Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/05/2026

Paylaşın

BAKI MƏDƏNIYYƏTI

Ürək deyir, yaşa hələ…

Bu gün Azərbaycanda xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, milli musiqimizin koloritini, saflığını qorumuş, təəssübünü çəkmiş, bu xüsusiyyətləri gənc sənətçilərə ərməğan etmiş Xalq artisti Əlibaba Məmmədovun doğum günüdür. Ustad sənətkarın xatirəsi xalqımız tərəfindən daim böyük hörmətlə anılır.

Baki-baku.az məşhur xanəndənin zəngin ömür yolu və sənət irsinə Əlibaba Məmmədovun nəvəsi,  həmsöhbətimiz Əlibaba Məmmədovla birgə nəzər yetirib.

Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Ailəsi milli musiqiyə böyük maraq, dəyər verirdi və elə bu səbəbdən də atası Balaəhməd kişi, anası Rəhilə xanım övladlarının kiçik yaşlarından musiqiyə olan böyük marağını hiss edərək Əlibaba Məmmədovu bu sahəyə yönləndiriblər.

Həmsöhbətimiz bir məqamı da qeyd edib ki, Balaəhməd kişi Bakı qoçularından olub və 1918-ci mart ayında Bakıda erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın zamanı daşnaklara qarşı döyüşüb, yerli əhalinin müdafiəsində fəal iştirak edib.

Kənd toylarında, məclislərdə ifa olunan muğam və xalq havalarına uşaq yaşlarından aşiq olan Əlibabanın ruhunda elə həmin şənliklərdə eşitdiyi tar, kamança və qrammofon səsləri musiqiyə dərin sevgi yaradıb. Əlibaba Məmmədovun sözlərinə görə, babasının, görkəmli sənətkarın dayısı Gülməmməd kişi xanəndə olub. Onlar birlikdə kənd toylarında iştirak ediblər, Əlibaba nağarada ifa edib və dayısının oxuduğu muğamlar onda xanəndəliyə böyük maraq yaradıb, el şənliklərində sənətin incəliklərini öyrənib.

Orta məktəbi bitirdikdən sonra o, 1956-1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili alıb, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnib.

Müsahibimizin dediyi kimi, gənc yaşlarından mahnılar bəstələməyə başlayan Əlibaba Məmmədov bütün əsərlərini tarda ifa edərək yaradıb və bu alətdə ifa etməyi özü öyrənib. Bununla yanaşı, xanəndə öz bəstəsi olan mahnıları ifa edib. Buna səbəb isə sovet rejiminin xalq mahnılarımızın yayılmasına əngəllər törətməsi, xalq musiqisi ifaçılarının efirlərdə görünməsinə tətbiq edilən qadağalar olub. Belə bir vəziyyətdən çıxış yolu isə öz bəstələrini ifa etmək olub və belə olan halda həmin qadağalardan yayınaraq milli musiqimizi özündə əks etdirən bəstələri efirlərdə səsləndirməyə nail olub.

Əmək fəaliyyətinə 1940-cı illərin sonunda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Əlibaba Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblını yaradıb və ömrünün sonunadək həmin ansambla rəhbərlik edib. Əlibaba Məmmədov bu ansamblın bədii rəhbəri və ilk solisti olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi tanınmış sənətkarlarla yanaşı Əlibaba Məmmədov da iştirak edib. Onun ifa etdiyi “Bayatı Kürd” muğamı tamaşaçıların böyük rəğbətini qazanıb. Elə həmin il sovet hökumətinin fəxri fərmanı ilə təltif olunub. 1963-cü ildə Əməkdar artist, 1989-cu ildə isə Xalq artisti adına layiq görülüb.

Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşıb, klassik muğam ənənələrinin qorunub saxlanmasını dolğun yaradıcılığının başlıca qayəsinə çevirib. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəstgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlib və musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutub. Geniş repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırıb.

Əlibaba Məmmədov az sayda xanəndələrdəndir ki, musiqi mədəniyyətimizin inkişafına təkcə muğam və təsniflərin mahir ifaçısı kimi deyil, eyni zamanda, M.Füzuli, Ə.Vahid, M.Müşfiq, S.Rüstəm, B.Vahabzadə kimi şairlərin sözlərinə yazdığı və bu gün öz şöhrətini saxlayan mahnıları ilə də xalq sevgisinin zirvəsindədir. Əlibaba müəllim bəstəkarlıq iddiasında olmasa da bir qədər əvvəldə adlarını çəkdiyimiz şairlərin sözlərinə bir-birindən bənzərsiz, yaddaqalan, sevilən mahnılar bəstələyib. Belə mahnıların təkcə adlarını çəkmək kifayətdir ki, yaddaşına yazılan musiqini şirin-şirin zümzümə edəsən. “İnandır məni”, “Yaşa hələ”, “Mənim Azərbaycanım”, “Müxalif təsnifi”, “Şur təsnifi”, “Vətən yaxşıdır” kimi ifalar xanəndənin yaradıcılıq fəaliyyətində hər zaman məhəbbətlə xatırlanan, ifası arzulanan mükəmməl musiqi incilərindəndir.

Əlibaba Məmmədovun həyat yolundan söhbət edən zaman sənətkarın nəvəsi bir nüansı da vurğuladı ki, 90-cı illərdə Azərbaycanda baş verən qanlı hadisələr ustad xanəndəni dərindən sarsıdıb. Ölkəmizin müstəqilliyi uğrunda aparılan mübarizədə xalq hərəkatına qoşulub, vətəndaş mövqeyini nümayiş etdirib.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə incəsənət xadimlərinə göstərilən diqqət və qayğı yeni mərhələyə qədəm qoydu. Onların yaradıcılıq uğurları dövlət səviyyəsində dəyərləndirildi, fəxri adlar və mükafatlarla təltif olunmaları geniş vüsət aldı.

Heydər Əliyevin 4 fevral 2000-ci il tarixli fərmanı ilə Əlibaba Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

2010-cu ilin fevralın 8-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif olunub.

Görkəmli xanəndə, xalq artisti Əlibaba Məmmədov Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 4 fevral 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.

Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət, qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə 2015-ci ildə xanəndənin həyat və yaradıcılığına həsr olunan yeni musiqi albomu nəşr edilib. Topluda ustad xanəndənin uşaqlıq və gənclik illəri, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır.

Unudulmaz sənətkarımızın yadigarı Əlibaba Məmmədov söhbətimizin bu hissəsində onu da xatırlatdı ki, xanəndə, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin şərəfinə, müəllifi olduğu “Vətən yaxşıdır” nəğməsinin “Xudayar təsnifi” adlandırılmasına xeyir-dua verib.

Xalq artisti Əlibaba Məmmədov 2022-ci il fevralın 25-də ömrünün 92-ci ilində vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

Əlibaba Məmmədovun səsi bu gün də zamanın yaddaşında yaşayır, muğamın nəfəsində, xalqın qəlbində səslənir. Ustad sənətkarın ömür yolu sübut etdi ki, əsl sənətkar fiziki varlığı ilə deyil, yaratdığı mənəvi sərvətlə əbədiləşir. O, səsi ilə millətin yaddaşına möhür vurdu, sənəti ilə bir xalqın ruhunu yaşatdı.

Əlibaba Məmmədov öz sənəti ilə artıq əbədi yaşayır. Ürək deyir, yaşa hələ…

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Abşeron yarımadasında, Xəzər dənizinin sahilinə yaxın bir məkanda torpaq min illərdir alovla dillənir, odla danışır

Ən son

GÜNDƏM

Bakıda 2 gün müşahidə olunan güclü külək şəhərin bir sıra ərazilərində fəsadlara yol açıb.

GÜNDƏM

Bakıda 2 gün müşahidə olunan güclü külək şəhərin bir sıra ərazilərində fəsadlara yol açıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin