Teatr tamaşaçısı adətən səhnədə aktyorun oyununa, dekorasiyaya və musiqiyə diqqət yetirir. Amma hər tamaşanın arxasında gözə görünməyən, lakin obrazların yaranmasında mühüm rol oynayan insanlar da var. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında belə sənətkarlardan biri ilə görüşmək qərarına gəldik.
Teatrın dar dəhlizlərindən keçib qrim emalatxanasına daxil olanda özümüzü tamam başqa dünyada hiss etdik. Rəflərdə müxtəlif saç düzümləri, pariklər, saqqallar və bığlar düzülmüşdü. Otağın sahibi, uzun illərdir bu sənətlə məşğul olan Aybəniz Hüseynova isə yeni bir obraz üzərində çalışırdı.
Onun sözlərinə görə, tamaşaçıların çoxu qrim dedikdə yalnız üz makiyajını təsəvvür edir. Halbuki qrim sənəti bundan daha geniş anlayışdır. Obrazın yaşını, xarakterini, dövrünü və hətta sosial statusunu göstərən saç aksesuarlarının hazırlanması da bu sənətin ayrılmaz hissəsidir.
“Əsər seçildikdən sonra işə quruluşçu rəssam başlayır. O, obrazların görünüşünü eskizlərdə formalaşdırır. Eskizlər təsdiqləndikdən sonra isə növbə bizə çatır. Hər personaj üçün uyğun saç düzümü, parik, bığ və ya saqqal hazırlanır”, – deyə sənətkar bildirir.
Bu iş zahirdən göründüyü qədər sadə deyil. Bir parikin hazırlanması saatlarla, bəzən isə günlərlə vaxt tələb edir. Əvvəlcə xüsusi qəlib hazırlanır, daha sonra xüsusi material onun üzərinə bərkidilir. Son mərhələdə saçlar bir-bir ilmələnərək toxunur. Burada həm süni, həm də təbii saçlardan istifadə olunur ki, lazım olan nəticə alınsın.
Aybəniz xanım deyir ki, bu peşədə uğur qazanmaq üçün yalnız texniki bacarıq kifayət etmir: “Səbir əsas şərtlərdən biridir. Çünki bəzən saatlarla eyni vəziyyətdə işləyirsən. Bununla yanaşı, yaradıcı yanaşma da vacibdir. Hər obraz fərqlidir və ona uyğun həll tapmaq lazımdır”.
Parik və saç əlavələrinin hazırlanmasında əsasən təbii saçdan istifadə olunur. Materialın seçilməsində uzunluq və keyfiyyət mühüm rol oynayır. Bu isə sənətin həm də kifayət qədər xərc tələb edən tərəfidir.
Teatr həyatının maraqlı məqamlarından biri də səhnə arxasında yaşanan hadisələrdir. Qrim ustasının sözlərinə görə, bəzi aktyorlar obrazlarını o qədər emosional canlandırırlar ki, səhnədə istifadə olunan bığ və ya saqqalların açılmaq təhlükəsi yaranır.
“Belə hallarda tamaşanı kulisdən izləyirik. Aktyor səhnədən çıxan kimi lazım gələrsə, qrimə və ya aksessuarlara yenidən müdaxilə edirik. Tamaşaçı heç nə hiss etməməlidir”, – deyə o gülümsəyərək danışır.
Hər tamaşadan sonra qrimlərin təmizlənməsi, parik, maska və bığların çıxarılması da xeyli vaxt və enerji tələb edir. Bundan başqa, pariklərin təmizlənməsi, yerlərinə səliqə-sahmanla yığılması vacibdir.

Bu sənət Aybəniz Hüseynovanın həyatında təsadüfən yer almayıb. O, peşəni ailəsindən miras alıb. Atası, uzun illər kino və teatr sahəsində fəaliyyət göstərmiş qrim ustası Telman Yunusov Azərbaycanda bu sənətin tanınmış nümayəndələrindən olub. Və mütləq qeyd etmək lazımdır ki, atası Telman bəy rejissor olmaq istəyib. Amma böyük teatr və kino rejissorumuz Adil İskəndərov ona qrim sənətini seçməyi tövsiyə edib. O, bir çox məşhur film və tamaşaların qrimyoru olub. Bundan başqa, hazırladığı vəsait bu gün də geniş istifadə edilir.
Uşaqlıq illəri kinostudiyanın pavilyonlarında keçən Aybəniz xanım əvvəlcə başqa peşə seçmək istəsə də, sonradan ürəyinin səsinə qulaq asıb. İllər keçdikcə bu qərarın nə qədər doğru olduğunu anlayıb.
Artıq 23 ildir ki, fasiləsiz işləyən, hətta analıq məzuniyyətinə cəmi bir neçə aylıq çıxan Aybəniz xanım Hacıbaba Bağırov, Afaq Bəşirqızı, Xanım Qafarova, İlham Namiq Kamal və başqa gözəl sənətçilərimizlə işləyib. Deyir ki, aktyorlar əksərən kaprizli olur. Amma gərək ona mehriban davranasan, xoş danışasan, hirslənəndə cavab qaytarmayasan, axı o bir azdan səhnəyə çıxacaq. İşini həqiqətən sevmək budur yəqin ki.
Teatrdan ayrılarkən bir daha əmin olursan ki, tamaşaçının bir neçə saat ərzində izlədiyi tamaşanın arxasında günlərlə, hətta həftələrlə davam edən zəhmət dayanır. Səhnədə görünən hər detalın arxasında isə peşəsinə vurğun insanların əllərinin izi var. Onlar alqışları səhnədə qəbul etməsələr də, hər uğurlu obrazın yaranmasında pay sahibidirlər.
Xanım Aydın