Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyinin bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi təsis olundu
Ölkəmiz tarixən kainatın və səma cisimlərinin Yerin təbiətinə, eləcə də insan həyatına təsirini araşdıran elmi-fəlsəfi cərəyanların formalaşdığı mühüm məkanlardan biri olub, Şərq elmi məktəbinin Nəsrəddin Tusi kimi dahi nümayəndələrini yetişdirib, bu sahədə zəngin elmi irsin yaranmasına, kitabxana və rəsədxanaların qurulmasına və fəaliyyətinə şahidlik edib. Bu tarixi ənənə Azərbaycan elminin dərin köklərə malik olduğunu göstərir.
Ötən əsrin 70-ci illərində keçmiş SSRİ məkanında kosmonavtika sahəsində artıq mühüm nailiyyətlər əldə edilmiş, ilk kosmonavtlar nəsli formalaşmış, Yerin və yerətrafı fəzanın tədqiqi ilə bağlı çoxsaylı elmi müşahidələr aparılmışdı. Həmin dövrdə dünyada Yerin təbii ehtiyatlarının və ətraf mühitin vəziyyətinin kosmik vasitələrlə daha operativ və qlobal miqyasda öyrənilməsi məsələləri xüsusi aktuallıq qazanırdı. Kosmik sahənin aparıcı simaları hələ o zaman, 1950-ci ildən etibarən müxtəlif ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqreslərində kosmosun elmi, texnoloji və ümumbəşəri əhəmiyyəti barədə mühüm çağırışlar edirdilər.
Baki-baku.az Ulu Öndər Heydər Əliyevin kosmik sahəyə baxışına, bu istiqamətdə görülən işlərə, aparılan uğurlu siyasətə nəzər yetirir.

Azərbaycan 1973 ildə 24-cü Astronavtika Konqresinə uğurla ev sahibliyi etdi
Milli kosmik sənayenin formalaşmasının əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet dövründə hakimiyyətdə olduğu illərə təsadüf edir. Ulu Öndər hələ ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqil Azərbaycan dövləti üçün strateji əhəmiyyət daşıyan güclü elmi və maddi-texniki bazanın yaradılmasına ardıcıl şəkildə start verdi. Sovet cəmiyyətinin və kommunist ideologiyasının ən sərt mərhələsi olan həmin illərdə bu cür addımların atılması son dərəcə çətin olsa da, Ümummilli Lider Heydər Əliyev bunu böyük siyasi iradə və uzaqgörənliklə bacarmışdı.
Ölkəmizdə ən müasir sənaye müəssisələrinin tikilməsinə, ali hərbi məktəbin açılmasına, iqtisadiyyatın hərtərəfli inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, eləcə də Azərbaycanın beynəlxalq aləmdə tanınmasına nail olunmuşdu. Məhz Ulu Öndərin təşəbbüsü və təşkilatçılığı ilə bütün dünya üçün yeni və perspektivli hesab edilən kosmos elminin görkəmli simalarının iştirakı ilə yarım əsr əvvəl – 1973-cü ilin oktyabrında Bakıda ilk dəfə 24-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi bu strateji baxışın bariz nümunəsi idi. “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında keçirilən bu mötəbər konqres Azərbaycanın kosmonavtika tarixinin möhkəm təməlini qoydu.
Konqresə hazırlıq mərhələsi və bütün təşkilati işlər daim Ümummilli Liderin xüsusi diqqət mərkəzində olub. Konqresin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə xüsusi təşkilat komitəsi yaradılıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyinin “Beynəlxalq Astronavtika Federasiyasının 24-cü Konqresinin Bakıda keçirilməsi üçün Respublika Təşkilat komitəsi haqqında” 1973-cü il 27 mart tarixli Qərarında deyilir:
“Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin Beynəlxalq Astronavtika Federasiyasının 24-cü Konqresinin keçirilməsi ilə bağlı təqdim etdiyi Respublika Təşkilat komitəsinin tərkibi təsdiq edilsin. Təşkilat komitəsinə tapşırılsın ki, Konqresin hazırlanması və keçirilməsi ilə bağlı konkret tədbirlər planını iyirmi gün ərzində hazırlasın və Azərbaycan KP MK-ya təqdim etsin”.
Hələ o zaman bu tədbirin beynəlxalq miqyasda əhəmiyyətli bir hadisəyə çevrildiyi, konqresdə dünyanın məşhur kosmonavt və astronavtlarının iştirak etdiyi tarixi fotoşəkillər və rəsmi sənədlərdə də öz əksini tapıb.
Təşkilat komitəsinin təsdiq edilmiş tərkibinə nəzər saldıqda, on səkkiz nəfərlik heyətdə Azərbaycan elminin və ictimai-siyasi həyatının ən görkəmli simalarının yer aldığı aydın görünür. Təşkilat komitəsinin sədri Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, Elmlər Akademiyasının müxbir üzvü İsmayıl İbrahimov, sədr müavini isə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Həsən Abdullayev olub.
Konqreslə bağlı mühüm tarixi sənədlərlə tanış olarkən məlum olur ki, beynəlxalq tədbir son dərəcə yüksək səviyyədə təşkil edilib və onun uğurla başa çatması münasibətilə Azərbaycan rəhbərliyinə çoxsaylı minnətdarlıq məktubları ünvanlanıb.
Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Luici Napolitanonun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevə ünvanladığı 1973-cü il 20 oktyabr tarixli təşəkkür məktubunda Bakıda keçirilən konqresə o vaxta qədər baş tutmuş analoji tədbirlərlə müqayisədə rekord sayda iştirakçının cəlb edildiyi xüsusi vurğulanıb.
Beynəlxalq Astronavtika Akademiyasının prezidenti Stark Draper də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevə ünvanladığı 1973-cü il 6 noyabr tarixli təşəkkür məktubunda Ulu Öndərə Beynəlxalq Astronavtika Akademiyası adından dərin minnətdarlığını ifadə edib.
SSRİ Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən akademik V.Kotelnikov isə Birinci katib Heydər Əliyevə ünvanladığı 1973-cü il 12 noyabr tarixli məktubunda Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinin Beynəlxalq Astronavtika Federasiyası, Beynəlxalq Astronavtika Akademiyası, sovet alimləri və xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Hətta 24-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş geniş süjetli sənədli film – “Kosmonavtlar Bakıda” filmi də çəkilib ki, bu da tədbirin tarixi əhəmiyyətini bir daha təsdiqləyir.


24-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın kosmik tarixində silinməz izlər qoydu
Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinin uğurla başa çatması respublikamızın kosmik sahədəki potensialına olan inamı əhəmiyyətli dərəcədə artırdı. Məhz bu inamdan irəli gələrək Ulu Öndər Heydər Əliyev 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzi – “KASPİ” Elmi Mərkəzinin yaradılması haqqında tarixi qərar qəbul etdi. Sözügedən elmi mərkəzin bazasında 1981-ci ildə Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi (KTEİB) yaradıldı. 1992-ci ildə isə KTEİB-in bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi təsis olundu.
1977-ci ildən etibarən mütəxəssislərimiz 10-dan çox keçmiş sosialist ölkəsini birləşdirən “İnterkosmos” təşkilatının fəaliyyəti çərçivəsində keçirilən beynəlxalq tədbirlərin fəal iştirakçıları olublar. Onlar hazırladıqları cihazların iş qabiliyyətini real təbii şəraitdə uğurla nümayiş etdiriblər. Həmin dövrdən sonra Azərbaycanın kosmik sahədə fəaliyyət dairəsi SSRİ miqyasında daha da genişlənmiş, bir sıra nüfuzlu təşkilatların sifarişi ilə ölkəmizdə müxtəlif təyinatlı məlumat-ölçü sistemləri yaradılaraq istismara verilib. Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanmış rentgen teleskopu 15 il ərzində “Salyut” və “Mir” orbital komplekslərində fəaliyyət göstərmiş, SSRİ dövründə 60-a yaxın elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin yerinə yetirilməsinə mühüm töhfə verib.


Bakı möhtəşəm beynəlxalq tədbirə uğurla ev sahibliyi etdi
Yarım əsr sonra 74-cü Beynəlxalq Astronavtika Konqresi 2023-cü il oktyabrın 2–6-da Bakıda uğurla keçirildi və paytaxtımız daha bir mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etdi.
Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində əldə edilmiş mühüm nailiyyətlər bu konqres çərçivəsində bir daha aydın şəkildə nümayiş olundu. Son illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur formalaşdırılıb, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılıb, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm töhfə verir. Uğurla həyata keçirilən peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin fəal üzvü kimi beynəlxalq kosmik ictimaiyyətdə öz mövqeyini möhkəmləndirib.
Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş zəngin təcrübə, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imici nəticə etibarilə Azərbaycanın 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmasını şərtləndirdi. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə – 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresindən 50 il sonra Azərbaycanın yenidən bu mötəbər tədbirə ev sahibliyi etməsi dərin rəmzi və tarixi məna daşıdı.
Dünya miqyasında ən nüfuzlu tədbirlərdən biri hesab olunan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişlənməsinə, eləcə də qlobal kosmos sənayesinə daha sıx inteqrasiyaya mühüm töhfə verdi.
Azərbaycan kosmik sahədə fəaliyyət göstərən aparıcı qurumlardan – ABŞ-ın “Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi”nin (NASA), Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin (CNES), Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının (ISRO), Yaponiyanın Aerokosmonavtika üzrə Tədqiqat Agentliyinin (JAXA) və digər nüfuzlu qurumların nümayəndələrini, habelə 100-dən artıq ölkəni təmsil edən 6000-dən çox iştirakçını və kosmik sektorun Elon Musk və Ceff Bezos kimi tanınmış simalarını bir araya gətirən qlobal konqresə layiqincə ev sahibliyi etdi.
Elvin Camalov