Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/09/2026

Paylaşın

TARİXİMİZ

Səfəvilər – Təriqətdən siyasətə

WhatsApp Image 2026-04-09 at 09.27.58

Birinci yazı

Bartold Səfəvilərin kökü tərəkəmə türklərinə – Qarapapaqlara uzanır. Əksər alimlər, sülalənin türk mənşəli olduğunu bildirir

Manna, Midiya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi qüdrətli dövlətlər quran Azərbaycan xalqı Səfəvilər İmperiyası ilə təriqətdən siyasətə yol gələn liderlərin əzəmətini dünyaya nümayiş etdirdi. 

XV əsrin sonu və XVI əsrin əvvəllərində Ağqoyunlu dövləti zəifləmişdi. Bundan istifadə edən Səfəvilər Ağqoyunluları məğlub edərək 1501-ci ildə milli dövlətçilik tariximizdə yeni bir səhifə açdılar və Şah İsmayılın rəhbərliyi ilə nəhəng bir imperiyanın əsasını qoydular.

Səfəvilər dövləti 1501-ci ildə yaradılmış olsa da, onun kökü XIII əsrin sonlarına, Hülakilər dövrünə qədər uzanır. Səfəvilər İmperiyasının təməlinin qoyulması sülalənin Ərdəbil şəhərindəki fəaliyyəti və dini kimlikdən siyasi təşkilata çevrilməsi ilə bilavasitə bağlıdır.

Tarixi mənbələr də sübut edir ki, İmperiyanın Səfəvi adı Şah İsmayılın ulu babası Şeyx Səfiəddinlə bağlıdır. 1252-ci ildə Ərdəbildə doğulan Şeyx Səfiəddin, dövrünün görkəmli alimlərindən olan Şeyx Zahid Gilaninin müridi olmuşdur. Şeyx Zahid Gilani qızı Fatiməni Səfiəddinlə evləndirərək ona böyük etibar və etimad göstərmişdir. Ölümündən öncə isə o, Səfiəddini özünə yeganə varisi təyin etmişdir.

Hülaki hökmdarları dəfələrlə Şeyx Səfinin dərgahını ziyarətdə bulunmuşlar

1301-ci ildə Şeyx Zahid Gilani vəfat etdikdən sonra təriqətin başına Şeyx Səfiəddin gəlmiş və bu dövrdən etibarən dini orden Səfəviyyə adı ilə tanınmağa başlamışdır. O dövrdə Azərbaycan bütün yörələrində İslam rəsmi din olaraq qəbul edilmişdir. Bu ərəfədə ölkədə Hülakilər hökmranlıq edirdi və onlar Səfəviyyə təriqətinə hörmət göstərirdilər. Əldə olunan məlumatlardan bəlli olur ki, Hülaki hökmdarları dəfələrlə Şeyx Səfinin dərgahını ziyarətdə bulunmuşlar.

Şeyx Səfinin etnik mənşəyi ilə bağlı zaman-zaman müxtəlif fikir və müzakirələr olmuşdur. Əksər alimlər Səfəvilər sülaləsinin türk mənşəli olduğunu bildirir. Məsələn, şərqşünas alimlər Vasili Bartolda və İlya Petruşevskiyə istinad edərək deyə bilərik ki, “Səfəvilərin kökü tərəkəmə türklərinə – Qarapapaqlara uzanır.” Bartold və Petruşevskinin bu qənaətini sonralar Avropa və Şərq tədqiqatçıları da öz araşdırmalarında təsdiq etmişlər.

Əsas tarixi mənbələrdən olan  “Səffət-ü Səfa”da Şeyx Səfiəddin Ərdəbili türk piri olaraq qeyd olunur

İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamış, ana dilləri türk dili olmuşdur. Əsas tarixi mənbələrdən olan  “Səffət-ü Səfa”da Şeyx Səfiəddin Ərdəbili türk piri olaraq qeyd olunur. Şeyx Səfiəddinin fəaliyyəti Misirdən Hindistana, Anadoludan İraqa qədər bütün Şərqdə yayılmışdır. Əldə olunan digər məlumatlardan bəlli olur ki, o, 1334-cü ildə Ərdəbildə vəfat etdiyinə və burada dəfn olunduğuna görə, sonrakı dövrlərdə vəfat edən Səfəvi şeyxlərinin əksəriyyəti də məhz burada dəfn olunmuşdur.

Şeyx Səfiəddinin ölümündən sonra təriqətin başına oğlu Şeyx Sədrəddin gəlmişdir. 1334–1391-ci illərdə təriqət Şeyx Sədrəddinin rəhbərliyi ilə daha da inkişaf etmiş, Qızılbaş ideologiyası kütləvi şəkildə yayılmışdır. 1391-ci ildə Şeyx Sədrəddin vəfat etdikdən sonra onun yerinə oğlu Şeyx  Əlayəddin Əli hakimiyyət başına keçmişdir.

Tarixi mənbələr sübut edir ki, 1391–1424-cü illərdə Səfəvi təriqətinin lideri olan Şeyx  Əlayəddin Əlinin Əmir Teymurla dostluq münasibətləri olmuşdur. Məhz bu dostluq sayəsində Şeyx Ərdəbildəki hakimiyyətini qoruyub saxlaya bilmişdir.

1424-cü ildə oğlu İbrahimi öz yerinə rəhbər təyin edən Şeyx Əlayəddin Əli müqəddəs ziyarətə yollanmış, 1429-cu ildə Həcc ziyarətindən qayıdarkən Qüds şəhəri yaxınlığında vəfat etmişdir.

1424–1447-ci illər aralığında Ərdəbil hakimi və Səfəvi təriqətinin lideri olan Şeyx İbrahimin hakimiyyəti dövründə Qaraqoyunlu dövləti Azərbaycan torpaqlarını idarə edirdi. Şeyx İbrahim Qaraqoyunlularla müttəfiq idi. 1440–1441-ci illərdə Qaraqoyunlu hökmdarı Cəhanşah Həqiqi Gürcüstana yürüş edərkən Şeyx İbrahimin sərkərdəliyi altında olan Səfəvilər də bu yürüşdə iştirak etmişlər.

Şeyx Cüneydin dövründə Səfəvilər dini mənsubiyyətdən siyasi kimliyə çevrilmişlər

1447-ci ildə Şeyx İbrahim vəfat etdikdən sonra oğulları Cəfər və Cüneyd hakimiyyət uğrunda mübarizəyə başlamışlar. Bu mübarizədən Cüneyd qalib çıxmış, 1447–1460-cı illərdə Ərdəbil hakimi olan Şeyx Cüneydin dövründə Səfəvilər dini mənsubiyyətdən siyasi kimliyə çevrilmişlər.

Hakimiyyətinin ilk illərindən Məmlük və Osmanlı dövlətlərinə yürüşlər təşkil edən Şeyx Cüneyd Anadoluda özünə xeyli tərəfdar toplamışdı. Onun müridlərinin sayı artıq on minlərlə ölçülürdü. Ağqoyunlu hökmdarı Uzun Həsənin bacısı Xədicə Bəyimlə evlənən Şeyx Cüneyd hakimiyyətini daha da möhkəmləndirmişdir. Bu tarixi nigahdan sonra Osmanlı və Məmlük sultanları Şeyx Cüneyddən ehtiyat etməyə başlamışlar.

On iki zolaqlı çalma 12 imamı simvolizə edirdi

Şeyx Cüneyd hakimiyyətini möhkəmləndirmək və Səfəvi təriqətini yaymaq məqsədilə bir neçə dəfə Şirvan və Dərbənd ərazilərinə hərbi yürüşlər təşkil etmişdir. Sonuncu yürüşündə Şeyx Cüneydin qüvvələri Şirvanşah I Xəlullullahın ordusu tərəfindən ağır məğlubiyyətə uğradılmışdır.

1469-cı ildə Samur çayının sahilində baş verən döyüşdə Şeyx Cüneyd oxla vurularaq öldürülmüşdür. Onun vəfatından sonra Səfəvilik zəifləyirdi. Atası öldükdə hələ doğulmamış olan Şeyx Heydər bir müddət sonra dayısı Uzun Həsənin sarayında dünyaya göz açmışdır. Uzun Həsən Heydərin təlim və tərbiyəsi ilə şəxsən məşğul olmuşdur.

Şeyx Cüneydin oğlu Heydər 9 yaşında Uzun Həsən tərəfindən Ərdəbilə göndərilmiş, 1471-ci ildə dayısının qızı Aləmşah bəyimlə evləndirilmişdir. Az yaşlı Heydər artıq Səfəvi təriqətinin yeni lideri hesab olunurdu. Dayısı Uzun Əsən Qaraqoyunlular və Teymurlu sultanı Əbu Səidlə mübarizədə zaman-zaman Şeyx Heydərin hərbi gücündən istifadə etmişdir.

1460–1488-ci illərdə Ərdəbil hakimi Şeyx Heydərin müridləri Qızılbaş adlandırılmağa başlamışdır. Bunun səbəbi onların şiə olduqlarını göstərmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymaları idi. 12 zolaqlı çalma 12 imamı simvolizə edirdi.

Sultan Yaqub Fərrux Yasarın istəyini geri çevirməmiş, Süleyman bəy Bican oğlunu 50 minlik ordu ilə Şirvana göndərmişdir

Şeyx Heydər atasının qisasını almaq üçün dəfələrlə Şirvan və Dərbənd istiqamətinə hərbi yürüşlər etmişdir. İlk iki səfərindən zəfərlə ayrılmasa da, xeyli qənimətlə Ərdəbilə qayıtmışdır. Şeyx Heydər üçüncü səfərdə Şirvanşahlar dövlətini tamamilə tarix səhnəsindən silmək niyyətində idi.

1488-ci ildə süvarilərdən ibarət qoşunu ilə Şirvan üzərinə yürüşə başlayan Şeyx Heydər Şamaxı yaxınlığında Fərrux Yasarın qüvvələrini məğlub edərək, milli dövlətçilik tariximizin min illik mərhələsi olan Şirvanşahlar dövlətinə ağır zərbələr vurmuşdur. Döyüşdə məğlub olan Fərrux Yasar Şamaxıdakı Gülüstan qalasına sığınmaq məcburiyyətində qalmış, Ağqoyunlu hökmdarı Sultan Yaquba məktub göndərərək ondan yardım istəmişdir.

Səfəvilərin Şirvanı tutduqdan sonra güclənəcəyini bilən Sultan Yaqub qaynatası Şirvanşah Fərrux Yasarın təklifini geri çevirməmişdir. O, ən güvəndiyi sərkərdəsi Süleyman bəy Bican oğlunu 50 minlik ordu ilə Şirvana göndərmişdir.

Şeyx Heydərin ailəsi Ağqoyunlular üçün ciddi təhlükə sayılırdı

1489-cu ilin iyulunda Şeyx Heydərin ordusu Ağqoyunlu və Şirvanşahların birləşmiş qüvvələri ilə üz-üzə gəldi. Bu döyüşdə Səfəvilər məğlub edildi, Şeyx Heydər isə həlak oldu. Onun başı kəsilərək Təbrizə, Sultan Yaqubun sarayına gətirildi.

Şeyx Heydərin ölümündən sonra Ağqoyunlular onun ailəsini – Aləmşah bəyimi və övladlarını – həbs etdilər. Təxminən 5 il həbsdə qalan Şeyx Heydərin ailəsi Ağqoyunlular üçün ciddi təhlükə hesab olunurdu.

Lakin Şəhzadə Rüstəmin Ağqoyunlu taxtına çıxması ilə vəziyyət bir qədər dəyişdi. Yeni şah, Ağqoyunlu taxtı uğrunda mübarizə aparan digər bir şəhzadə-Bay Sunguru məğlub etmək məqsədilə həbsdə olan Səfəvilərin tərəfdarlarından istifadə etməyi məqsədə uyğun hesab etdi.

Çünki Səfəvilərin kifayət qədər tərəfdarları hələ də həbsdə olan Şeyx Sultan Əlinin yolunu gözləyirdi. Sultan Əli Ağqoyunlularla döyüşdə öldürülmüş Şeyx Heydərin böyük oğlu idi və həbsdə olmasına baxmayaraq, Səfəvilərin yeni lideri hesab olunurdu.

1493-cü ildə Əhər yaxınlığında Ağqoyunlu Rüstəm Mirzə və Səfəvi Sultan Əlinin birləşmiş qüvvələri Şirvanşahlardan hərbi dəstək alan Bay Sungurun ordusunu darmadağın etdi. Şəhzadə Bay Sungur döyüş zamanı həlak oldu. Əldə olunan hərbi uğurda Səfəvilərin xüsusi rolu olmuşdu.

Yeddi yaşlı İsmayıl Ərdəbil hakiminin və Səfəvilərin yeni lideri hesab olunurdu

Bu qələbə Ağqoyunlu hökmdarı Sultan Rüstəmi narahat edirdi. O, Səfəvilərin lideri Sultan Əlinin güclənməsindən ehtiyatlanırdı. Buna görə də, Sultan Rüstəm Bay Sunguru məğlub etdikdən sonra Səfəvilərə qarşı siyasətini sərtləşdirmiş və onları təqib etməyə başlamışdı.

1494-cü ildə Ərdəbil yaxınlığında Şəməsi adlı yerdə baş verən döyüşdə Ağqoyunlular Səfəviləri ağır məğlubiyyətə uğratmış,  döyüş zamanı Səfəvi lideri Sultan Əli həlak olmuş, bir sıra ailə üzvləri isə həbs edilmişdir.

Buna baxmayaraq Səfəvilərin tərəfdarları Sultan Əlinin qardaşları – İsmayıl və İbrahimi Ərdəbildə gizlətməyə nail olmuşdular. Onu da qeyd edək ki, həmin tarixdən – 1494-cü ildən etibarən 7 yaşlı İsmayıl Ərdəbilin və Səfəvilərin yeni lideri hesab olunurdu. Səfəvilər höhmdarının qarşıda Səfəvilər İmperiyasının qurucusu, Qılıncla Qələmin vəhdətində tarix yaradan qüdrətli Sərkərdə-xaqan kimi sınaqlar və təlatümlərlə dolu ömür yolu gözləyirdi.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı metrosunda "İçərişəhər" keçid kamerasında tikinti işləri 2028-ci ilin sonuna qədər tamamlanacaq.

Ən son

GÜNDƏM

Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində

GÜNDƏM

Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin