Şuşa yenə bayram içində idi. Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi Vaqif Poeziya Günləri şəhəri yenidən sözün, musiqinin və sənətin paytaxtına çevirmişdi. Küçələrdə şeir səslənir, meydanlarda muğam nəfəs alırdı. Çünki poeziya ilə musiqi necə bir-birindən ayrılmazdırsa, onların ruhu da Şuşadan ayrı təsəvvür olunmur. Bu şəhərin adı çəkiləndə Molla Pənah Vaqifin sözü, Bülbülün səsi, Sadıqcanın tarı eyni anda yada düşür. Küçələr də, yollar da, pəncərələr də, işıq lampaları da yeni həyatdan xəbər verir. Və bu küçələrdən biri bu gün yenidən öz sahibini qarşılayan Sadıqcan küçəsidir.

Burada, Merdinli məhəlləsinin qədim daşları arasında bir ev var. XIX əsrdən bu günə qədər zamanın sınağından keçmiş, işğal illərində susmağa məcbur edilmiş, indi isə yenidən nəfəs alan bir ev. Bu, Azərbaycan tarını dəyişən, ona yeni ömür bəxş edən dahi sənətkar Mirzə Əsəd oğlu Sadığın – Sadıqcanın evidir.
Bu il iyulun 11-də Prezident İlham Əliyevin iştirakı ilə bərpadan sonra istifadəyə verilən ev-muzey gözəl bir memarlıq abidəsi olmaqla yanaşı, həm də Azərbaycan musiqisinin yaddaşının yenidən həyata qayıdışıdır.

Evin qarşısında dayananda ilk baxış elə pəncərələrə ilişir. Mavi rəngə boyanmış tağlı pəncərələr sanki illərlə həsrətində olduqları azad səmaya baxır. O mavi rəng adi boya deyil. Sanki Şuşanın təmiz havası, yay səmasının sonsuzluğu və azadlığın özü həmin çərçivələrdə yaşayır. Günəş işığı divarlara toxunduqca bina bir muzeydən çox, uzun ayrılıqdan sonra doğma evinə qayıdan insanı xatırladır.
Vaxtilə bu evdə musiqi doğulurdu. Tarın simləri danışır, muğam otaqlara yayılırdı. Sonra isə işğal gəldi…
Uzun illər baxımsız qalan bina ağır dağıntılara məruz qaldı. Dam örtüyü uçdu, döşəmələr dağıldı, daş hörgülər aşındı, memarlıq elementləri zədələndi, bütün mühəndis-kommunikasiya sistemi yararsız hala düşdü. Bir vaxtlar musiqinin yaşadığı otaqlarda yalnız sükut hökm sürürdü.

Amma Şuşanın taleyi kimi bu evin də taleyi dəyişdi.
Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı sərəncamla Sadıqcanın evinin layihələndirilməsi və bərpasına başlanıldı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə binaya baxdılar, daha sonra layihə konsepsiyası ilə tanış oldular. 2024-cü ildə bərpa işlərinə start verildi və bu il qədim tikili yenidən öz əvvəlki görkəmini aldı.

Zirzəmi və iki mərtəbədən ibarət olan ev bu gün həm muzey, həm də musiqinin yaşadığı məkandır. Burada Sadıqcanın həyat və yaradıcılığına həsr olunmuş ekspozisiyalar, muğam otağı, konsert zalı, musiqi alətləri emalatxanası, suvenir mağazası, kafe və ziyarətçilər üçün digər məkanlar yaradılıb.
Binanın memarlığı da xüsusi diqqət çəkir. Sivri tağlı pəncərələr, iri daşlarla işlənmiş giriş qapısı, Qarabağ memarlığına məxsus zərif detallar bu evi XIX əsr Şuşasının ruhunu yaşadan bir sənət nümunəsinə çevirir.

Həyətdə yerləşən “Əbədiyyətin səsi” kompozisiyası isə insanı bir anlıq dayanmağa məcbur edir. Əməkdar rəssam Rəşad Mehdiyevin müəllifi olduğu bu əsərdə tarın simlərindən boy atan ağac təsvir olunub. Sanki musiqi torpağın bağrından cücərir, kökləri tarixə uzanır, budaqları isə gələcəyə. Burada tar milli yaddaşdır, kimlikdir, Şuşanın əsrlər boyu qoruyub saxladığı ruhdur.
Bu evin sahibi isə Azərbaycan musiqisinin taleyini dəyişən insanlardan biri idi.
1846-cı ildə Şuşada dünyaya gələn Mirzə Əsəd oğlu Sadıq – Sadıqcan hələ sağlığında “Qafqazın birinci tarzəni” adlandırılırdı. O, Azərbaycan tarını tamamilə yeni mərhələyə çıxardı. Əvvəllər beş simli olan tarı təkmilləşdirərək simlərin sayını on birə çatdırdı, alətin quruluşunu dəyişdi, onu diz üstündən sinəyə qaldırdı və ifa imkanlarını misilsiz dərəcədə genişləndirdi. Məhz onun yeniliklərindən sonra tar solo konsert aləti kimi yeni həyat qazandı.

Sadıqcan həm də Azərbaycan muğam məktəbinin inkişafında əvəzsiz rol oynadı, “Mahur-Hindi”, “Orta Mahur”, “Zabul Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Yetim Segah” kimi muğamların formalaşmasına mühüm töhfələr verdi, böyük tarzənlər nəslini yetişdirdi. Qurban Pirimov, Məşədi Cəmil Əmirov və bir çox sənətkarlar onun məktəbinin davamçıları oldular.
Bu gün həmin sənətkarın evi yenidən qapılarını açır.

Şuşada gəzərkən bir həqiqəti daha dərindən hiss edirsən: burada bərpa olunan yalnız daş divarlar deyil. Burada xatirələr dirçəlir, səslər geri qayıdır, tarix yenidən nəfəs alır.
Sadıqcanın evindən çıxarkən insanın qulağında heç bir musiqi səslənməsə də, nədənsə elə bilir ki, uzaqlardan tarın kövrək səsi gəlir. Bəlkə də bu, Şuşanın öz səsidir. Uzun illərin sükutundan sonra yenidən danışmağa başlayan şəhərin…

Xanım Aydın