Nəşr edilmişdir 04/17/2025

Paylaşın

TARİXİMİZ

Səbaildə iri-iri şirkətlər qurulur, Milli Burjuaziyanın təməli qoyulur

Səbail-5-ci hissəI

Beşinci yazı

Bakının inkişafı bu gün olduğu kimi, ötən əsrin əvvəlində də Səbailin adı ilə bağlı olub. Şəhərdə iri-iri binalar, ticarət mərkəzləri, mehmanxana və restoranlarla yanaşı, neft sənayesinin inkişafına, Bakının, Səbailin liman şəhərinə çevrilməsinə təkan verən emalatxanalar qurulub, sənətkarlar zümrəsi yaranıb. Quyuqazanlar, dartayçılar, neft təmizləyənlər, arabaçılar, qırçılar, tuluqçular, neft daşıyanlar, gəmi qayıranlar, kapitanlar, mexaniklər, çəllək qayıranlar, bənnalar, şamtökənlər, suvaqçılar, xarratlar, faytonçular, dəmirçilər, çilingərlər, rəngsazlar, dülgərlər, tornaçılar, daşkəsənlər, daşyonanlar, dəmiryolçular, zənbilçilər Səbailin rəngini, ahəngini dəyişib.
Səbailin sürətli inkişafı şəhərdə həm də taxta-şalban şirkətlərinin qurulması ilə müşaiyət olunur. Adamov qardaşları kompaniyası, Ələsgər Hacıyevin kompaniyası, Mirzəyev firması, Makarov və Sarkisov şirkəti bu sahədə aparıcı şirkətlərdən idi ki, onların da neft sənayesinin inkişafında mühüm yeri var idi. 1900-cü ildə Bayıl buxtasında 14 odun ambarının, 106 neft şirkətinin, 16 neft kəmərinin, 56 mexaniki emalatxananın mövcudluğu Bakının, Səbailin sürətli inkişafına əyani sübutdur. Böyüyən, tərəqqi edən Bakıda “1906-cı ildə ağ neft fənərlərini elektrik çıraqları ilə əvəz edirlər. Hacıbaba Aşurov Kaspi küçəsində elektrik stansiyası tikdirib, küçələrə dirəklər basdırmaq üçün bələdiyyə idarəsi ilə müqavilə bağlayır. 1907-ci ildə şəhərdə avtomobil hərəkəti haqda bələdiyyə idarəsi qərar çıxarır”.
Səbailin inkişafında yeni mərhələ olan avtomobil hərəkəti faytonlardan, karetalardan və konkalardan sonra minik vasitəsi kimi insanlarda heyrət doğursaa da, şəhər əhli tez bir zamanda ola da alışır.
Mədənlər, zavodlar, inşaat meydançaları, yeni tikililər, bina və mülklər, vışkalar Səbaili, Bayıl buxtasını Xəzər hövzəsinin inkişaf etmiş yörəsinə, Bakını isə klassika ilə müasirliyin körpüsünə çevirir. Ötən əsrin əvvəli Səbailin inkişafında əsasən Tağıyevin tarixi tikililəri, quruculuq layihələri ilə müşayiət olunur. Onun Toxuculuq fabriki işə düşür. “Burada fəhlələr üçün məscid və onların uşaqları üçün xüsusi məktəb tikdirir və iki növbədə dərs deməyə öz xərcilə müxtəlif yerlərdən müəllimlər dəvət edir, eyni vaxtda fəhlələrin savadlanması üçün axşam kursları, dərmanxana və tibb məntəqəsi açır”.
Bu ərəfədə şəhərdə, özü də məhz Sabailin ərazisində Dəyirmanın tikilməsi də hadisəyə çevrilir. Tağıyev şəhərin ortasında əhalinin ən ciddi problemlərindən birini həll etmiş olur. Toxuculuq fabriki qurulandan sonra düz 90 il ölkə sənayesinə töhfələr verdi. İstər Səbail bir rayon kimi formalaşdığı dövrdə, istər də ondan əvvəlki zamanlarda: Çar Rusiyası, Cümhuriyyət dönəmində, Şura hökuməti illərində, Bayıl – Bibiheybət, Stalin və 26 Bakı komissarı rayonu kimi fəaliyyət göstərdiyi ərəfələrdə Toxuculuq fabriki Tağıyevin Toxuculuq fabriki kimi nüfuzunu qorudu.
Tağıyev onun qurulması üçün ömrünün 6 ilini həsr etmiş, Peterburqda, Moskvada əyləşən Çar məmurlarına hədiyyə adında ətəl-ətək rüşvət vermişdi. “Rus toxuculuq sənayesinin kralı hesab olunan Morozov başda olmaqla 28 fabrikantla üz-üzə gəlib mübarizə aparmışdı. Onlar pambıq tarlalarının Bakıya yaxın olmasını nəzərə alıb məhsulun ucuz tamam olmasından, İran, Türkiyə, Türküstan bazarının əldən çıxmasından qorxur, rəqabətdən narahat idilər. Qafqazın özündə bezin qiyməti birdən-birə neçə dəfə ucuzlaşırdı. Bu hesabdan Yaxın Şərq və Orta Şərq, müsəlman aləmi bazarlarında da eyni vəziyyət təkrar olacaqdı”.
Deyirlər, Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan hadisədən xəbər tutandan sonra Hacıya fabriki Buxara, Səmərqənd, ya da Xivədə tikməyi təklif edir. Fabriki pambıqla təmin etməyə də vəd verir. Tikib qurduqlarını məmləkət naminə edən, sərmayəsini millətin tərəqqisinə yatıran Tağıyev bütün maneələrə baxmayaraq fabriki məhz Bakıda, Səbaildə, Xəzərin sahilində qurur. Pambıq probleminin həlli üçün Cavanşir qəzasından, Şərqi Zəngəzurdan, Qarabağdan torpaq alır. Fabrik dəzgahlarını İngiltərədən, Avropanın müxtəlif dövlətlərindən gətirən Tağıyev Bakının, əslində isə təkcə Bakının deyil, Qafqazın ilk Toxuculuq Fabrikini qurur.
Hacı Zeynalabdin Tağıyev tarixi şəxsiyyət olmaqla, həm də tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin, istiqlal fədailərinin dostu idi. Onu təkcə Azərbaycanda deyil, Orta Asiyada – Türküstanda, Turan ellərində, Osmanlıda, Azərbaycanın güneyində, Yaxın və Orta Şərqdə sevirdilər. Xeyirxahlıq, yaxşılıq missiyasına görə onu özlərinin mənəvi lideri hesab edirdilər. Rusiya-Türkiyə müharibəsi zamanı Osmanlıya yarımlar edən, Osmanlıdan Azərbaycana – Nargin adasına sürgün edilən əsirləri himayə etməkdən çəkinməyən, Sarıqamış və Çanaqqala hadisələri ilə bağlı əlindən gələni əsirgəməyən, bir türk, müsəlman kimi vicdan və vəfa borcunu yerinə yetirən Tağıyev Pakistanda dəhşətli xəstəliklər tüğyan edəndə, insanlar ölümlə pəncə-pəncəyə gələndə yardım və dava-dərman karvanları ilə bir müsəlman kimi əzəmətin, dini etiqadın, din qardaşlarına sevginin imtahanından çıxır.
Məhz bu səbəbdən I Qarabağ savaşında Azərbaycanın yanında olan Pakistanın Baş Naziri Bənazir Bhutto dövlətinin adından 2 milyon dolları Azərbaycan Ordusuna yardım fonduna bağışlamış Tağıyevin ruhu qarşısında vicdan və vəfa borcunu yerinə yetirmişdir. 44 günlük Vətən savaşında, haqq davasında şəhid Baş nazirin Tağıyevə, onun simasında Azərbaycan xalqına sonsuz sevgisini Pakistanın Baş naziri, Pakistan xalqının iradəsinin təmsilçisi İmran Xan sübuta yetirmişdi. Qarabağda, Şərqi Zəngəzurda, Şuşa qalasında, Xudafərin körpüsündə Azərbaycan Respublikasının, Türkiyə Cümhuriyyətinin, Pakistan Dövlətinin birlik, bütövlük, qardaşlıq rəmzi olan bayraqları qoşa dalğalanmışdı. Bu birliyin, dostluğun, qardaşlığın təməlini Tağıyev Bakıda, Səbail qəsrində qoymuşdu.
İstər ötən əsrin on səkkizinci illərində, istər də 2020-ci ilin payızında Osmanlı ordusu, Türkiyə Cümhuriyyəti Nuru Paşanın, Kazım Qarabəkir Paşanın, Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, Hülusi Akarın, iradəsi ilə Tağıyev irsinə sədaqət hissini dünyaya bəyan etmişdir.

Buxara Əmiri Tağıyevə və qayınatası general-mayor Ərəblinskiyə “Uçan Ulduz” qızıl ordenini Səbail qəsrində təqdim etdi

Tağıyev toxuculuq fabrikini quranda ona maneə olan qüvvələrə görk olsun deyə, Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan onun Buxarada, Xivədə, Xarəzmdə tikməyi məsləhət bilmişdi. Tağıyev sərvətindən keçib ətək-ətək pul xərcləsə də, Vətəndən dönməmişdi. Baxmayaraq ki, Buxara əmiri ilə Tağıyev çox yaxın dost idi. Seyid Mir Əbdül Əhəd xan hər il Qafqaza istirahətə gələndə Tağıyevin Səbaildəki məşhur malikanəsində və Mərdəkandakı bağında dincini alır, sonra yoluna davam edərdi. Səbaili, Bakını, Xəzər dənizini, Bayıl buxtasını, İçərişəhəri, Qız qalasını, Atəşgah məbədini sevərmiş. Ana tərəfdən həm də, Əhli-beytə bağlı olan Əmir Nardaran və Bibiheybət pirlərində namaza durar, Tağıyevin neft mədənləri, Toxuculuq fabriki, zavodları, Xeyriyyə Cəmiyəti, Teatrı, Qız Məktəbi, Mərdəkandakı Bağçılıq Məktəbi ilə maraqlanar Səbail qəsrində, Şirvanşahlar Saray Kompleksində tarixi anlar yaşayar, bir türk-müsəlman olaraq qürur hissi yaşadığını dilə gətirərmiş. Xarəzmşahların incilərindən, Xarəzm Universitetindən, Uluqbəy Rəsədxanasından, Miri-Gurdan, Teymurlu xanədanına məxsus Məqbərə Kompleksindən, Bibixanım məscidindən söz açdıqca Səbailin yaraşığı olan Çəmbərəkənddən Xəzər dənizini, Bayıl buxtasını seyr etməkdən doymazmış. Əmir Əbdül Əhəd Xan Bakıya gələndə Səbaildə xüsusi təntənə yaşanar, mərasim qurulardı. “Qafqaz-Merkuri” körpüsündə dövlət adamları – qubernator, onun müavini, liman rəisi vitse-admiral, hərbi hissə komandiri, bələdiyyə rəisi, polismeyster və digər rəsmi yüksək mənsəb sahibləri qarşılayardılar. Körpüyə xalı-xalça döşənər, çox yerdə bayraqlar sancılardı. Hərbi orkestr marş çalar, kazaklardan ibarət fəxri qarovul amadə durardı; xoşamədi nitqlər söylənərdi. Hacı Zeynalabdin Tağıyevin Avropadan təzə gətizdirdiyi çarxları qalın, yumşaq üfürülmə rezinli faytonda kazak eskortu müşayiətndə iqamətgaha yollanardı. Eyni təntənəli mərasim əmir vağzaldan xüsusi sürət qatarı ilə Şimali Qafqaza gedəndə və dala qayıdanda təkrar edilərdi. Əmiri qarşılamaq və yola salmaq üçün bəzən Tiflisin komendantı Bakıya gələrdi. Əmiri bir rus generalı, bir rus həkimi, Şıxəlibəyov adlı dilmanc, iyirmidən çox yüksək rütbəli Buxara əyanı və zadəganı müşayiət edərdi. Bütün mərasimlərdə İran konsulu Mirzə Mehdi xan da iştirak edərdi. Buxara əmiri hər dəfə Bakının bir neçə nəfər yüksək rütbəli mənsəb sahibinə, milyonçulara, hətta adi adamlara belə birinci dərəcəli, ikinci dərəcəli qızıl və gümüş orden – “Ucalan Ulduz” və digər Buxara medalları bəxş edərdi. Hacı Zeynalabdin Tağıyev və onun qayınatası general-mayor Ərəblinski də birinci dərəcəli “Ucalan ulduz” qızıl ordenilə təltif olunanlardan idi; Hacıya iri, çox qiymətli bir saat da bağışlamışdı, arxa tərəfində xoş sözlər həkk olunmuşdu”.
Əmirin Bakıya, Şimali Qafqaza səfəri ilə bağlı fikirlərini davam etdirən yazıçı-publisist Manaf Süleymanova istinadən qeyd edə bilərik ki, “Çarxlı üfürmə yumşaq rejimli faytonda Əmirin çox xoşuna gəlmişdi. Tağıyev həmin faytonun bütün mayətacı – atları və mehtərilə Buxara əmirinə hədiyyə göndərmişdi. Mehtər Buxarada qala bilməmiş Bakıya dönmüşdü”.
Bütün həyatını Bakının, Səbailin, Vətəninin tərəqqisinə həsr edən İrəvanın və Təbrizin ictimai-siyasi, mədəni mühitinin inkişafına da sərmayələr yatıran, Güney Azərbaycandakı Səttərxan hərəkatına dəstək olan Hacı Zeynalabdin Tağıyev Cümhuriyyət qurucularına da yaxından dəstək verir, gələcəkdə İstiqlal Bəyannaməsinə imza atan Əliəsgər bəy İbrahim Xəlil bəy oğlu Mahmudbəyovu “Parça toxuculuğu sənayesini Zaqafqaziyada monopoliya etmək üçün Tiflisə göndərir. Mixaylovski küçəsində torpaq icarəyə götürüb fabrik tikdirir və başlayır bez buraxmağa. Bu fabriki də xam malla – pambıqla Azərbaycanın pambıq əkən Qərb rayonları təmin edirdi: həm də fabriki yaxın olduğu üçün nəqliyyata az pul xərcləmirdi, parça ucuz başa gəlirdi”.
Onu da qeyd edək ki, Tağıyevin gözü götürməyənləri bu məsələdə də onu sıxıntıya salmışdı. Milyonlarla vəsait həsr edib fabriklər quran Tağıyevə yalnız bez buraxmağa icazə vermişdilər. Mərkəzi Rusiyadakı toxuculuq fabrikantları qoymamışdılar ki, çit və digər parçalar buraxsın. İstehsal olunan parça ilk illərdə Qafqazda, Türküstanda və İranda satılırdı. Lakin üç-dörd il keçəndən sonra müsəlman məmləkətlərində Məkkəyə, Həcc ziyarətinə yollananlar və ölülələri dəfn-kəfən edənlər Tağıyev fabrikinin bezini alırdı ki, onu müsəlman fəhlə və ustaları toxuyur, pakdır.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsrlər qovşağında kapitalist Bakı

Ən son

GÜNDƏM

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media

GÜNDƏM

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media