XIX əsrin sonu – XX əsrin əvvəlləri Bakı şəhərinin tarixində iqtisadi yüksəliş və memarlıq canlanması ilə yadda qalıb. Neft sənayesinin sürətli inkişafı nəticəsində şəhərdə iri kapital toplanıb, bu da bankçılıq sektorunun genişlənməsinə və yeni maliyyə institutlarının yaranmasına səbəb olub. Məhz bu tarixi dövrdə inşa edilən Tiflis Kommersiya Bankının Bakıdakı binası həmin iqtisadi yüksəlişin və Avropa memarlıq təsirlərinin parlaq nümunələrindən biridir.

Tiflis Kommersiya Bankının nizamnaməsi 21 may 1871-ci ildə Ali Hökmdar tərəfindən təsdiq edilib, bankın fəaliyyətə isə 24 yanvar 1872-ci ildə başlayıb. İdarə Heyəti Tiflisdə yerləşən bankın Bakı, Batumi, İrəvan və Qroznıda şöbələri mövcud idi. Bakının iqtisadi potensialını düzgün qiymətləndirən bank rəhbərliyi 1885-ci ilin sonunda burada filial açmaq qərarına gəlib. “Kaspi” qəzeti həmin ilin sentyabrında bu barədə məlumat verib, dekabr ayında isə bankın İdarə Heyətinin üzvü A.Mantaşev şöbənin təşkili məqsədilə Bakıya gəlib.
Tiflis Kommersiya Bankının Bakı filialı rəsmi olaraq 9 fevral 1886-cı ildə fəaliyyətə başlayıb. İlk illərdə filial Qorçakov küçəsində (indiki H.Z. Tağıyev küçəsi) Tsaturova məxsus evdə yerləşirdi. Müasir tələblərə cavab verən, işıqlı otaqlardan, ayrıca kassa bölməsindən və yanğından mühafizə vasitələrindən ibarət olan bu məkan bank əməliyyatları üçün kifayət qədər əlverişli idi. Bankın çevik fəaliyyəti, artıq formal prosedurların olmaması və personalın nəzakətli münasibəti Bakı tacirləri və sənayeçiləri arasında ona böyük etibar qazandırmışdı.

Lakin XX əsrin əvvəllərində Bakının maliyyə həyatında artan rol bank üçün daha möhtəşəm və funksional binaya ehtiyac yaratdı. Bu məqsədlə 1901-ci ildə Tiflis Kommersiya Bankının Bakı filialı üçün xüsusi bina inşa edildi. Bina Tərlan Əliyarbəyov (keçmiş Milyutinskaya) və Əbdülkərim Əlizadə (keçmiş Baryatinskaya) küçələrinin kəsişməsində, şəhərin mərkəzi və strateji hissəsində yerləşirdi. Bank filialı 1905-ci ilin mart ayında bu binaya köçdü.

Binanın layihəsinin müəllifləri dövrün tanınmış memarları A.N.Kalqin və Q.M.Termikelov olub. Tikili Avropa memarlıq ənənələrinə əsaslanan Bakı moderni üslubunda inşa edilib. Künc mövqedə yerləşməsi binaya güclü şəhərsilüeti qazandıb, onu tarixi mərkəzin həcmi-məkan və planlaşdırma strukturunun aktiv elementinə çevirib. Fasadın plastikliyi, dərim asma tağlar, incə daş oyma ornamentləri və proporsiyaların dəqiqliyi memarların yüksək peşəkarlığını əks etdirir.

Binanın eksteryeri xüsusilə diqqətəlayiqdir. Neft bumu dövrü Bakısına xas olan zəngin dekorativlik burada özünü təmkinli, lakin ifadəli formada göstərir. Bitki motivləri, yumşaq xətli elementlər və fasadın ritmik bölgüsü binaya həm monumental, həm də estetik baxımdan cəlbedici görkəm verir. Bu xüsusiyyətlər onu Bakıda inşa edilmiş möhtəşəm bank binaları sırasında önəmli mövqeyə çıxarır.

Keçmiş Tiflis Kommersiya Bankının binası sonrakı dövrlərdə də müxtəlif funksiyalar daşıyıb, lakin memarlıq keyfiyyətlərini qoruyub saxlayıb. Bu gün bina Bakı Atatürk Mərkəzi kimi fəaliyyət göstərir və ictimai-mədəni həyatın mühüm məkanlarından biri hesab olunur. Tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli sərəncamı ilə bina dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
Beləliklə, Tiflis Kommersiya Bankının Bakıdakı binası yalnız bir maliyyə müəssisəsinin keçmiş iqamətgahı deyil, eyni zamanda neft bumu dövrünün iqtisadi gücünü, Avropa memarlıq təsirlərini və Bakının urbanistik inkişaf mərhələsini özündə birləşdirən dəyərli tarixi-memarlıq irs nümunəsidir.

Xanım Aydın