Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/20/2026

Paylaşın

TARİXİMİZ

Tatar Süvari Alayı – Cəbhələrdən cümhuriyyətə uzanan şərəf yolu

Tatar Süvari Alayı

I Dünya müharibəsinin gurultusu Qafqaza çatanda heç kim təsəvvür etmirdi ki, azərbaycanlı könüllülərdən ibarət bir süvari alayı həm imperiya ordusunda, həm də sonradan milli dövlətin qurulmasında mühüm rol oynayacaq. Tarixə Tatar süvari alayı adı ilə düşən bu hərbi hissə, əslində, Yelizavetpol (Gəncə), Bakı quberniyaları və Borçalı mahalından olan Azərbaycan türklərinin döyüş birliyi idi.

Bu alay əvvəlcə Qafqaz Yerli Süvari Diviziyasınin – xalq arasında məşhur adı ilə “Vəhşi diviziya”nın tərkibində yaradıldı. Lakin onun yolu yalnız imperiya cəbhələri ilə məhdudlaşmadı; sonradan Müsəlman Korpusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun əsas süvari dayaqlarından birinə çevrildi.

Tatar Süvari Alayı

Könüllülərin Alayı

1914-cü ilin iyulunda müharibə başlayanda Qafqaz müsəlmanları məcburi hərbi xidmətə çağırılmırdı. Buna baxmayaraq, Qafqazın canişini qraf İlarion Vorontsov-Daşkov imperator II Nikolaya müraciət edərək Qafqaz xalqlarından könüllü süvari hissələri yaradılmasını təklif etdi. Çarın razılığı ilə 1914-cü il iyulun 27-də alayların təşkili barədə əmr verildi.

Azərbaycanlılardan ibarət Tatar süvari alayına könüllü axını gözləniləndən də böyük oldu. Avqustun sonuna qədər 2 mindən artıq müsəlman yazılmışdı. Halbuki ştat üzrə cəmi 400 atlı tələb olunurdu. Bu, həm döyüş ruhunun, həm də atçılıq ənənəsinin canlı göstəricisi idi.

Diviziyanın ilk komandiri çarın qardaşı, general-mayor Mixail Aleksandroviç Romanov idi. Azərbaycanlı alay isə çeçen alayı ilə birlikdə 2-ci briqadada xidmət edirdi.

Tatar Süvari Alayı

Qalisiya və Karpatlarda

1914-cü ilin payızından etibarən alay Ukrayna və Qalisiya istiqamətində döyüşlərə atıldı. Noyabr ayında diviziya general-leytenant Hüseyn xan Naxçıvanskinin 2-ci Kavaleriya korpusuna birləşdirildi.

Sambor, Sana çayı sahilləri, Karpat dağ keçidləri – bu adlar Tatar alayının döyüş salnaməsinə qanlı səhifələr kimi yazıldı. 1915-ci ilin fevralında Brin kəndi uğrunda döyüş xüsusi yadda qaldı. Əlbəyaxa qarşıdurma nəticəsində kənd düşməndən alındı. Alayın komandiri göstərdiyi şücaətə görə Müqəddəs Georgi ordeni ilə təltif edildi və məktubunda azərbaycanlı atlıların mərdliyini xüsusi vurğuladı.

Tatar Süvari Alayı

Süvari hücumlarının əfsanəsi

Alayın zabitləri arasında şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar seçilirdi. Brin döyüşündə o, ağır pulemyot atəşi altında süvariləri hücuma qaldıraraq geri çəkilən hissəni toparlamış və yaşayış məntəqəsinin alınmasına nail olmuşdu. Sonralar briqada komandiri və general-mayor oldu.

1916-cı ildə polkovnik Fyodor Bekoviç-Çerkasskinin rəhbərliyi ilə Tışkovtsı kəndi uğrunda hücum isə alayın süvari cəsarətinin zirvəsi sayılır. 300 azərbaycanlı atlı açıq sahədə güclü atəş altında hücuma keçərək kəndi ələ keçirmişdi. Döyüş nəticəsində yüzlərlə əsir götürülmüşdü.

Georgi Xaçı və “Bizə yigiti verin”

Tatar alayı diviziyada ilk dəfə komandirinə Georgi xaçı qazandıran hissə oldu. Onlarla azərbaycanlı döyüşçü müxtəlif dərəcəli Georgi xaçları və medallarla təltif edildi.

Lakin maraqlı bir detal var idi. Müqəddəs Georgi xristianlığa aid əfsanəvi şəxsiyyət sayıldığından qeyri-xristianlara təltif nişanı verilərkən üzərində Rusiya gerbinin əsas elementi – ikibaşlı qartal olan nişan verilirdi. Maraqlıdır ki, bu müsəlman süvariləri arasında narazılıqla qarşılanırdı. Təsvirin mahiyyətinə varmadan bir çox sıravilər, “Bizə quş vermə, istəmirik, bizə yigiti ver” deməklə məhz süvari təsviri olan nişan tələb edirdilər. Bu səbəbdən “Hərbi ordenin fərqlənmə nişanı”nın üzərində sadə təsvir olan yeni forması təsis edilmişdi. Eyni zamanda da bu hadisə həm dini kimliyin, həm də süvari qürurunun simvoluna çevrilmişdi.

Tatar Süvari Alayı

İmperiyadan cümhuriyyətə

1917-ci il inqilabından sonra diviziya Qafqaza qaytarıldı. Çox keçmədən general-leytenant Əli Ağa Şıxlinskinin rəhbərliyi ilə yaradılan Müsəlman korpusuna daxil edildi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra alay artıq milli ordunun tərkibində fəaliyyət göstərirdi. Qafqaz İslam Ordusu ilə birlikdə Bakı yürüşündə iştirak etdi, daha sonra Qarabağda erməni silahlı üsyanlarının yatırılmasında döyüşdü.

Beləliklə, Tatar süvari alayı imperiya ordusunun tərkibində başladığı yolu milli dövlətin müdafiəçisi kimi davam etdirdi.

Son döyüş…

1920-ci ilin aprelində bolşevik işğalından sonra Azərbaycan Ordusu formal olaraq Azərbaycan Qızıl Ordusu adlandırıldı və XI Qızıl Ordunun tabeliyinə verildi. Lakin milli zabitlər və əsgərlər yeni rejimi qəbul etmədi.

Qarabağ üsyanında alayın 250 nəfərlik hissəsi iştirak etdi. 2 iyun 1920-ci ildə Azərbaycan ordusu tamamilə buraxıldı. Bununla da Tatar süvari alayının hərbi yolu başa çatdı.

Tarixdə qalan iz

Tatar süvari alayı sadəcə bir hərbi hissə deyildi. O, azərbaycanlıların peşəkar süvari ənənəsini sübut etdi, milli zabit korpusunun formalaşmasına zəmin yaratdı, Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun əsas dayaqlarından biri oldu, Qarabağ və Bakı uğrunda mübarizədə iştirak etdi.

Bu alay Azərbaycan hərb tarixində at belində yazılmış şərəf salnaməsidir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 AZN müəyyən edilib.

Ən son

GÜNDƏM

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yol infrastrukturu ilə bağlı yaranmış problem öz həllini tapıb.

GÜNDƏM

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yol infrastrukturu ilə bağlı yaranmış problem öz həllini tapıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin