Şərqdə toy mərasimləri sadəcə qədim adət-ənənələr deyil, həm də xalqın mənəvi kodunun, dünyagörüşünün, estetik zövqünün və həyat fəlsəfəsinin təzahürüdür. Azərbaycan və türkmən xalqlarının gündəlik həyatını müşayiət edən çoxsaylı mərasimlər arasında toy xüsusi yer tutur – sevginin, şərəfin və tayfa birliyinin rəmzi kimi. Əsrlər boyu toy yalnız şəxsi hadisə deyil, həm də ictimai bir tədbir olub; nəsilləri birləşdirən və xalqın gözəllik, sədaqət və rifah haqqında milli təsəvvürlərini əks etdirən bir hadisəyə çevrilib.
Bu mərasimlərdə – gündəlik həyatın tarixi, poeziyası və musiqisi öz əksini tapır; burada hər şey dərin məna ilə yüklənmişdir: nişan üzüyündən tutmuş, zurnanın müşayiəti ilə ifa olunan ayin rəqsinə qədər. Toy burada sadəcə bir bayram yox, reallığın adət-ənənə ilə qovuşduğu, adətin sənətə çevrildiyi parlaq bir teatr səhnəsidir.
Məhz buna görə də Azərbaycan və Türkmənistanın toy mərasimlərini araşdırmaq yalnız onların mədəni irsini deyil, həm də ailəni həyatın müqəddəs təməli hesab edən bu xalqların daxili dünyasını anlamağa kömək edir.
Azərbaycan və Türkmənistanda evlilik müqəddəs bir ittifaq sayılırdı – bu, yalnız iki gəncin birləşməsi deyil, bütöv nəsillərin bir araya gəlməsi və minilliklərə dayanan sosial bağların, adətlərin möhkəmlənməsi demək idi.
Azərbaycanlıların və türkmənlərin toy mərasimləri real həyatla xalq mifologiyasının, lirikasının və teatr elementlərinin qovuşduğu çoxqatlı və poetik bir mərasim kompleksidir. Bu xalqlarda toy üç əsas mərhələyə bölünürdü: toydan əvvəlki mərhələ, toy mərhələsi və toydan sonrakı mərhələ. Hər bir mərhələ öz növbəsində mənalı və gözəl onlarca alt mərasimdən ibarət idi.
Hər şey “kiçik elçilik” adlanan mərasimlə başlayırdı. Bu zaman qız evinə iki qadın – oğlanın anası və yaxın qohumu gələrək, qızın ailəsinin bu izdivaca razı olub-olmadığını öyrənərdi. Bundan sonra “nişan” mərasimi baş tutardı – duyğulu bir mərasim idi; burada oğlanın bacısı qızın barmağına üzük taxar, onun çiyinlərinə isə yaylıq örtərdi.
Azərbaycanda və Türkmənistanda nişan mərasimi “adaxlamaq” adlanırdı və bu bəzən elə uşaqlar hələ dünyaya gələn zaman valideynlər tərəfindən razılaşdırılırdı. Bu, qədim türk adətidir və onun haqqında “Kitabi-Dədə Qorqud”, “Tahir və Zöhrə” kimi dastanlarda da bəhs olunur. Beləliklə, oğlan və qızın taleləri bir-birini görməzdən çox əvvəl müəyyənləşdirilə bilərdi.
Gəlindən zəngin cehiz hazırlanardı: əl ilə toxunmuş xalçalar, naxışlı döşək və yorğanlar, mis qab-qacaq, güzgü və daraq – bütün bunlar təmizlik, zəhmətsevərlik və bolluq rəmzi sayılırdı.
Xüsusi mərasimlərdən biri də “qız toyu” idi – yalnız qadınların iştirak etdiyi subaylıqla vidalaşma mərasimi. Bu mərasimdə gəlinə xına qoyulardı – buna “xınayaxdı” deyilirdi. Gəlinin rəfiqələri toy mahnıları oxuyar, bu proses poetik arzular və dualarla müşayiət olunardı.
Köhnə dövrlərdə gəlini bəzədilmiş arabada və ya dəvədə, xüsusi bəzədilmiş kəcavədə bəy evinə aparardılar. Zurna və dəf səsləri, rəqslər və mahnılarla müşayiət olunan bu gediş, gələnin ata ocağını tərk edib, yeni ailəyə ocaq istiliyini simvolik olaraq ötürməsi anlamına gəlirdi.
Toydan bir neçə gün və ya həftə sonra isə “üzə çıxdı” adlanan mərasim keçirilərdi – bu zaman gəlin ilk dəfə olaraq ərinin qohumları qarşısında sərbəst şəkildə görünə bilərdi.
Həm Azərbaycanda, həm də Türkmənistanda toy möhtəşəm bir mədəniyyət nümayişinə çevrilirdi. Bu mərasimlərdə xalq mahnıları — “yar-yar” və “öleň” səslənir, kütləvi rəqslər — “yallı” və “Kuşt-Depti” ifa olunurdu. Maraq üçün qeyd edək ki, “Kuşt-Depti” rəqsi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Bu rəqslər təkcə sevinci deyil, həm də həyatın əbədi dövranını simvolizə edirdi – burada yeni nəsil əcdadların ənənələrini davam etdirir.
Azərbaycan və Türkmənistanın toy adətləri təkcə keçmişin səsləri deyil, əsrləri aşaraq bu günə gəlmiş canlı bir tarix nəfəsidir. Bu mərasimlərdə xalqların ruhu, onların harmoniya duyğusu, ailəyə hörməti və əcdadlara ehtiramı öz əksini tapır. Hər bir ayin – istər xına mərasimi, istər elçilik, istərsə də yallı rəqsi – birlik, sevgi və nəsil davamlılığı kimi dərin rəmzləri daşıyır.
Bu gün, müasirliyin sürətli inkişafına baxmayaraq, bu ritual və adətlərin çoxu sədaqətlə qorunub saxlanılır, çünki onlar keçmişlə bu gün arasında körpü, ənənə ilə yeni həyat arasında bağ rolunu oynayır. Necə ki, əsrlər əvvəl, bu gün də Azərbaycan və Türkmənistan toyları yalnız iki ürəyin bayramı deyil, bütün xalqın bayramı kimi qeyd olunur — burada sevgi və poeziya hələ də uyğun səslərlə səslənməyə davam edir.
Hacı Cavadov