Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/30/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Tomris – qadın qüruru, hökmdar iradəsi

Tomris, Massagetlər, Томирис

Milli dövlətçilik və milli-mənəvi tariximizdə mühüm yer tutan sərkərdə-xaqanların arxasında dağ kimi dayanan, varlığı ilə saraylarını zinətləndirən, “hər bir qüdrətli kişinin arxasında qüdrətli bir qadın ömrü əriyir” kəlamını gerçəyə çevirən sərkərdə-xatunlarımız bütün dünyaya sübut etdilər ki, onlar təkcə ana, ömür-gün yoldaşı deyil, həm də qılıncla qələmin vəhdətində dövlətlər quran qüdrətli simalardır. Baki-baku.az milli dövlətçilik tariximizə adı həkk olunan, min illər bundan öncə Birinci xanım institutunun təməlini qoyan “Lider-xatunlar” layihəsini oxuculara təqdim edir:

Massagetlərin hökmdarı Tomris

Adı tarixə qəhrəmanlıq simvolu kimi həkk olunan, varlığı ilə bütün Şərqin, türk dünyasının və Azərbaycanın qürur duyduğu, Alp Ər Tonqanın qızı, Massagetlər hökmdarı Tomris qüdrətli sərkərdələrimizdən və vətənpərvər xatunlarımızdandır.

Milli dövlətçilik və istiqlal tariximizdə babalarımızın qurduğu Arata, Lulubi, Ruti, Manna, Midiya, Atropatena, Massagetlər kimi iri dövlətlərin mühüm yeri var. Massagetlər dövlətinin geniş əraziyə və təbii sərvətlərə sahib olması düşmənlərinin gözünün daim ona dikil-məsinə səbəb olmuşdu.

Əzəmətli dağların, yaşıl yaylaqların, bol sulu çayların əhatəsində yerləşən bu dövləti özünə tabe etmək və sərvətlərinə sahib çıxmaq üçün yadelli işğalçılar tarixin müxtəlif dönəmlərində onu cəngi-cida meydanına çevirmişlər.

2500 il bundan öncə, Miladdan əvvəl 530-cu ildə təməli qoyulan, Strabonun və Herodotun tarix risalələrində Araz-Massaget hökmranlığı kimi qeyd olunan Massagetlər dövləti və onun hökmdarı müstəqil daxili və xarici siyasət yürüdən dövlət kimi təqdim olunur. Bəzi mənbələr də bu dövlət və onun hökmdarı haqqında “sülhsevər dövlət kimi hamıya dostluq və mehriban qonşuluq münasibətində olan Tomris, başqa münasibət göstərənlərə belə dözümlü yanaşar və ancaq qarşı tərəfin iddiasının dözülməz həddində müharibə elan edər, hər dəfə də qələbə çalardı…” göstərilir.

Əski türkcədə massagetlər terminləri “Mahir ox atanlar, oxçular” kimi səslənirdi. Odur ki, dilçilər Dəmir, Timur, Teymur, eyni zamanda Tomris kəlmələrini dəmir kimi möhkəm, dəyanətli kimi mənalarda izah edirdilər. Bu mənada Massagetlər dövlətinə şərəf gətirən Tomris dəyanətin nümunəsi kimi qəbul edilmişdir. Dövlətin çiçəklənməsi, inkişafı naminə gecə-gündüz zəhmət çəkən, onu abad məmləkətə, ədalətli dövlətə çevirən, saray gəlinindən hökmdara, baş xatuna, Xalq Anasına çevrilən Tomris ömür-gün yoldaşından sonra belə saray qanunlarını sınmağa qoymadı. Qəhrəman və zəhmətsevər massagetlərin ləyaqətli hökmdarı olduğunu sübut etdi. Övladını, ciyərparasını itirsə belə xalqını yadelli işğalçıların hücumundan ağlı və müdrikliyi ilə qorudu. Onun iradəsini sındıra bilməyən İran padşahı II Kir Massagetlər dövlətini ələ keçirməyin ən qısa yolunu Tomrisə eşq elan etməkdə, onu izdivaca razı salmaqda görürdü. Tarixin atası sayılan Herodot bu faktla bağlı qeyd edir: “Bu zaman massagetlərin taxtında ölmüş padşahın dul qadını əyləşmişdi ki, onun adı Tomris idi”.

Dünyaya ağlın, məntiqin gözü ilə baxan, dövlət sevgisini, xalq məhəbbətini cismani sevgidən uca tutan Tomris düşmən elçisini əliboş qaytarır. Yenə Herodota istinad etsək, Azərbaycan qadınının qüdrətini bir daha dərk etmiş olarıq: “Tomris anladı ki, Kir onu deyil, massagetlərin padşahlığını almaq istəyir və ona görə də təklifi rədd etdi…”

Qadın qüruru, hökmdar iradəsi, vətənpərvərlik nümunəsi ilə üz-üzə dayanan II Kir hiyləsinin baş tutmadığını anlayıb, qoşun çəkib massagetlərin sərhədində, Kür-Araz ovalığında, Araz çayının sahillərində dayandı. Adı tarixə qəhrəmanlar, döyüşkənlər, mahir ox atanlar kimi daxil olan massagetləri yenmək məqsədi ilə Araz çayı üzərindən körpülər salınmağa başladı…

Odlar Yurdunun qəhrəman qızı və müdrik sərkərdəsi xəyanətkar qonşusuna, iradəsiz sərkərdəyə, nəfsinə qul olan, özgələrin ərazisinə göz dikən fars hökmdarına xəbər göndərdi:

Tomris, Massagetlər

Ey insan qanı içməkdən doymayan acgöz Kir!

“Ey şah! Gəl tutduğun işdən əl çək, sən nədən bilirsən ki, başladığın bu iş axırda sənin xeyrinə qurtaracaqdır? Bu işləri dayandır, öz adamlarına padşahlıq elə, bizim də öz yerlərimizdə padşahlıq eləməyimizə mane olma. Yox, əgər bu məsləhətə qulaq asmaq və necə olursa-olsun sakit durmaq istəmirsənsə, əksinə, massagetlərlə müharibə üçün sənin də şiddətli bir arzun varsa, buyura bilərsən. Ancaq zəhmət çəkib çayın o tay-bu-tayını birləşdirmə, biz çaydan üç günlük yol qədər uzağa çəkilərik, sən bizim torpağa keç, burada vuruşaq. Yox əgər bizi öz torpağına buraxmağı üstün tutursansa, sən də bizim kimi hərəkət elə, biz gələk orada vuruşaq!”

Bu vüqarlı padşahın önündə növbəti iradəsizlik və hiylə nümayiş etdirən İran şahı qoşun çəkib Araz çayını keçdi. Hiyləgər şah qoşunun vuruşa bilməyən yararsız hissəsini bolluca yemək və içki ilə müharibə meydanın-da qoyub, öz qoşununun döyüşkən hissəsi ilə pusquda durdu. Bir qədər sonra bu hiyləgər plandan xəbəri olmayan Tomrisin oğlu Sparqapisesin qoşununa II Kir öz qoşunu ilə hücum etmiş və onu əsir götürmüşdü. Sparqapises ayıldığı zaman özünü dəmir zəncirə bağlanmış əsir görmüşdü”.

Hadisədən sarsılan, fəqət qəhrəmanlıq dərsini fateh atasından, heç bir döyüşdən məğlub çıxmayan, yarasını torpağı ilə sarıyan Alp Ər Tonqadan alan Tomris düşmənə üçüncü etiraz notasını göndərir:

– “Ey insan qanı içməkdən doymayan acgöz Kir! Üzüm suyunun köməyi ilə qalıb gəlməyinizlə öyünməyin, özünüz üzüm suyu içirsiniz, qudurursunuz, qarnınız çaxırla dolduqca daha da lovğa olursunuz. Özünün çox hiyləgər olduğuna və oğlumu belə bir yolla ələ keçirdiyinə öyünmə, onu döyüş və hərbi şücaətlə ələ keçirməmisən. İndi mənə qulaq as, çünki bu dediklərim sənin xeyrinədir: oğlumu özümə qaytar və qoşunun üçüncü hissəsi ilə etdiyin bu cür həyasız rəftarın cəzasını almadan, bizim ölkədən çıx get, əgər dediklərimə əməl etməsən, Günəşə, massagetlərin hökmdarına and olsun ki, nə qədər doymaz olsan da, mən səni qanla doyduracağam!”

Tomris: “Mən səni döyüşdə məğlub etdim!”

Odlar Yurdunun oduna, işığına asi çıxan, ədalətsiz və qaniçən Kirin inadından dönmədiyini dərk edən sərkərdə ləyaqətli ölümü qul adından uca tutaraq anasının qürurunu, el məhəbbətini şirin canından üstün bilib xəncərini ürəyinin başına sancır.

Şəhid oğlunun qəhrəmanlıq dastanını al qanı ilə yazan Tomris bütün hərbi qüvvəsini səfərbər edib düşmən üzərinə yeriyir. Şiddətli döyüşlərə fərman verir.

İndiyəcən bu tərəflərdə belə döyüşlərin olmadığını qeyd edən Herodot söyləyir: “Əvvəlcə hər iki qoşun uzaq məsafədən bir-birlərinə ox atmışlar, oxlar qurtarınca əlbəyaxa döyüşə keçərək hər iki tərəf qabaqdan qaçmadan bir-birini qılınc və nizə ilə vurmağa başlamışlar. Nəhayət, massagetlər qalib gəlmişlər. II Kirin qoşununun çox hissəsi orada qırılmış, II Kir özü isə öldürülmüşdür…”

Herodotun tarix salnaməsi qadın qüdrətini, massagetlərin torpaq sevgisini və Odlar Yurdunun hərarətini qılıncında yaşadan Tomrisin milli dövlətçilik və vətənpərvərlik tariximizdəki mövqeyini bir daha nümayiş etdirir.

Bu salnamələrə görə tarixin qızıl səhifəsinə övlad və yurd sevgisi ilə yazılmış Tomris döyüş meydanında lovğa və hiyləgər düşmənini mərdliklə yenmiş və onun cəsədini insan qanı ilə dolu tuluğa salaraq kinayə ilə söyləmişdir: “Mən səni döyüşdə məğlub etdim, ancaq sən oğlumu hiylə ilə əlimdən aldın, ürəyimə dağ çəkdin. Mən də dediyim kimi, səni qanla doydururam. İç, istədiyin qədər iç, bəlkə doyasan!..”

Qüdrətli Tomrisin yurd məhəbbəti Babək Xürrəminin vətən sevgisindən cücərdi

İllər, əsrlər ötdü… Odlar Yurdunun bu qəhrəman hökmdarı Tomrisin, Alp Ər Tonqanın varisinin ömür yolu böyük və ulu xalqın qan yaddaşına yazıldı. Xanlar xanı Bayandur xanın qızı, Qazan xanın xatunu Burla xatun 40 incǝbelli qızla Mərə kafirin zindanına düşəndə özünü nişan vermədi. Düşmən onu çökdürmək üçün oğlu Uruzun ətindən qaraqovurma bişirməyi, xatunlara yedirməyi, kim yeməsə onun Burla xatun olacağını tapşıranda: “Başqaları bir yeyəndə, sən beş ye”, deyən Uruzun anası ona “başım baxtı, könlüm taxtı” söyləyən Qazan xanın üzünün ağ yeri oldu…

Beləcə, Azərbaycan qadınının, türk qadınının qəhrəmanlığı və şücaəti Kitabi Dədə Qorqudun qızıl səhifələrinə əbədi həkk olundu.

Qüdrətli Tomrisin, qəhrəman Sparqapisesin yadelli işğalçılara nifrət və yurda məhəbbət hissi sonralar iyirmi il sərasər Xilafət ordusuna qarşı döyüşən Babəkin vətən sevgisində cücərdi. Xəyanət nəticəsində təslim olan Xürrəmilər hərəkatının başçısı, “40 il qul kimi yaşa-maqdansa, bir gün azad yaşamaq şərəflidir” deyərək qolları budananda, qürub edən günəş kimi saralaraq “Azərbaycan, Azərbaycan, Azərbaycan!” söylədi. Bu sevgi həm də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində, Dağlıq Qarabağ münaqişəsi zamanı yurd-yuvasından didərgin düşən, Murovu aşarkən erməni daşnaklarının əlinə düşməmək üçün özünü dərəyə atıb parça-parça edən kəlbəcərli qız-gəlinlərin qeyrətində, ləyaqətində cücərdi!

Şərəf Cəlilli

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Alman bəstələdi, isveçli yazdı, estonlar isə rəsmi etdilər…