin diqqətini uşaqların sağlam inkişafı məsələlərinə yönəldib.
Bu gün Azərbaycanda uşaqların fiziki və mənəvi inkişafı, onların keyfiyyətli təhsil alması, sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Həyata keçirilən proqramlar və layihələr göstərir ki, ölkənin gələcəyinin etibarlı əllərdə olması üçün gənc nəslin hərtərəfli inkişafına xüsusi diqqət ayrılır.

Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər Əliyevin uşaqlara münasibətdə formalaşdırdığı dövlətçilik ənənələri zaman keçdikcə daha da möhkəmlənir. Azərbaycanın gələcəyini quracaq nəslin yetişdirilməsi istiqamətində görülən işlər isə bu siyasətin uzunmüddətli və davamlı xarakter daşıdığını göstərir. Çünki güclü dövlətin təməli məhz sağlam, savadlı və vətəninə bağlı uşaqların yetişdirilməsi ilə başlayır.