Nəşr edilmişdir 12/17/2024

Paylaşın

TARİX

Qarğıdalı, portret və… dil

İmam Mustafayev, qarğıdalı, Muxitdinov, Xruşşov

Sovetlər Birliyinin keçmiş başçılarından Nikita Sergeyeviç Xruşşovun adı onu xatırlayan insanların çöhrəsində indinin özündə də təbəssümqarışıq qəribə bir ifadə yaradır. Bunun müxtəlif səbəbləri var. Amma vaxtilə nəhəng bir ölkənin başçısı olan bu insanla bağlı ən yaddaqalan hadisə, heç şübhəsiz, “qarğıdalının inkişaf etdirilməsi” məsələsi olub. Xruşşov bu işə o qədər aludə olmuşdu ki, hətta kənd təsərrüfatı sahəsində çalışan tanınmış alimlərin obyektiv məsləhətlərini və fikirlərini belə dinləmək istəmirdi. İş o yerə gəlib çatmışdı ki, qarğıdalının daha çox əkilib-becərildiyi Rumıniyada səfərdə olarkən Xruşşov ölkədə nə qədər məhsul əldə edildiyini öyrənib demişdi: “Siz qarğıdalı becərməyi bacarmırsınız. Gəlin bizdən öyrənin!”

Təbii ki, SSRİ başçısının bu bəyanatı təəccüb doğurmuşdu. Amma kim cürət edib Xruşşova səhv yola düşüb yanlış düşündüyünü deyə bilərdi? Düzdür, qarğıdalının bitkiçilik və heyvandarlıq sahələrindəki xeyri danılmaz olduğu kimi, bu bitkinin özünəməxsus xüsusiyyətləri də göz qabağında idi. Məsələn, qarğıdalı daha çox dağlıq ərazilərdə bol məhsul verib, suyu digər bitkilərə nisbətən daha çox qəbul edirdi. Amma Xruşşov bu bitkinin aran və quraqlıq ərazilərdə də əkilməsini tələb edirdi. Bu baxımdan Ukraynanın mühitinə görə taxılçılıq üçün misilsiz əhəmiyyətə malik olan ərazisi var. Burada və Qazaxıstanda əkilən buğdanın və ondan hazırlanan un və çörək məlumatlarının keyfiyyətinə də söz ola bilməzdi. Buna baxmayaraq, Xruşşov taxılçılığın əkilmə faizini azaldıb qarğıdalını inkişaf etdirməyin faydalı olacağını tez-tez vurğulayırdı: “Heç bilirsiniz, qarğıdalı yeyən çoşkalar  necə tez kökəlib ətə-qana gəlirlər? Hələ ətlərinin dadını demirəm. Yoldaşlar, biz sovet ölkəsi vətəndaşlarının rifahı naminə bu işi sürətləndirməliyik”.

Onun düşünülməmiş çıxışına etiraz edən Timirzayev adına Kənd Təsərrüfatı Akademiyasının elm xadimləri çıxışlarında Sovet İttifaqı  Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibinin qarğıdalı əkininin ümumvüsətləşdirilməsi fikrinə qarşı çıxdılar. Elm xadimlərinin etiraz səsini ucaltmaları Xruşşovu özündən çıxarmışdı. O, alimlərin razılaşmadığını görüb Kənd Təsərrüfatı Akademiyasını istehsalata yaxınlaşdırmaq bəhanəsi ilə Kursk vilayətinə köçürülməsi üçün göstərişlər verdi. Bu vaxt o, əlinin altında saxladığı və tez-tez yuxarı qaldırıb göstərdiyi qarğıdalını narazı elm xadimlərinə tərəf tolazlayıb deyirdi: “Kurska sürgünə göndəriləndə ağlınız başınıza gələr! Akademiya Moskvadan Kurska köçürülməlidir, vəssalam!”

Hamı heyrət içərisində rəhbərin daha nə deyəcəyini gözləyirdi. O isə tez-tez tərləyən tüksüz başını silib öz-özünə deyinirdi: “Mən sizə göstərərəm qarğıdalıya əks getməyin nə demək olduğunu!”

Təbii ki, heç kim baş katibə qarşı çıxmağa cürət etmədi və əmri yerinə yetirməkdən ötrü rəsmi sənədlərin hazırlanması işinə başlandı. Beləliklə də SSRİ məkanında qarğıdalının kütləviləşməsi prosesi vüsət aldı. Hətta bununla bağlı digər respublikalarda da növbədənkənar qurultaylar çağırıldı, o cümlədən, Azərbaycan Sovet Sosialist Respublikasında da…

1959-cu ilin 8 yanvarında Bakıda Azərbaycan Kommunist Partiyasının növbədənkənar XXIII qurultayı çağırıldı. Qurultayda Azərbaycan KP MK-nın 1-ci katibi İmam Mustafayev respublikanın bütün sahələrində aparılan işlərdən danışdı. Söhbət qarğıdalının əkilməsi, becərilməsi və məhsulun artım faizinin üstünə gələndə o bu sahəyə xüsusi diqqət ayırdı: “Yoldaşlar, respublikamızda dənli bitkilərin əkilməsində qarğıdalı böyük yer tutur. Son illərdə kolxoz və sovxozlar qarğıdalı əkin sahəsini artırmış və qarğıdalının məhsuldarlığı bir qədər yüksəlmişdir.

1953-cü ildə respublikamızda 10,5 min hektar sahədə qarğıdalı əkildiyi halda, 1958-ci ildə 109 min hektar sahədə qarğıdalı əkilmişdir. Bu cəhətdən Zaqatala, Balakən, Qax, Lənkəran, Şəki, Oğuz və Qəbələ rayonlarının gördükləri müsbət işi xüsusilə qeyd etmək lazımdır.

Biz heyvandarlıq sahəsindəki geriliyi ancaq qarğıdalının köməkliyi sayəsində aradan qaldıra bilərik. Qax, Şəki, Lənkəran, Balakən, Zaqatala, Oğuz və Qəbələ rayonları qarğıdalının əkilməsi və inkişaf etdirilməsi üçün ən münasib şəraitli rayonlardır. Bu baxımdan, qarğıdalı bitkisinin əleyhinə hər cür fitnəkar boşboğazlıq qəti pislənilməlidir.

1-ci katibi  çıxışı gurultulu alqışlarla qarşılandı. Digər respublikalarda da partiyanın növbədənkənar qurultaylarının keçirilməsindən iyirmi gün sonra, 1959-cu ilin 28 yanvarında Sovet İttifaqı Kommunist Partiyasının növbədənkənar XXI qurultayı çağırıldı. Sovet respublikaları rəhbərlərinin hesabat məruzələri dinlənildikdən sonra Nikita Sergeyeviç Xruşşov yekun çıxışında  ritorik bir sualla zalda toplaşanlara müraciət etdi:

– Necə yəni qarğıdalı yalnız dağlıq ərazilərdə əkilməlidir? Onu hər yerdə əkib becərmək lazımdır. Bizə buğda yox, qarğıdalı lazımdır, qarğıdalı!

Öz növbəsində İmam Mustafayev bu bəyanata etirazını bildirməli oldu:

– 400 min hektar sahədə qarğıdalı əkmək mümkün iş deyil. Bu iş qarğıdalının inkişafı üçün uyğun şəraiti olan rayonlarda həyata keçirilməlidir. Axı biz üzümçülüyü, taxılçılığı və pampıqçılığı ləğv edə bilmərik. Mən adi siyasi rəhbər deyiləm, həm də kənd təsərrüfatı sahəsi üzrə ixtisaslı alim və akademikəm. Buna görə də belə işə yol verə bilmərəm!

İmam Mustafayev, qarğıdalı, Muxitdinov, Xruşşov

Xruşşov olmayan qaşlarını çatıb dedi:

– Siz partiyanın qərarlarına qarşı olduğunuzun  fərqindəsinizmi? Niyə axı Gürcüstan və Ermənistan partiyanın tapşırıqlarını layiqincə yerinə yetirə bilir, Azərbaycan isə yox? Yaxşı-yaxşı düşünün!

Mustafayev soyuqqanlılıqla cavab verdi:

– Ermənistan və Gürcüstan iqlim şəraiti qarğıdalı əkməyə tamamilə imkan verir. Azərbaycanda isə yalnız Gürcüstana yaxın olan dağlıq ərazilərdə qarğıdalı bitkisi yüksək məhsul verir. Biz bu işi aran rayonlarında görə bilmərik! Sabah işin nəticəsi olmayanda məsuliyyəti üzərinə kim götürəcək? Biz ən uzağı 150 min hektar sahədə qarğıdalı əkib-becərə bilərik. Bundan artığı isə mümkün deyil!

O, çıxışını bitirib yerinə keçəndə zaldakıların təəccüb və qorxudan səsi batmışdı. İndiyədək MK katiblərindən heç biri cürət edib baş katibə cavab qaytarmamışdı. Tənəffüsdə Mustafayevə yaxınlaşıb Xruşşovdan üzr istəməsini tövsiyə edənlər də az olmadı. Lakin Mustafayev nəinki üzr istədi, heç öz dediyindən də dönmədi.

Qurultay başa çatdıqdan sonra Bakıya dönən Azərbaycanın 1-ci katibi özünü baş verəcək bütün vəziyyətlərə hazırladı. Kremldəki bu dialoqdan xəbər tutan Bakıdakı narazıların saysız-hesabsız şikayət məktubları dərhal Moskvaya üz tutdu. Atalar demiş: “Yıxılanı təpikləyən çox olar”. İmam Mustafayevin yerinə Bakıda kimin təyin ediləcəyi haqqında gizlin müzakirələr artıq aparılmağa başlanmışdı. Nəhayət, Moskva qərarını verdi: “Vəzifəsi zamanı buraxdığı səhvlərə görə İmam Mustafayevin fəaliyyəti yerindəcə yoxlanılıb, şikayət məktublarının sahibləri dinlənilsin və bu haqda şəxsən Xruşşov yoldaşa məruzə edilsin”. Komissiyaya rəhbərlik isə bir vaxtlar Qazaxıstanın 1-ci katibi vəzifəsində çalışan yoldaş Muxitdonova tapşırıldı.

Əlində 42 nəfərlik şikayətçi məktubunun siyahısı ilə Bakıya gəlin yoldaş Muxitdinov birbaşa İmam Mustafayevin qəbul otağına gəlib 1-ci katibin başının üstündə Leninin deyil, Nəriman Nərimanovun portretini görüb soruşdu: “Leninə çox az oxşayır… Bu kimin portretidir?”

Əslində, özünü bixəbər kimi aparan Muxitdinovun birbaşa bu otağa gəlib portretlə bağlı sual verməsi təsadüfi deyildi. Şikayət məktublarının birində yazılırdı: “İmam Mustafayev nəinki yoldaş Xruşşova qarşı çıxır, həm proletariatın dahi rəhbəri Lenini qəbul etmir. O, qəbul otağında Vladimir İliç Lenin deyil, Nəriman Nərimanovun portretini asmışdır. Qarğıdalının inkişaf etdirilməsinə qarşı çıxaraq Mərkəzi Komitənin binasının qarşısında isə qarğıdalı deyil, pambıq əkdirib. Bu adam belə bir əqidə ilə partiya rəhbəri ola bilməz! Xahiş edirik komissiya göndərib, məsələni yerindəcə yoxlayasınız”.

Amma Muxitdinovun sualı İmam Mustafayevi qətiyyən çaşdırmadı və o, sakitcə cavab verdi: “Bu, Vladimir İliç Leninin yaxın silahdaşı və dostu Nəriman Nərimanovun portretidir”.

Yoldaş Muxitdinov heç nə cavab verməyib Kremlə şikayət edən məktub sahiblərini qəbuluna çağırtdırdı. Lakin şikayətçilərin əksəriyyətinin söylədiyi özünü doğrultmadı. Təkcə qarğıdalı məsələsinə görə isə İmam Mustafayevi işdən azad etmək olmazdı. Bəs nə etsinlər? Bax onda sapı özümüzdən olan “baltalar”ın məsləhətləri bu işlə məşğul olanların karlarına gəldi. Yoldaş Muxitdinova 1958-ci ildə Ali Sovetin sədri vəzifəsindən azad edilmiş Mirzə İbrahimovun ideyasına İmam Mustafayevin xeyir-dua verməsi əhvalatını danışdılar. “Yaxşı arqumentdir” – deyən Muxitdinov qarşısındakı ağ vərəqdə qeydlər etdi: “Qarğıdalı, portret və dil”.

İmam Mustafayev, qarğıdalı, Muxitdinov, Xruşşov

Həmin məsələdə isə belə olmuşdu. 1958-ci ildə Ali Sovetin sədri vəzifəsində çalışan yazıçı Mirzə İbrahimov bir gün İmam Mustafayevə dövlət telefonu ilə zəng edib demişdi: “İmam müəllim, istəyirəm ki, Azərbaycanda dövlət dilinin Azərbaycan dili olması haqqında layihə hazırlayıb müzakirəyə verək”.

Onda Mustafayev cavab vermişdi ki, əgər uyğun bilirsinizsə, yaxşı ideyadır.

O vaxt bu işin üstün cəhətlərini göstərmək üçün Mirzə İbrahimov mətbuatda çıxışlar etdi. Hətta belə çıxışlardan olan “Azərbaycan pioneri” qəzetində uşaqlara etdiyi müraciət böyük qalmaqala səbəb oldu. Nəticədə Mirzə İbrahimovu qanun layihəsi həyata keçirilmədən tutduğu vəzifədən kənarlaşdırdılar.

Bu söhbətin şahidi olanlardan biri yada salır:

– Yazıçıya “Mişa Əjdəroviç”, – deyə müraciət etdiyimdə, o çox hirslənib “Mən Mişa Əjdəroviç yox, Mirzə İbrahimovam”, – demişdi. Sonra orada-burada dövlət dilinin milliləşdirilməsi vaxtının çatdığını söyləyib təbliğat aparırdı. Bu işdə də İmam Mustafayev onu həmişə dəstəkləyirdi.

Onda isə yoldaş Muxitdinov İmam Mustafayevin əleyhinə yetərincə material toplayıb Moskvaya qayıtdı.

Az sonra İmam Mustafayevi tutduğu vəzifədən azad etdilər və o, elmi fəaliyyəti ilə məşğul olmağa başladı. Həmin vəzifəyə isə Vəli Axundovu təyin etdilər.

Beləliklə, 1964-cü ilədək Azərbaycanda qarğıdalının inkişaf etdirilməsi işi sürətlənmiş, lakin quraqlıqda əkilən sahələrdən məhsul götürmək mümkün olmamışdı. Nikita Sergeyeviç Xruşşovun kənd təsərrüfatı sahəsindəki fundamental ideyaları isə işi o yerə gətirib çıxarmışdı ki, əhaliyə çörək “kartoçkaları”nın paylanması məsələsi gündəmə gəlmişdi.

Belə təhlükə ilə üz-üzə qalan respublikalarda isə təxminən 1965-ci ildən sonra müxtəlif əkin və meyvə sahələri iqlim şəraitinə uyğun olaraq yenidən bərpa edilməyə başlanmışdı.

M.Mirzəyev / El jurnalı

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır.Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində dekabrın 22-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-Baku.az xəbər verir ki, bu barədə

GÜNDƏM

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Füzuli küçəsində avtobus

GÜNDƏM

Günəşdə iki güclü partlayış baş verib.Baki-Baku.az bu barədə TASS-a istinadən xəbər verir.Rusiya Tətbiqi Geofizika İnstitutundan