Azərbaycanda 2026-cı il üzrə dövlət büdcəsindən təhsilə ayrılacaq vəsait açıqlanıb. Maliyyə Nazirliyinin məlumatına görə, gələn il bu sahəyə 4 milyard 985,8 milyon manat xərclənməsi planlaşdırılır.
Baki-baku.az-ın məlumatına görə, bu rəqəm 2025-ci il üçün təsdiqlənmiş proqnoz göstəriciləri ilə müqayisədə təxminən 1 faiz artım deməkdir. Bu isə təhsil sektoruna dövlət dəstəyinin ildən-ilə yüksəldiyini göstərir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, təhsil sahəsi bilavasitə cənab prezidentin diqqətindədir:
“Bu gün deyə bilərik ki, Azərbaycan büdcəsində ən çox maliyyə vəsaiti ayrılan sahələrdən biri təhsildir. Ümumilikdə, təhsilin bizim büdcəmizdə payı 12 faizdir. Bu, az bir rəqəm deyil. Təsəvvür edin ki, bizim büdcəmizdə təhsil 5 milyarda yaxın vəsaitlə təmin olunur və ötən ilin büdcəsi ilə müqayisədə bir faiz artımı da nəzərdə tutulur. Yəni söhbət 48,5 manat milyon vəsaitdən gedir.
Əsas hədəf ondan ibarətdir ki, təhsil sahəsinin maliyyə davamlılığı təmin olunsun. Biz yeni universitetlər yaratmışıq, bura Qarabağ Universiteti də daxildir. Bu gün yeni peşə məktəbləri tikilir. Təxminən 400-ə yaxın məktəb var ki, onlar təmir ediləcək. Universitetlərin maddi-texniki bazası var. Eyni zamanda tələbələrin yüksək səviyyədə təhsili ilə bağlı dövlətin bir sıra planları var”.