Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/06/2025

Paylaşın

TARİX, TARIXI ŞƏXSİYYƏTLƏR

Tanrısı gözəllik, sevdası Turan, nisgili Azərbaycan şair – Hüseyn Cavid

Hüseyn Cavid

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin hər iki mərhələsi milli mənlik, milli kimlik uğrunda mücadilə, yaddaşa qayıdış ideologiyası ilə bağlı çoxsaylı fərman və sərəncamlarla müşayiət olunur. Onun 1972 və 1982-ci illərdə Mərkəzi Komitənin adından aldığı iki qərar Sovet İttifaqının üstünə yerimək, gəmidə oturub gəmiçi ilə savaşmaq deməkdi. İlk qərar Nəriman Nərimanovun Bakıda , Azərbaycanın qatili Sergey Mironoviç Kirovun abidəsinin ucaldıldığı ərazidə, elə onun əzəmətində ucaldılaması ilə bağlı idi. Digər qərar isə daha dəhşətli idi. Ulu Öndər 1982-ci ildə yenidən Bolşevik Rusiyasının üstünə yerimiş Hüseyn Cavidin nəşini Sibir çöllərindən Bakıya gətirmiş, Naxçıvanda ata yurdunda torpaq müqəddəsliyinə qovuşdurmuşdu.

Siyasi hakimiyyətinin ikinci mərhələsində aldığı 5 tarixi qərar isə onun qüdrətli Sərkərdə-Xaqan əzəmətini dünyaya yenidən sübut etmişdi. Böyük Qayıdışından sonra “Atəşkəs” müqaviləsinə imza atıb mənsub olduğu millətin genefondunun xilaskarına çevrilən Ulu Öndər, “ Əsrin müqaviləsi” ilə Müasir Azərbaycanın Memarına çevrilib Tarixi Zəfərin Vizit kartına döndü. Ulu Öndərin Zərifə xanım Əliyevanın nəşinin Moskvadan Bakıya köçürülməsi, Fəxri Xiyabanda atasının, qüdrətli dövlət xadimi, polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyevin yanında torpağa verilməsi ilə bağlı aldığı qərar isə ailəni dövlətin mikromodeli hesab edən millətin yaddaşına verdiyi dəyər idi.

Ulu Öndərin Şəhid analarının gözyaşının, al-qanı ilə tarix yazan Şəhidlərin sonsuz Vətən sevgisinin adına Şəhidlər xiyabanında ucaldılan Əbədi Məşəl abidəsi, eyni zamanda Naxçıvanda Hüseyn Cavid məqbərəsinin ucaldılması ilə aldığı qərarlar da onun Sərkərdə-Xaqan ucalığının əzəməti olmaqla yanaşı, həm də Hüseyn Cavidin irsinə, ailə faciəsinə və kədərinə etiramının göstəricisi idi. Məhz o məqbərənin ucaldılması ilə Çırağı söndürülən, pərən-pərən düşən Cavidlər eyni məqamda , məkanda torpaq müqəddəsliyinə qovuşdular.

Siyahıda olanlardan birinə daha çox diqqət yetirilir

XX yüz ilin əvvəlində İsmayıl bəy Qaspıralı İstanbula gedir. Əli bəy Hüseynzadə ilə görüşür. Əli bəydən onu dostu Rza Tevfiklə görüşdürməyi xahiş edir. Görüş zamanı Qaspıralı Rza Tevfikdən xahiş edir ki, Qafqazdan, Çar Rusiyasından, Türküstandan seçilmiş gənclər gələcək onlara xüsusi dərslər keçsin. Siyahıda Azərbaycandan 11 nəfər var idi. Onlardan birinə daha çox diqqət yetirilir. Həmin gənc sonralar Cavid Əfəndi olaraq tanınan Azərbaycan romantizminin banilərindən biri, Azərbaycanda ilk mənzum faciə və dramın müəllifi, bir sıra ədəbi janrları, xüsusən də sonet, marş və türküləri Azərbaycan poeziyası tarixinə ilk dəfə gətirən Hüseyn Cavid idi.

Mehmet Akif Ərsoydan, Xalid Ziya Uşaqlıgildən, Rza Tevfikdən dərs alır

Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda, Nuhun çıxdığı torpaqda, Əshabi-Kəhf müqəddəsliyinin, Haçadağın, İnandağın ətəyində, Gilan məbədinin, İbn Küseyr və Möminə xatun türbəsinin yaxasında dünyaya gəldi. İbtidai təhsilini burada, orta təhsilini isə Məhəmməd Tağı Sidqinin üsuli-cədid yolu ilə qurduğu “Məktəbi-tərbiyə”sində aldı. Ruhani ailəsində doğulan Hüseyn Cavidin ilk müəllimi ətinin və sümüyünün yiyəsi, eyni zamanda ruhunun atası Abdulla Əfəndi olmuşdu. 1896-1898-ci illərdə “Məktəbi-tərbiyə”də Məmməd Tağı Sidqidən dərs alan Cavidi Əfəndinin təhsilinin Təbriz dövrü, “Talibiyyə” mədrəsəsində keçən illər onun klassik ədəbiyyatı, Qurani-Kərimi mənimsəməsinə, eyni zamanda ərəb, fars dillərini mükəmməl şəkildə öyrənməsinə təsir etmişdi. Təbrizdən sonra İstanbula gedən, Rza Tevfikdən dərs alan, Hüseyn Cavid 1906-cı ildə İstanbul Darülfününü – Universitetini qazanır. Türkiyə Cümhuriyyətinin himninin müəllifi, istiqlal şairi Mehmet Akif Ərsoydan, Xalid Ziya Uşaqlıgildən, Rza Tevfikdən dərs alır. İstanbul mühiti, türk-islam düşüncəsi Hüseyn Cavidin mənəvi dünyasının formalaşmasına təsir edir. Həyatının dönüş nöqtəsinə çevrilir. 1909-ci ildə İstanbul Universitetinin ədəbiyyat bölməsini bitirir. Təhsilini başa vurduqdan sonra doğulduğu Naxçıvanda, daha sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildə isə Bakıda müəllimlik edir. 1909-1910-cu ildə “Ana” pyesini, “Məsud və Şəfiqə”ni yazır. 1913-cü ildə isə “Keçmiş günlər” adlı ilk şeir kitabı nəşr edilir. 1914-cü ildə Azərbaycan ədəbiyyatı tarixində hadisə sayılan, ilk mənzum faciə – “Şeyx Sənan”ı, 1918-ci ildə isə “İblis” dramını qələmə alır.

Milli düşüncənin və romantizm ədəbi cərayanının öndərlərindən biri

Bu dövrdə Azərbaycan ədəbiyyatında iki mühit var idi: romantiklər və realistlər. Onlara “Füyuzatçılar” və “Molla Nəsrəddinçilər” də deyirdilər. “Molla Nəsrəddin” sərt tənqidlə maarifçiliyin tərəfdarı idi. “Füyuzat” isə ənənəni qorumaqla onun mümkün olacağına inanırdı. Hüseyn Cavid isə “Füyuzatçılar”ın – Əhməd bəy Ağaoğlunun və Əli bəy Hüseynzadənin düşüncəsini müdafiə edir, “Füyuzat”da çap etdirdiyi məqalələrlə ümummilli maraqlara töhfədə bulunurdu. Bu səbəbdən də istər “Füyuzat” ədəbi məktəbinin, istərsə də Hüseyn Cavid irsinin tədqiqatçısı olan alimlər Cavid Əfəndi ilə “Füyuzat”ı milli düşüncənin və romantizm ədəbi cərayanının öndərlərindən hesab edir.

Bakı əsilzadələri onun Təbrizdən Naxçıvana keçməsi xəbərini alıb rahatlandılar

1918-ci ilin mart ayında erməni daşnaklarının Bakıda törətdiyi soyqırım onların vəhşiliyinin göstəricisi olmaqla yanaşı minlərlə soydaşımızın qanına qəltan edilməsi ilə nəticələndi. Bu qanlı günlərdə Cavid Əfəndi Bakıda Səfa Məktəbində və Səadət Ruhani Məktəbində müəllim işləyir, “Təbriz” otelində qalırdı. Qanlı terror gecəsində ermənilər otelə hücum çəkir, 60-dan çox insanı əsir alır. Onların içərisində Hüseyn Cavid də olur. Ermənilər qarşılarına çıxan hər kəsə atəş açır, müqavimət göstərənləri yerindəcə güllələyirdilər.

Belə bir dəhşətli məqamda ölümlə pəncəyə-pəncəyə olan Cavid Əfəndi məqamdan istifadə edib gözdən yayınır, gecə ilə limana gəlir və o taya soyqırımı qurbanlarına qoşulub Təbrizə keçir. Bu dövrdə erməni daşnakları Qərbi Azərbaycanda, Zəngəzurda, Naxçıvanda, Təbrizdə, Mərənd, Xoy, Ərdəbil, Urmiya istiqamətində də soyqırımlar törədirlər. Təbrizdən sonra Araz çayı vasitəsi ilə Naxçıvana keçən Hüseyn Cavid nəhayət ki, öz ata-baba yurduna qovuşur. Cavidi soyqırımı qurbanlarının sırasında görməyib nigaran olan Bakı əsilzadələri onun Bakıdan Təbrizə, Təbrizdən Naxçıvana keçməsi xəbərini alanda rahatlanırlar.

Kazım Qarabəkir Paşa ilə Cavid Əfəndinin dillərə dastan dostluğunun təməli belə qoyulur

Hüseyn Cavidin Naxçıvana dönüşü Naxçıvan Milli Şurasının və Müdafiə Komitəsinin sədri Mirzə Nəsrulla bəy Əmirovun Osmanlıya, Atatürkə müraciəti, Naxçıvanın erməni daşnaklarından – Ozanyan və Andranikin dəstəsindən təmizlənməsi üçün yardım istəməsi, Kazım Qarabəkir Paşanın rəhbərlik etdiyi IX Qafqaz İslam Ordusunun Naxçıvana gəlişi ilə üst-üstə düşür. İstanbul Universitetində təhsil alarkən Cavid Əfəndinin himayədarı kimi onun bütün məsrəflərini, təhil haqqını, kirayə xərclərini üzərinə alan Naxçıvan Qızlar Seminariyasının, Naçıvan Milli Şurasının və Naxçıvan Müdafiə Komitəsinin sədri, Araz-Türk Cümhuriyyətinin qurucularından biri Mirzə Nəsrulla bəy Əmirovun istəyi ilə Hüseyn Cavid Seminariyada və IX İslam Ordusunun Komandanı Kazım Qarabəkir Paşanın təməlini qoyduğu Hərbi Rüşdiyyədə dərs deyir. İki tarixi şəxsiyyətin Kazım Qarabəkir Paşa ilə Cavid Əfəndinin dillərə dastan dostluğunun təməli belə qoyulur, hər iki qüdrətli şəxsiyyət Naxçıvanın sevimlisinə, gözdə nuruna, döyünən qəlbinə çevrilir. Onun biri Süngünün, digəri Qələmin simgəsi, bəlgəsi kimi tarix yaradır. Bu gün nəinki Naxçıvanda, Odlar Yurdu Azərbaycanda, Osmanlıda, Türkiyə Cümhuriyyətində dostluğun, qardaşlığın, əbədi sevginin, birliyin, bütövlüyün rəmzinə çevrilən hər iki qüdrətli Türk ehtiramla anılır.

Qurani-Kərimi Mirzə Nəsrulla bəy Əmirova, “Öyüdlərim” adlı şeirlər kitabının əlyazmasını isə Hüseyn Cavidə ərməğan edir

Kazım Qarabəkir Paşanın “Mənim tanıdığım Naxçıvan fədakardır, mərddir!” deyib dəyər verdiyi qədirşünas naxçıvanlılar Ali Gildiyalı tacir Mirzə Nəsrulla bəy Əmirovun sərmayəsi, Kazım Qarabəkir Paşanın iradəsi ilə qurulan Naxçıvan Rüşdiyyəsinə sonralar Naxçıvanın xilaskarının, IX İslam Ordusunun komandanın adını verir. Rüşdiyyənin fəxri müəllimi kimi tələbələrə mühazirələr oxuyan Kazım Qarabəkir Paşanın istəyi ilə burada poeziya, ədəbiyyat gecələri keçirilir, Kəlamla Qələmin, Qələmlə Süngünün vəhdətində sərkərdə-xaqanlarımızın ruhu ehtiramla yad edilir. Naxçıvanın elmi-mədəni elitasının nümayəndələri, şair, yazıçı və rəssamları, incəsənət xadimləri həmin gecələri öz əsərləri ilə rövnəqndirirlər. Cavid Əfəndinin rəhbərliyi ilə təşkil edilən konsert proqramlarının, teatr tamaşalarının daha mükəmməl şəkildə alınması üçün Kazım Qarabəkir Paşa ona yardımda bulunmaqda çəkinmir.

I Dünya müharibəsindən sonra bağlanan müqavilələrə əsasən Osmanlı Hərbiyyə Nazirliyi Kazım Qarabəkir Paşanı geri çağırmalı olur. Paşanın “Əgər ordum buradan çıxarsa, burada bir türk, bir müsəlman qalmayacaq, hər birini qətl edəcəklər!” deməsinə baxmayaraq geri dönmək məcburiyyətində qalır. Getmədən öncə isə iki dostuna Qarsı işğaldan azad etdikdən sonra Ocaqlı köyündə üzünü söykəyib namaza getdiyi Qurani-Kərimi Naxçıvan Müdafiə Komitəsinin sədri Mirzə Nəsrulla bəy Əmirova, “Öyüdlərim” adlı şeirlər kitabının əlyazmasını isə Hüseyn Cavidə təqdim edir. Rüşdiyyənin tələbələrinə isə son sözü belə olur: “Sevimli yavrularım! Bu kitabı sizin üçün yazdım. Bu əlyazısı kitabımı sizə təlim edəcək çox dəyərli hocam, hocamız, mənim əziz dostum, qardaşım Hüseyn Cavid bəy Əfəndilərinə ərmağan edirəm…”

Bu hadisənin üstündən 3 il keçdikdən, Hüseyn Cavid Naxçıvandan Bakıya döndükdən sonra 1921-ci ildə həmin əlyazmasını Kazım Qarabəkir Paşanın imzası ilə nəşr etdirir. Nəşrin himayədarı Paşanın digər dostu Mirzə Nəsrulla bəy Əmirov olur. Deyilənə görə, o bunun üçün qızıl cib saatını bağışlayır. Kitab 1925-ci ildə Maarif Komissarlığı tərəfindən yenidən çap edilir.

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.

Ən son

İdman

İspaniyada "Atletik" (Bilbao) və "Qarabağ" klubları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin III

İdman

İspaniyada "Atletik" (Bilbao) və "Qarabağ" klubları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin III
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin