Zaman çox şeyi dəyişir. Bunu müxtəlif sahələrdə görürük. Müəyyən inkişaf gedir, dəyişikliklər olur. Mədəniyyət, incəsənət sahəsi də bundan uzaq deyil. İllər keçir, musiqinin səsləndiyi lentlər köhnəlir, efirlər dəyişir, səhnələrdə yeni simalar görünür. Amma o səs hardasa yaddaşın dərinliyində qalır. Elmira Rəhimovanın səsi də belə səslərdəndir. Bu gün onun adını çəkəndə kiminsə yadına Hindistan gəlir, kiminsə “İntizar”ı, bir başqasının isə “Sən yadıma düşəndə”si. Bir vaxtlar onun oxuduğu hind mahnıları dillər əzbəri idi. Azərbaycan tamaşaçısı üçün Hindistanın uzaq və ekzotik dünyası sanki Elmira Rəhimovanın səsində bir az da yaxınlaşmışdı.
O, Hindistana sadəcə mahnı aparmamışdı. Bakının səsini aparmışdı. Və qarşılığında Hindistanın musiqi rənglərini gətirmişdi.
30 min nəfərin dilində “Cücələrim”
Elmira Rəhimovanın sənət yolunun ən maraqlı səhifələrindən biri Hindistanla bağlıdır. 1950-ci illərin sonunda hələ çox gənc olan müğənni hind mahnılarının ifaçısı kimi tanınmağa başlayır. Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə bu ölkəyə gedir. Orada hind mahnılarını və rəqslərini öyrənir, bir müddət yaşayır, başqa bir musiqi mədəniyyətinin içərisinə daxil olur. Bu, adi bir xarici səfər deyildi. O illərin Azərbaycanında Hindistan musiqisi ayrıca bir sehr idi. Kino, mahnı, rəqs – hamısı birlikdə insanların təsəvvüründə uzaq, rəngarəng, romantik bir dünya yaradırdı. Elmira Rəhimova isə həmin dünyanın mahnılarını Azərbaycan səhnəsinə gətirən sənətçilərdən biri oldu. Hindistanda isə vəziyyət tamam başqa idi.
Bir dəfə Elmira Rəhimova açıq səma altında səhnəyə çıxır və Qənbər Hüseynlinin “Cücələrim” mahnısını oxuyur. Qarşısında təxminən 30 min nəfər var. Mahnı bitir.
Alqış başlayır. Sonra daha maraqlı bir şey olur: hind tamaşaçıları mahnını özləri xorla oxumağa başlayırlar və Elmira Rəhimovadan onu bir daha ifa etməsini istəyirlər. Təsəvvür edin: başqa dil, başqa ölkə, başqa mədəniyyət. Amma bir Azərbaycan mahnısı minlərlə insanın dilində. Bəzən musiqinin sərhədsiz olduğunu sübut etmək üçün bundan böyük səhnəyə ehtiyac yoxdur.

Hindistanın Elmirası
Elmira Rəhimova Hindistanda o qədər sevilirdi ki, onun haqqında danışarkən təkcə müğənni yox, artıq bir mədəniyyət körpüsü təsəvvürü yaranır. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olması da bu münasibətin təsadüfi olmadığını göstərirdi. Onun səsi hind musiqisinin melodik duyğusuna uyğun gəlirdi. Amma Elmira Rəhimovanın cazibəsi yalnız hind mahnılarını yaxşı oxumasında deyildi. O, həmin mahnıları Azərbaycan duyğusu ilə oxuyurdu. Bəlkə də buna görə onun ifasında hind mahnıları bir qədər başqa cür səslənirdi. Həm Hindistan idi, həm Azərbaycan. Həm uzaq Şərqin rəngləri vardı, həm də Xəzərin küləyi.
“İntizar” – bir mahnıdan daha yüksək…
Amma Elmira Rəhimovanı yalnız hind mahnıları ilə xatırlamaq onun sənətinin böyük bir hissəsini kölgədə qoymaq olardı. Onun repertuarında xalq mahnıları, təsniflər və Azərbaycan bəstəkarlarının əsərləri xüsusi yer tuturdu. “Ana laylası”, “Mən anayam”, “Küsüb məndən”, “Sənin gülüşlərin”, “Odlar yurdu”, “Tələbəlik illəri”, “Xoşbəxtlik”, “Sən yadıma düşəndə” və başqa mahnılar onun səsində özünəməxsus rəng qazanmışdı. Və əlbəttə, “İntizar”… Bu mahnının Elmira Rəhimovanın ifasında başqa bir taleyi var “İntizar” sözünün özündə gözləmək, həsrət, ümid və səssiz ağrı gizlənir. Elmira Rəhimovanın səsi isə bu hissləri hay-küylə deyil, içdən gələn bir sakitliklə çatdırırdı. O, mahnını oxuyanda sanki səhnədə bir qadın yox, kimisə gözləyən bütöv bir ömür dayanırdı. Bəlkə də “İntizar”ın illər sonra belə yadda qalmasının səbəbi budur. Çünki yaxşı mahnılar insanın öz xatirəsinə çevrilir. Bir vaxtlar bu mahnını dinləyənlərin bir hissəsi həmin melodiyanın içində öz sevgisini, öz ayrılığını, öz gözləməsini tapırdı. İllər keçdikcə mahnı dəyişmədi, amma onu dinləyən insanların xatirələri dəyişdi. “İntizar” da beləliklə bir mahnıdan çıxıb nostaljinin səsinə çevrildi. Bu gün isə yeni oranjemanda, yeni formatda insanları valeh etməyə davam edir.

Doğum gününü sevməyən sənətkar
Elmira Rəhimovanın maraqlı tərəflərindən biri də səhnədəki obrazı ilə şəxsi həyatındakı sadəliyin fərqli olmasıdır. O, dünyanın 60-dan çox ölkəsində konsert verib. Böyük səhnələr görüb, minlərlə tamaşaçı qarşısında oxuyub. Amma öz doğum gününü belə qeyd etməyi sevməyib. “Doğum günlərindən zəhləm gedir”, – deyir.
Bu sözlər ilk baxışda qəribə səslənir. Axı səhnəni, alqışı, insanların diqqətini sevən bir sənətçi niyə öz gününü qeyd etmək istəməsin? Bəlkə də ona görə ki, Elmira Rəhimova üçün səhnə özünü nümayiş etdirmək yeri yox, özünü musiqiyə vermək yeri idi. O, diqqətin özünə yox, mahnıya yönəlməsini istəyirdi.
Hindistanda ona evlilik təklifi də etmişdilər
Elmira Rəhimovanın Hindistan illərinin daha bir maraqlı, az qala film ssenarisinə bənzəyən tərəfi var. Müğənninin öz müsahibələrindən birində danışdığına görə, Hindistan prezidentinin oğlu ona evlilik təklif edib. Amma Elmira xanım razı olmayıb. “Mən buraya dərs oxumağa gəlmişəm, ərə getməyə yox”, – deyib. Bu cavab onun xarakteri haqqında çox şey danışır. Çünki qarşısında başqa bir həyatın qapısı açılmışdı: Hindistanda qalmaq, başqa bir ailənin, başqa bir dünyanın parçasına çevrilmək… Amma o, öz yolunu seçdi – mahnını.

Elmira Rəhimova niyə yadda qaldı?
Çünki o, Azərbaycan səhnəsinin dünyaya açılan pəncərələrindən biri idi. Bir tərəfdə “Cücələrim”i 30 min hindlinin xorla oxumasına səbəb olan qız vardı. Digər tərəfdə Azərbaycan bəstəkarlarının mahnılarını öz səs süzgəcindən keçirib dinləyiciyə təqdim edən sənətçi. Bir yanda hind melodiyalarının rəngarəngliyi, o biri yanda “İntizar”ın nisgili… Bir yanda dünyanın onlarla ölkəsində alqışlar, o biri yanda doğum gününü belə səssiz keçirməyə üstünlük verən qadın. Onun həyatında qəribə bir təzad var: səsi həmişə insanların arasında olub, özü isə sanki həmişə bir az kənarda dayanıb. Elmira Rəhimova uzun illərdir səhnədə əvvəlki qədər görünmür. Amma bu, ona sevgini, hörməti azaltmır. Bəlkə də sənətkarın ən böyük qələbəsi elə budur: vaxtında səhnədən getmək, səsinin yüzillər boyu yaşamasına, yaddaşlarda olduğu kimi qalmasına imkan vermək…
Xanım Aydın