Nəşr edilmişdir 05/29/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Taxtlar dağılır, vəfa qalır: Nərimanov və Tağıyev

Nərimanov və Tağıyev, Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov

Bütün həyatını mənsub olduğu millətin cəhalətdən qurtuluşuna, milli mənlik və milli kimlik uğrunda mücadiləsinə həsr edən, “Dövlət qalan, qalan hər şey yalan!” nidası ilə qələm çalan, müəllim, alim, yazıçı-publisist, ictimai-siyasi xadim kimi tarix yaradan Nəriman Nərimanov “Xalqı yaşat ki, dövlət yaşasın!”, – deyib milli məfkurədən milli dövlətçiliyə yol gəldi. O, bir Qarapapaq türkü, Qacarlar sülaləsinin nümayəndəsi idi. Dövlət qurmaq, dövlətə sahib çıxmaq, millətə, məmləkətə təmənnasız xidmətdə bulunmaq onun ərzi-halında idi.
Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Borçalıda Qızılhacılı qəza məktəbini quran Nərimanov Bakıya da məktəb qurmaq üçün gəlmişdi. İlk əlindən tutan isə iki tarixi şəxsiyyət Sultan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyov olmuşdu. Sonra Mahmudbəyovun istəyi ilə millət fədaisi, mesenat Hacı Zeynalabdin Tağıyevlə tanış olmuşdu. Bu tanışlıq əbədi dostluğa, Ustad-şəyird, Mürşid-mürid müqəddəsliyinə çevrilmişdi. Tağıyev Nərimanovu himayəsinə almış, onun ideyalarını dəstəkləmiş, Odessaya Novorossiyski İmperator Universitetində təhsil alması üçün şərait yaratmışdı. Ən əsası inqilabçı ruhuna, Güney Azərbaycanda qurduğu “Mücahid” təşkilatındakı siyasi fəaliyyətinə görə Qafqaz Canişini İllarion İvanoviç Vorontsov-Daşkovun qərarı ilə Metex qalasına salındıqda Tağıyev 6 aylıq həbs müddətindən sonra onun həbsxana həyatının sürgünlə əvəz olunmasına nail olmuş, hətta bunun üçün canişin Vorontsov-Daşkova dörd vaqonlu qatar “hədiyyə” etmişdi. Şamaxı əsilzadələrinə məxsus Gülsüm xanımla ailə quranda toyun məsrəflərini öz üzərinə almış, onlara xeyir-duasını vermişdi.

Öləndə məni Hacı Əbuturabın ayaqları altında dəfn edin. Onun ayaqları bildiyini mənim başım bilmir

Nəriman Nərimanov təbabətdən siyasətə yol gəldi. Müəllimdən müqəddəs sənət, həkimdən uca peşə, millətə, məmləkətə təmənnasız xidmətdən ali vəzifə tanımadı. Bütün dahilər, istedadlı isanlar kimi, sözü imzası, imzası sözü oldu. Əlindən tutanları unutmadı, işverənləri, üzəduranları da bağışlamadı. Kimsəyə hörmətsizlik etmədi, kimsənin də ona hörmətsizlik etməsinə icazə vermədi.
Siyasi fəaliyyəti təlatümlərlə müşayiət olunan Nərimanovun adı quruluşu, rejimi dəyişənlərin sırasına yazıldı. Sosializmin memarlarından biri kimi yeni dünya düzəninə töhfədə bulundu. Kapitalizmin iflası, Cümhuriyyətin devrilməsi, sosializmin təntənəsi ilə müşayiət olunan siyasi hakimiyyəti dövründə simasını itirmədi. Şura hökumətinin, Mərkəzin, Moskvanın təhdidlərinə baxmayaraq komissar Nərimanov əlini millətinin qanına batmaqdan qorudu. Mənəvi terrorun ilk ilində Firudin bəy Köçərlini bolşevik Rusiyasının, Əliheydər Qarayevin, Qəzənfər Musabəyovun fitnəsindən qoruya bilməsə də, Səməd bəy Mehmandarov, Əhməd bəy Peninov, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Üzeyir bəy və adlarını sadalamadığımız yüzlərlə 30-cu illərin qurbanı kimi Nargin adasında güllələnən, Sibir çöllərinə sürgün edilən ziyalının xilaskarına çevrildi. Onların sırasında Tiflisdən Bakıya qədəm qoyarkən əlindən tutan, pedaqoq, ictimai-siyasi xadim Həbib bəy Mahmudbəyovun oğlu Musavat Partiyasının qurucularından biri, Cümhuriyyət zamanı Cəbrayıl qəzasının polis rəisi, Qarabağın hərbi valisi qubernator Xosrov bəy Sultanovun müşaviri Şamil bəy Həbib bəy oğlu Mahmudbəyov da var idi. Nəriman Nərimanov heç bir təhdidə, təzyiqə baxmayaraq Şamil bəyin siyasi keçmişini nəzərə almadan öncə onu Şuşa qəzası İcraiyyə Komitəsinə sədri, sonra Naxçıvanın Daxili İşlər komissarı, daha sonra Naxçıvan İcraiyyə Komitəsinin sədri təyin edir. Bu Nəriman Nərimanov idi. Onun bir türk, azərbaycanlı qeyrəti, ləyaqəti var idi. 22 yaşında Bakıya qədəm qoyarkən ona arxa-dayaq olan, əlindən tutan Həbib bəy Mahmudbəyovun kürəyini yerə vurmaz, kəsdiyi çörəyi basmazdı.
Nəriman Nərimanovun, daha doğrusu komissar Nərimanovun siyasi fəaliyyətinin Bakı dövrü həm də onun kişiliyinin, mərdliyinin, qeyrətinin sınağa çəkildiyi illər idi. Məhz onun sayəsində Şeyxzamanovların, Rəfibəyovların, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Kərbəlayi İsmayılın ailə üzvləri mühacirətdə yerbəyer olmuş, Naxçıvan Milli Şurasının sədri Mirzə Nəsrulla bəy Mmirovun 20-ci illər istintaqı ləğv edilmiş, Əlimərdan bəy Topçubaşovun ona şəxsi müraciətindən sonra ailə üzvləri Parisə təhlükəsiz şəkildə köçə bilmişdi. Nəriman Nərimanov qüdrətli dövlət xadimi, nüfuzlu ictimai-siyasi xadim, əvəzolunmaz, alicənab, eyni zamanda əhdə vəfalı insan idi.
Şura hökuməti gələndə bütün imkanlı insanlar kimi onun da mülklərinə əl qoydu, əmlakını müsadirə etdi. Onu Bolşevik Rusiyasının təhdidlərindən komissar Nərimanovun iradəsi xilas etdi. Bütün həyatını milli-mənəvi dəyərlərin, teatr və mədəniyyətin inkişafına həsr edən, insanların cəhalətdən qurtuluşuna töhfələr verən, milli maarifçiliyin, beşiyinin başında duran Tağıyevin əlində qalan tək və yeganə mülkü, malikanəsi Mərdəkandakı bağ evi oldu. Bu da Nərimanovun diqtəsi, iradəsi sayəsində mümkün olmuşdu.
Deyirlər, Hacı Zeynalabdin Tağıyev Hacı Əbuturabla faytonunda yol gedirmiş, Bakını gözəlləşdirən möhtəşəm tikililərə baxıb sual edir: “Ay Hacı, bu qədər sərvətim ki var, əlimdən çıxa bilər?”, – Hacı Əbuturab köksünü ötürüb cavab verir: “Allah istəsə bir anın içərisində!” Hacının dediyi o müdhiş an gəlir. Şura hökuməti onun bütün sərvətini müsadirə edir. Tək və yeganə mülkünü Nəriman Nərimanov zalımın zülmündən xilas edir. Onu da deyirlər ki, Tağıyevin ömrünün son günləriymiş, yelləncəkli kreslosunda oturub dünyanın yükünü bu başdan o başa daşıyır, yaddaşının ilmələrini çözürmüş. Yadına Hacı Əbuturabın dedikləri düşür: “Öləndə məni Hacı Əbuturabın ayaqları altında dəfn edin, onun ayaqları bildiyini mənim başım bilmir”, – deyir.
Mərdəkan məzarlığında bir cüt ibrətlik məzar var: Hacı Əbuturabın, bir də Hacı Zeynalabdin Tağıyevin. Bu ibrətlik məzarlar sübut edir ki, dünya malına düşkün olub tikib-qurduqlarınıza güvənməyin. Tikdiyiniz saraylar sizin olmasa da, sarayında taxt qurduğunuz könüllər əbədi, diri, dipdiridi.
Hacı Zeynalabdin Tağıyev Nərimanovun əlindən tutanda, onun əl-ətəyə, qayğıya ehtiyacı var idi. Quruluş, zaman Tağıyevin üzərinə yeriyəndə isə onu Nərimanova.
Tağıyev Nərimanova yardımda bulunanda kimə, niyə, nə üçün etdiyini düşünmürdü. Nərimanova qədər də, ondan sonra da əldən tutmuşdu. Nərimanov Tağıyevi nədən müdafiə etdiyini yaxşı bilirdi. O həm Millətin Atasının, həm də Ruhunun Atasının olduğu yerdə idi. Dünyanı gözəl edən də, belə özəl və gözəl duyğular, sevgilərdi.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2025-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 12,8 milyard manat təşkil edib.

Ən son

GÜNDƏM

Bəzi binalar var ki, onlar təkcə memarlıq deyil, milli yaddaşın daşlaşmış obrazına çevrilir.

GÜNDƏM

Bəzi binalar var ki, onlar təkcə memarlıq deyil, milli yaddaşın daşlaşmış obrazına çevrilir.