Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/05/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Təhsili dövlətin gələcəyi kimi görən lider: Heydər Əliyevin strateji baxışı

Bir xalqın gələcəyini müəyyən edən əsas amillərdən biri onun təhsil sistemidir. Bu həqiqəti Azərbaycan üçün strateji səviyyəyə qaldıran şəxsiyyət isə Ulu Öndər Heydər Əliyev olub. Onun təhsil siyasəti heç vaxt epizodik addımlar və qısa müddətli nəticələrlə məhdudlaşmayıb. Əksinə, bu siyasət milli maraqlara söykənən, uzunmüddətli və gələcək nəsilləri hədəfləyən dövlət strategiyası kimi formalaşıb. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”, – deyən Heydər Əliyev təhsili dövlətçiliyin dayaqlarından biri kimi dəyərləndirib.

Baki-baku.az Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərinə nəzər salır.

Bu yanaşma ötən əsrin 70-ci illərindən başlayaraq konkret addımlar, ölçülə bilən nəticələr və sistemli islahatlarla öz təsdiqini tapdı.

1970–1980-ci illər: Azərbaycan təhsilinin struktur yenilənməsi

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü təhsilin kəmiyyət və keyfiyyət baxımından köklü şəkildə dəyişdiyi mərhələ kimi tarixə düşüb. 1972-ci ildə gənclərin ümumi orta təhsilə keçidinin başa çatdırılması, 1973-cü ildə isə kənd ümumtəhsil məktəblərinin iş şəraitinin yaxşılaşdırılması ilə bağlı qəbul edilən qərarlar təhsil sisteminin genişlənməsinə real zəmin yaratdı. Bu qərarların icrası nəticəsində məktəb şəbəkəsi böyüdü, dərslik təminatı problemi həll edildi və 1978-ci ildən etibarən şagirdlər dərsliklərlə pulsuz təmin olunmağa başladı.

Məktəb tikintisi isə bu islahatların ən görünən nəticələrindən biri idi. 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci illə müqayisədə üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdı. Eyni dövrdə şagirdlərin sayı da kəskin artdı: 1970-ci ildə 368 min olan şagird kontingenti 1980-ci ildə 710 minə yüksəldi. Təkcə 1970–1980-ci illərdə 683 min şagird yerlik 1191 yeni məktəb binasının tikilməsi bu sahəyə verilən prioritetin miqyasını aydın göstərir.

Peşə və ali təhsil: iqtisadiyyat üçün kadr bazasının formalaşması

Ulu Öndər Heydər Əliyevin təhsil strategiyasında peşə və ali təhsil xüsusi yer tuturdu. Onun təşəbbüsü ilə texniki peşə təhsilinin inkişafı üzrə uzunmüddətli strategiya müəyyənləşdirildi və 1971–1975-ci illərdə bu sahədə ciddi irəliləyişlər əldə olundu. Nəticədə peşə məktəblərinin sayı 1,7 dəfə, bu məktəblərdə təhsil alanların sayı isə 2,5 dəfə artdı, 54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başladı.

Ali təhsil sahəsində isə əsas məqsəd milli kadr potensialını gücləndirmək idi. 1969–1982-ci illərdə beş yeni ali təhsil müəssisəsinin açılması, tələbə sayının 70 mindən 100 minədək yüksəlməsi bu siyasətin nəticəsi oldu. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb fəaliyyət göstərirdisə, 1982-ci ildə artıq 21 ali təhsil müəssisəsi mövcud idi.

1970-ci ildən başlayaraq azərbaycanlı gənclərin SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsi isə strateji əhəmiyyət daşıyırdı. On il ərzində 50-dən çox şəhərdə, 170-dən artıq nüfuzlu ali məktəbdə 15 mindən çox azərbaycanlı gəncin təhsil alması milli intellektual potensialın formalaşmasında həlledici rol oynadı.

Hərbi təhsil və milli zabit korpusunun əsası

Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyini göstərən mühüm addımlardan biri də hərbi kadr hazırlığı sahəsində atıldı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbin yaradılması azərbaycanlı zabit kadrlarının yetişdirilməsi baxımından dönüş nöqtəsi oldu. Bu təhsil ocağı sonradan müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında əsas dayaqlardan birinə çevrildi. Bu gün ordumuzda xidmət edən zabitlərin böyük hissəsinin məhz bu məktəbin məzunları olması onun tarixi rolunu təsdiqləyir.

Müstəqillik dövrü: təhsilin bərpası və dünya sisteminə inteqrasiya

1990-cı illərin əvvəllərində ölkənin üzləşdiyi müharibə, qaçqınlıq və iqtisadi böhran şəraiti təhsil sisteminə də ciddi zərbə vurmuşdu. 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bu sahəni yenidən dövlət siyasətinin mərkəzinə gətirdi. Qısa müddətdə təhsil müəssisələrinin fəaliyyəti bərpa olundu, planlı islahatların əsası qoyuldu.

1993–2003-cü illərdə ümumtəhsil məktəblərinin sayı artdı, yüz minlərlə şagird üçün təhsil imkanları genişləndirildi. Maddi-texniki baza gücləndirildi, 200-dən çox yeni məktəb binası tikildi, məcburi köçkünlər üçün 700-dən artıq məktəb təşkil olundu. Lisey və gimnaziyaların yaradılması istedadlı uşaqların inkişafına yönəlmiş mühüm addım idi.

1998-ci ildə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının yaradılması və 1999-cu ildə “Təhsil sahəsində İslahat Proqramı”nın təsdiqi Azərbaycanın təhsil sistemini dünya standartlarına yaxınlaşdıran əsas sənədlərdən oldu.

Müəllim amili: təhsilin canlı dayağı

Heydər Əliyevin təhsil siyasətində müəllim şəxsiyyəti xüsusi yer tuturdu. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən Ulu Öndər müəllim əməyinin həm mənəvi, həm də sosial baxımdan qiymətləndirilməsini vacib sayırdı. Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlar və dövlət mükafatları ilə təltif olunması bu yanaşmanın real ifadəsi idi.

Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti təsadüfi qərarların yox, düşünülmüş dövlət strategiyasının məhsulu idi. Məktəbdən ali təhsilə, peşə hazırlığından hərbi təhsilə qədər bütün sahələri əhatə edən bu xətt müstəqil Azərbaycanın intellektual və kadr bazasının formalaşmasında həlledici rol oynadı. Bu gün ölkənin inkişafında təhsilin aparıcı mövqeyi məhz həmin uzaqgörən siyasətin davamı kimi dəyərləndirilə bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Abşeron yarımadasında, Xəzər dənizinin sahilinə yaxın bir məkanda torpaq min illərdir alovla dillənir, odla danışır

Ən son

GÜNDƏM

Bakıda 2 gün müşahidə olunan güclü külək şəhərin bir sıra ərazilərində fəsadlara yol açıb.

GÜNDƏM

Bakıda 2 gün müşahidə olunan güclü külək şəhərin bir sıra ərazilərində fəsadlara yol açıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin