Dehli Sultanlığı, Babur İmperiyası necə quruldu?
Hindistan dünyanın zəngin mədəniyyəti, sərvəti ilə tanınan, əhalisinin sayı, səhiyyə və hərb sahəsində yeni texnologiyaları ilə öndə olan ölkələrindəndir. Hindistan həm də iki qüdrətli türk imperatorun – Əmir Teymurun və Nadir şah Əfşarın fəthi ilə dünyanı heyrətləndirib. Makedoniyalı İsgəndərin fəth edib, bayraq sancdığı Hindistanda iki qüdrətli dövlət qurmaq isə yalnız türklərin adı ilə bağlı olub. Hindistana Türküstandan gələn, 651 il onun saraylarında sultan olan Teymurlu xanədanın mənsubları iki qüdrətli türk dövlətini məhz dünyanın bu yörəsində qurdular. Dehli Sultanlığını və Babur İmperiyasını quran türklər Hindistanın fəthi ilə təkcə onun maddi və siyasi mühitində imzalarını qoymadılar, iri-iri şəhərlərin, tədris mərkəzlərinin təməlini qoydular, siyasi və dini mənzərəsini dəyişdilər. Onu dinlərin, mədəniyyətlərin, tolerantlığın ünvanına çevirdilər. Mədrəsələr, məqbərələr qurdular. Tac-Mahalı Mümtaz Mahalın eşqinə yapdıran Babur şah bu gün də əbədi sevginin, sonsuz, hüdudları məlum olmayan məhəbbətin beşiyi sayılan Hindistanı Qanq çayının saf suları, sevgisi ilə duruladı.

Tac-Mahal – Dünya adlı seyrəngahın şah əsəri
Dünyanın Corc Vaşinqtonu, Şarl de Qolu, Bonapart Napoleonu, Hindistanın Cəvahirlər Nehrusu, İndira Qandisi var. Yüz illərdir dünya insanı “vur-qır”, “as-kəs” deyəndə, Hollivudu, “dünyanı məhəbbət xilas edəcək” deyəndə isə Bollivud filmlərini seyr edir. Dünya adlı seyrəngahda isə əsl məhəbbətin şah əsəri kimi Dehlinin simgəsi, bəlgəsi səviyyəsinə ucalan Tac-Mahal qəbul edilir.
Avropanın, Amerikanın Parisi, Milanı, Roması, Vyanası, Londonu, Vaşinqtonu, Nyu-Yorku, Şərqin də Misiri, Səmərqəndi, Xarəzmi, Təbrizi, Bakısı, Dehlisi var. Dehlini Tac-Mahalın, Dehli sultanlığının, Babur İmperiyasının döyünən qəlbi hesab edənlər isə onun ruhunu Türküstan qırgəzlərində, Təbriz, İsfahan, Xorasan saraylarında görür, “Biz türklərik, çadırımız göy qübbəsidir”, “Dünya bir yaşıl ağacdır, altı bizimdir” deyirlər. Metenin, Atillanın, Alp Arslanın, Çingiz Xaqanın, Əmir Teymurun, Şah İsmayıl Xətainin, Nadir şah Əfşarın, Ağa Məhəmməd şah Qacarın kölgəsində qılınc sıyırıb yağı üstünə yeridiyi o Qaba ağacın budaqlarıdır, Hindistanda qurduğumuz Dehli Sultanlığı və Babur İmperiyası.
Şərəf Cəlilli