Teri Foks nə peşəkar idmançı idi, nə də olimpiya medallarının sahibi. Amma o, elə bir iş gördü ki, bunu bəzən çempionlar belə bacarmır — insanlara inam, ümid və ilham bəxş etdi.
Baki-baku.az bu həqiqətən qəhrəmanlıqla dolu həyat hekayəsini xatırlayır.
Teri 1958-ci ildə anadan olmuşdu və fiziki tərbiyə müəllimi olmaq arzusunu yaşayırdı. O, xüsusilə basketbola böyük maraq göstərirdi. 19 yaşında avtomobil qəzasından sonra dizində güclü ağrılar hiss etdi və həkimə müraciət etdi. Diaqnoz dəhşətli idi — osteosarkoma, yəni sümük xərçəngi. Həyatını xilas etmək üçün həkimlər onun sağ ayağını dizdən yuxarı kəsdilər. Sağ qalmaq şansı cəmi 50 faiz idi.
Amma Teri təslim olmadı. Onkoloji xəstəliklərdən əziyyət çəkən digər insanlara kömək etmək istəyi ilə o, xərçənglə bağlı tədqiqatlar üçün ianə toplamaq qərarına gəldi. Bunun üçün Kanadanı bir başdan digər başa — Atlantik okeanından Sakit okeana qədər qaçmağı planlaşdırdı. Bu qaçışa “Ümid marafonu” adını verdi.
Protezin köməyi ilə o, məşqlərə başladı. 1980-ci il aprelin 12-də o, Sent-Con şəhərindən start götürdü. Hər gün o, tam marafon məsafəsi olan 42 kilometr 200 metr qət edirdi. Zaman keçdikcə onun bu cəhdindən xəbərdar olan insanların sayı artırdı və bütün ölkə boyu ianələr toplanırdı.
1980-ci il sentyabrın 1-də, 143-cü günündə Teri qaçışını dayandırmağa məcbur oldu — çünki xəstəlik artıq onun ağciyərlərinə yayılmışdı. Bu vaxta qədər o, 5373 kilometr yol qət etmiş və xərçənglə mübarizə üçün 24 milyon dollar toplaya bilmişdi.
Teri Foks 1981-ci il iyunun 28-də, cəmi 22 yaşında vəfat etdi. Amma onun bu fədakarlığı bir milləti dəyişdirdi və ruhun gücünün hər cür sərhədi aşa biləcəyinə əbədi bir xatırlatmaya çevrildi.
Murad Muxtarov