Bayram günlərində paytaxt sakinləri və turistlərin ən çox üz tutduğu məkanlardan biri yenilənmiş Mərkəzi Nəbatat Bağı olub. Baki-Baku.az xəbər verir ki, bu günlərdə Nəbatat Bağı xüsusi atmosferi ilə yadda qalıb. Ailələr, gənclər, turistlər və təbiət sevərlərin bir araya gəldiyi bu məkan, insanların təbiətlə vəhdətdə asudə vaxt keçirmələri üçün ideal seçim olub.
Burada yaradılmış istirahət zonaları və uşaq meydançaları ailələr üçün bayram sevincini artırıb, nadir bitkilər və müasir memarlıq elementləri isə foto çəkilişləri üçün unikal imkan təqdim edib.
Mərkəzi Nəbatat Bağında həyata keçirilən genişmiqyaslı təmir işləri onun mövcud sahəsini 39 hektardan 45 hektara qədər artırıb. Bu genişlənmə nəticəsində ziyarətçilərin sayı artıb, bu məkanda daha çox istirahət imkanı yaradılıb. Gün ərzində 4500-5000 ziyarətçinin burada olması təkcə Nəbatat Bağının estetik və ekoloji əhəmiyyətindən deyil, həm də onun istirahət məkanı kimi diqqət çəkməsindən xəbər verir.
Mərkəzi Nəbatat Bağı, həmçinin botanika sevərlər üçün nadir bir incidir. Burada dünyanın müxtəlif ölkələrindən gətirilmiş nadir dekorativ ağaclar, kol və güllər əkilib.
Mərkəzi Nəbatat Bağı həm təbii gözəlliyi, həm də müasir infrastrukturu ilə bayram günlərində şəhərin ən cəlbedici məkanlarından birinə çevrilib. Yenilənmiş bağ, həm ekologiya, həm də istirahət baxımından əhəmiyyətli bir məkan olaraq, sakinlərin və turistlərin diqqət mərkəzində olmağa davam edir.