Barselona Qlobal Səhiyyə İnstitutunun alimləri müəyyən ediblər ki, evdə havanın keyfiyyəti, təbiətə yaxınlıq, düzgün qidalanma və sosial əlaqələr uşaqların immunitetinin daha balanslı olmasına birbaşa təsir göstərir.
Baki-baku.az xəbər verir ki, araşdırma “Environment International” (EI) jurnalında dərc olunub.
Tədqiqat HELIX/ATHLETE layihəsinin bir hissəsi olub və 845 uşağın məlumatlarını əhatə edib. Alimlər hamiləlik və uşaqlıq dövründə ətraf mühitlə bağlı 91 faktoru təhlil ediblər. Havanın çirklənməsi, evdəki kimyəvi maddələr, qidalanma xüsusiyyətləri, yuxu və sosial dəstək kimi amillər nəzərdən keçirilib.
İmmunitetin vəziyyətini qiymətləndirmək üçün üç bioloji səviyyə öyrənilib: leykositlərin tərkibi, qanda plazma zülallarının konsentrasiyası və DNT-nin metilləşməsi. Müasir statistik metodlardan istifadə olunaraq immun sisteminin sabit fəaliyyətini əks etdirən “immun imzalar” müəyyənləşdirilib.
Alimlər sağlamlıqla əlaqəli üç tip immun profil aşkar ediblər. Onlardan ikisi iltihabi zülalların aşağı səviyyəsi ilə, üçüncüsü isə ağ qan hüceyrələrinin daha balanslı tərkibi ilə xarakterizə olunub. Bu profillər evdə havanın yaxşı keyfiyyəti, su hövzələrinə — çaylara, göllərə, sahilboyu ərazilərə çıxış, sağlam qidalanma, güclü sosial əlaqələr və ailə ilə cəmiyyətin dəstəyi ilə bağlı olub.
Uşaqlıqda xroniki iltihab gələcəkdə piylənmə, şəkərli diabet, astma və digər xəstəliklərin riskini artırır. Buna görə də nəticələr göstərir ki, məişət şəraitinin yaxşılaşdırılması, təbiətə çıxışın qorunması və sosial mühitin dəstəklənməsi uşaqların sağlamlığını möhkəmləndirə və xroniki xəstəliklərin riskini azalda bilər.
“Tədqiqatımız bu amillərin immun toksikliyi azaltmaq və uşaqların sağlamlığını möhkəmləndirmək baxımından əhəmiyyətini bir daha vurğulayır”, – deyə araşdırmaya rəhbərlik edən Leya Metr bildirib.