Müasir şəhərlərin inkişaf etmiş infrastrukturuna baxmayaraq, təbiətin qəfil dəyişkənliyi qarşısında insan bəzən aciz qalır. İqlim dəyişiklikləri ilə müşayiət olunan leysanlar, fırtınalar və dolular dünyanın müxtəlif guşələrində, ən irimiqyaslı və texnoloji cəhətdən təchiz olunmuş şəhərlərdə belə çətinliklərə yol açır.
Baki-baku.az xəbər verir ki, son günlərdə həm Moskva, həm də Nyu-Yorkda baş verən hadisələr bunu bir daha sübut edir.
İyulun 12-si axşam saatlarında Moskvanın mərkəzi küçələrində yağan qısamüddətli, lakin intensiv yağışlar şəhər yollarının bir hissəsini su altında qoydu. Sosial şəbəkələrdəki paylaşımlardan da göründüyü kimi asfaltı tam örtən su təbəqəsi, avtomobillərin hərəkətində yaranan çətinliklər və sakinlərin yaşadığı narahatlıq göz önündə idi. Şəhər kənarlarında da oxşar mənzərələr yaşandı.
Bənzər bir mənzərə ötən gün ABŞ-nin Nyu-York şəhərində və onun ətraf ərazilərində müşahidə olundu. Ştatın şimal bölgələrində, eləcə də Nyu-Cersi əyalətində təsirli olan güclü yağışlar nəticəsində qəfil daşqın xəbərdarlığı verildi. Nyu-York metrosunun bəzi stansiyaları su altında qaldı, Metro-North dəmir yolu xəttinin hərəkəti dayandırıldı. Hadisə zamanı onlar insan fövqəladə vəziyyətlə əlaqəli xidmətlər tərəfindən xilas edildi.
Bu nümunələr bizə göstərir ki, istər Şərqdə, istərsə də Qərbdə, inkişaf səviyyəsindən asılı olmayaraq, təbiət hadisələri qarşısında tam hazırlıqlı olmaq hər zaman mümkün olmur. Təbiətin sərt üzünü bu qədər sürətlə və qəfil göstərməsi, əksər hallarda inkişaf etmiş ölkələrdə belə heç bir texniki sistemin bu axını dərhal və tam şəkildə tənzimləyə bilmədiyini ortaya qoyur.
Bəzi şəhərlərdə müəyyən ərazilərin təkrarən su altında qalması heç də sistemin zəifliyi ilə deyil, coğrafi relyefin xüsusiyyətləri, torpaq örtüyünün suyu keçirmə qabiliyyəti, yeraltı suların səviyyəsi və çay yataqlarının vəziyyəti ilə izah olunur. Yağıntının sıxlığı, qısa müddətdə düşən suyun miqdarı və fırtınanın davametmə müddəti də bu vəziyyəti daha da dramatikləşdirə bilər.
Dünyanın müxtəlif ölkələrində baş verən bu hadisələr bir daha sübut edir ki, təbiət öz şərtlərini heç kimə soruşmadan diktə edir. Bu şərtlərə hazır olmaq, infrastruktur planlamasında daha çevik və dayanıqlı yanaşmalar tətbiq etmək vacibdir. Amma eyni zamanda anlayışla qarşılamaq da lazımdır ki, bəzi mənzərələr sadəcə qlobal iqlim reallığının labüd nəticəsidir. Ona görə də bu cür hallara rast gəldikdə ilk növbədə hadisənin miqyasını və təbiətin qüdrətini dərk etmək, məsuliyyət axtarışını isə soyuqqanlılıqla və obyektiv yanaşma ilə aparmaq lazımdır.
Elvin Camalov