Nərimanov Rayon İcra Hakimiyyəti “Şəhriyar” parkı adlandırılan ərazidəki restoran binasının sökülməsi məsələsinə aydınlıq gətirib.
Nərimanov Rayon İcra Hakimiyyətindən Baki-Baku.az-a verilən məlumata görə, sözügedən ərazinin park statusuna malik olmasına baxmayaraq, illər öncə özəlləşdirilmiş və qeyri-qanuni olaraq sənədlər əldə olunmuşdur. Əlavə olaraq, sahibkara alternativ ərazidə iaşə obyekti təklif olunsa da, o, bundan imtina etmişdir. Həmçinin parkda yerləşən ağaclara aqrotexniki qulluq göstərilməməsi və nəticədə onların quruması, parkın ərazisində yanğın təhlükəsi yaradacaq fəaliyyətlərin göstərilməsi,nəzarətsiz tonqal qalanması və ətraf ərazilərin bərbad vəziyyətdə olması isə ətrafda yaşayan sakinlərin haqlı narazılığına gətirib çıxarırdı. Bütün bunları nəzərə alaraq, sözügedən restoran binasının sökülməsi və park ərazisinin abadlaşdırılması qərara alınıb.
Qeyd edilib ki, hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır və sahibkarın mülkiyyət hüququnun pozulması halı təsdiq olunarsa, qarşı tərəfə qanunamüvafiq kompensasiya ödəniləcək.