Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/08/2025

Paylaşın

TARİXİMİZ

Şuşanın fəthi –  Gücün, İradənin və Qəhrəmanlığın Manifesti

Şuşanın fəthi, Şuşa

2020-ci il noyabrın 8-də biz bir millət, məmləkət olaraq tarixin ən qüdrətli səhifəsini yazdıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində əldə edilən tarixi Qələbə yalnız ərazi bütövlüyümüzü bərpa etmədi, eyni zamanda xalqın milli ruhunu, dövlətin siyasi iradəsini, ordunun gücünü dünyaya nümayiş etdirdi.

Bu Qələbə yalnız hərbi zəfərlə yekunlaşmadı. Yeni bir mərhələnin əsasını qoydu. Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, “Böyük Qayıdış” prosesi və regional sülhün qurulması dövrü başladı. Son beş ildə bu torpaqlarda həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq və diplomatik təşəbbüslər Azərbaycanın qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirdi. 2020-ci ildən bəri Qarabağda görülən bərpa işləri misilsiz miqyas aldı. Prezident İlham Əliyev hələ müharibədən sonra “Biz bu torpaqları dirçəldəcəyik, Qarabağı cənnətə çevirəcəyik” demişdi. Bu gün həmin kəlamlar gerçəyə çevrilib. Artıq 1400 kilometrdən çox yeni avtomobil yolu, 300 kilometrə yaxın dəmir yolu, üç beynəlxalq hava limanı Füzuli, Zəngilan və Laçın istifadəyə verilib. Bu limanlar Qarabağın “hava qapısı” kimi xidmət edir, həm humanitar yüklərin daşınmasında, həm də xarici investorların bölgəyə gəlməsində mühüm rol oynayır.

Ağıllı kəndlərdən Ağıllı şəhərlərə

Beş il əvvəl sükutun hökm sürdüyü, hər addımda mina təhlükəsinin hiss olunduğu Qarabağ torpaqları bu gün həyat səsi ilə doludur. Küləyin səsi indi tikinti maşınlarının, uşaqların gülüşünün, məktəb zənglərinin səsinə qarışır. Azadlıqdan sonra başlayan “Böyük Qayıdış” proqramı artıq reallığa çevrilib, yurd həsrəti bitir, həyat yenidən doğulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proqram təkcə köç prosesi deyil, həm də tarixi ədalətin bərpası, milli ruhun dirçəlişi deməkdir.

Bərpa prosesi çərçivəsində Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın şəhərlərinin baş planlarının təsdiqlənməsi Qarabağda müasir şəhərsalmanın yeni mərhələsini açdı. Bu planlar sadəcə tikinti sənədi deyil, həm də azad olunmuş torpaqlarda həyatın yenidən təşkili konsepsiyasıdır. Yeni baş planlar üzrə hər şəhərin memarlıq ruhu həm milli kimliyi, həm də müasir urbanizasiyanı əks etdirir. Füzuli şəhərinin planında “ağıllı nəqliyyat sistemi”, “yaşıl enerji ilə işləyən küçə işıqlandırması” və “ekoloji park zolaqları” nəzərdə tutulub. Şəhərin mərkəzi meydanında yerləşəcək “Zəfər Kompleksi” isə azadlıq və yenidənqurmanın rəmzinə çevriləcək. Cəbrayıl şəhərində sənaye və logistika zonası qurulur. Bu istiqamətdə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı təsis edilib və onun əsas məqsədi regionu istehsal və ticarət mərkəzinə çevirməkdir. Eyni zamanda, şəhərin cənub hissəsində “Yaşıl Texnopark” layihəsi reallaşdırılır. Burada günəş panelləri, elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri və aqrotexnologiya laboratoriyaları fəaliyyət göstərəcək. Laçın şəhərinin baş planı isə dağ ekosisteminə uyğun, təbiətlə harmoniya içində planlaşdırılıb. Burada dağ turizmi, ekoloji kənd təsərrüfatı və qış idmanı infrastrukturu əsas inkişaf istiqamətləridir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Laçın Azərbaycan dağ turizminin paytaxtına çevriləcək.”

Bu konsepsiyaların ən parlaq nümunəsi isə Zəngilanın Ağalı kəndidir. Bu kənd artıq “ağıllı kənd” modelinin gerçək simasına çevrilib. Burada enerji tam bərpa olunan mənbələrdən günəş panelləri və bioenerji sistemlərindən əldə olunur. Kənddə ağıllı idarəetmə sistemi fəaliyyət göstərir: hər evdə “ağıllı sayğac”, “ağıllı suvarma”, “enerji monitorinqi” və rəqəmsal kənd idarəetmə mərkəzi mövcuddur.

Eyni zamanda, Qarabağın mədəni paytaxtı – Şuşa şəhəri yenidən qurulur. Azərbaycanın musiqi və ədəbiyyatının beşiyi olan bu qədim şəhər, hər daşında tarix, hər küçəsində mədəniyyət nəfəsi ilə canlanır. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, Xurşidbanu Natavan və Üzeyir Hacıbəyli irsinə həsr olunmuş tədbirlər, Bülbülün ev-muzeyi Qarabağın dirçəlişinin, mədəni zənginliyinin göstəricisidir. Beləcə, Qarabağda kənd və şəhər həyatı bir-birinə inteqrasiya olunur: burada texnologiya, davamlı inkişaf, mədəni irs və təhsil bir araya gəlir. Kəndlər müasir imkanlarla, şəhərlər isə tarixi və mədəniyyət zənginliyi ilə seçilir. Bu sintez Qarabağın gələcəyinin həm dayanıqlı, həm də mədəni baxımdan zəngin olacağını göstərir. Şuşada yalnız mədəniyyət deyil, həyatın bütün sahələri yenidən canlanır. Burada yaşayış kompleksləri inşa edilir, tarixi memarlıq abidələri bərpa olunur, məscidlər və çeşmələr sakinlər və turistlər üçün yenidən açılır. Yaradıcı mərkəzlər, konfrans və turizm infrastrukturu şəhəri gənclərin yaradıcılığı və regional iqtisadi inkişaf üçün də cəlbedici məkana çevirir. Təhsil də regionun gələcəyində mühüm rol oynayır. Regionun universitet və musiqi məktəbləri, o cümlədən Qarabağ Universiteti və Ağdam Musiqi Məktəbi gəncləri yalnız biliklə təmin etmir, onları gələcək nəsillərə dayanıqlı bacarıqlar ötürməyə hazırlayır. Hər tələbə, hər musiqi ifası, hər elmi araşdırma Qarabağın dirçəlişinə bir işıq qatır. Şuşa indi həm tarix, həm mədəniyyət, həm də müasir həyatın harmoniyasını əks etdirir. Burada qədim qala divarları ilə yeni yaşayış kompleksləri, tarixi məscidlər ilə innovativ təhsil müəssisələri bir-birinə qarışır. Bu şəhər Azərbaycanın zəfərinin, Qarabağın dirçəlişinin nişanəsidir.

Qarabağ, Şərqi Zəngəzur “yaşıl enerji zonası”

Bu iki nəhəng layihə Azərbaycanın gələcək iqtisadi simasını formalaşdırır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edilib. Bununla da bölgədə yeni bir dövr – “yaşıl dirçəliş dövrü” başlayıb. Bu, Azərbaycanın enerji strategiyasının növbəti mərhələsidir.

Cəbrayıl və Zəngilanda BP, Masdar və ACWA Power kimi beynəlxalq şirkətlərin iştirakı ilə günəş və külək stansiyaları tikilir. Bu layihələr həm enerji ixracını artırır, həm də ekoloji baxımdan dayanıqlı inkişaf modelini formalaşdırır. 240 meqavat gücündə Cəbrayıl Günəş Elektrik Stansiyası, Zəngilan – Cəbrayıl Enerji Korridoru, Laçın və Kəlbəcərdə yeni hidroqovşaqları Azərbaycanın enerji xəritəsini yenidən yazır.

Bu yenidənqurmanın ikinci nəfəsi isə Zəngəzur Dəhlizidir. Bu dəhliz Azərbaycanı Naxçıvan, Türkiyə və daha sonra Avropa və Orta Asiya ilə birləşdirən yeni tranzit xəttidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Zəngəzur Dəhlizi XXI əsrin əsas nəqliyyat arteriyası olacaq.” Horadizdən Qarsa uzanan bu strateji yol Azərbaycanın qitələri birləşdirən logistika sisteminə çevrilir. Artıq 80 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun əsas hissəsi hazırdır, Zəngəzur magistralında tunellər və körpülər yüksəlir. Bu dəhliz Naxçıvanı və Türkiyəni birləşdirməklə, Asiyadan Avropaya uzanan yeni “İpək Yolu”nu reallığa çevirir. Bu marşrut yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının iqtisadi və logistik birliyini möhkəmləndirir. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının son Zirvə görüşündə bu layihə “Türk birliyinin arteriyası” adlandırıldı.

Qarabağdan  Türküstana…

2020-ci ilin payızında baş verən Qarabağ Zəfəri yalnız bir müharibənin qalibiyyəti deyildi. Bu, həm də Türk dünyasının birliyinin, ortaq ruhunun oyanışı idi. Həmin günlərdə bütün türk dövlətlərinin ürəkləri bir döyünürdü. Azərbaycan bayrağı ilə Türkiyə və Pakistan bayraqları yanaşı dalğalanarkən, bu qardaşlıq hissi təkcə duyğu deyil, yeni bir siyasi, iqtisadi və mənəvi ittifaqın təməldaşı kimi formalaşırdı. Bu gün artıq həmin birlik sarsılmaz strateji müttəfiqliyə çevrilib.

2021-ci ilin 15 iyunu günü tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan mədəniyyətinin beşiyi, müqəddəs Şuşa şəhərində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzaladılar. Bu sənəd təkcə iki dövlətin dostluq rəmzi deyil, bütün Türk dünyasının birliyinin strateji əsasnaməsi kimi dəyərləndirilir. Bəyannamə ilə Azərbaycan və Türkiyə münasibətləri “strateji müttəfiqlik səviyyəsinə” yüksəldi. Sənədin hər bəndi müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrində birgə addımların yol xəritəsini müəyyənləşdirdi. Bu birliyin əyani təzahürü artıq Qarabağ torpağında görünür. 50-dən çox türk şirkəti Şərqi Zəngəzur və Qarabağın yenidən qurulmasında iştirak edir. Onların hər biri yalnız inşaat deyil, sülhün, dostluğun və sabitliyin memarlarıdır.

2023-cü ilin iyulunda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bu mənada simvolik idi. Zəfər torpağında toplanan türk liderləri “Türk Dünyası 2040 Baxış Sənədi” üzrə gələcək yol xəritəsini müəyyən etdilər. Nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat, müdafiə və mədəni inteqrasiya kimi sahələrdə vahid türk stratejisi artıq reallığa çevrilir.

Azərbaycanın qlobal gücünün təsdiqi –  “Tramp Memorandumu”

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında tarixi əhəmiyyətə malik “Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” imzalandı. Bu sənəd Azərbaycan ilə ABŞ arasında münasibətləri yeni strateji tərəfdaşlıq mərhələsinə daşıyaraq iki ölkənin enerji, təhlükəsizlik və innovasiya sahələrində birgə fəaliyyətini sistemli şəkildə genişləndirməyi nəzərdə tutur. Prezident İlham Əliyev qeyd etdi ki, bu razılaşma “Azərbaycan diplomatiyasının çoxvektorlu və müstəqil kursunun növbəti uğurudur.”

Memoranduma əsasən iki dövlət arasında yaradılan Strateji İşçi Qrupu qarşıdakı altı ay ərzində Strateji Tərəfdaşlıq Xartiyasını hazırlayacaq və əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək. Enerji və tranzit – Cənub Qaz Dəhlizinin genişləndirilməsi, enerji ixrac marşrutlarının təhlükəsizliyinin təmin edilməsi və Xəzər – Qara dəniz bağlantılarının inkişafı, İqtisadiyyat və innovasiya, rəqəmsal infrastruktur və yüksək texnologiyalar üzrə birgə layihələrin icrası, Təhlükəsizlik və müdafiə – Müdafiə sənayesi məhsullarının satışı, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorizmə qarşı mübarizədə əməkdaşlıq kimi sahələr məhz bu anlaşmanın əsas istiqamətlərini müəyyən edir. Qarabağda aparılan bərpa və enerji layihələri, xüsusən də Zəngilan–Laçın istiqamətində tətbiq olunan “Sərhəd Texnologiyaları Layihəsi” ABŞ ilə strateji əməkdaşlığın praktiki təzahürü hesab olunur. Bu layihə çərçivəsində müasir müşahidə sistemləri, enerji təhlükəsizliyi infrastrukturu və kibermüdafiə texnologiyaları bölgədə tətbiq ediləcək, enerji sektorunda,rəqəmsal diplomatiya sahəsində yeni imkanlar açacaq. Layihə çərçivəsində  həmçinin ABŞ şirkətlərinin Azərbaycanın yaşıl enerji layihələrinə sərmayə yatırması, süni intellekt və innovasiya sahəsində birgə mərkəzlərin yaradılması məsələləri də nəzərdə tutulur. Bu sənəd bir daha sübut edir ki, Azərbaycan artıq regionda təkcə enerji ixracatçısı deyil, həm də sabitliyin və tərəqqinin etibarlı qarant, tərəfdaşıdır.

Azərbaycan – İpək Yolunun mələk donlu elçisi

Bu gün qədim İpək Yolunun nəfəsi yenidən dirçəlir, lakin bu dəfə onun ritmi müasir Bakıdan gəlir. Azərbaycanın qapılarından keçən ticarət karvanları artıq yalnız tarixin deyil, həm də gələcəyin xəritəsini cızır. Şərqdən – uzaq Çindən başlayan bu yol Qafqazın ürəyinə – Bakı limanına qədər uzanır və buradan Avropaya səmərəlilik, sürət və etibar daşıyır.

“Bir Kəmər, Bir Yol” təşəbbüsünün ən mühüm tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan bu gün Avrasiyanın logistik nəbzini əlində tutur. Bakı–Tbilisi–Qars dəmir yolunun istismara verilməsi ilə Çin yüklərinin bu marşrut üzrə həcmi son illərdə 20 faiz artıb. Bu rəqəmlər sadəcə iqtisadi göstərici deyil  bu, Azərbaycanın beynəlxalq etimad və etibar körpüsünə çevrildiyinin sübutudur.

Hazırda Bakı ilə Pekin arasında “Yaşıl Ticarət Dəhlizi” üzrə yeni saziş layihəsi hazırlanır. Bu sənəd həm də ekoloji məsuliyyətin də sərhədlərini genişləndirəcək. “Rəqəmsal İpək Yolu” konsepsiyası ilə Azərbaycanın coğrafiyası yenidən bir mədəni və iqtisadi qovuşma məkanına çevrilir. Burada Şərqin zəngin təcrübəsi Qərbin innovasiyası ilə birləşir. Azərbaycan diplomatiyası üç istiqamətdə Türk dünyası, Qərb və Şərq arasında incə, amma möhkəm bir tarazlıq yaradır. Şuşadan Astanaya, Vaşinqtondan Pekinə qədər uzanan bu diplomatik xəritənin mərkəzində Bakı – sabitliyin və tərəqqinin paytaxtı dayanır.

Bu çoxşaxəli siyasət Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı, ölkəni enerji, logistika və təhlükəsizlik baxımından regionun əsas dayağına çevirib. Əsrlər öncə karvan yolları ilə daşınan ipək indi rəqəmsal məlumat, enerji və ideyalar şəklində Azərbaycan torpağından keçir. Beləcə, qədim İpək Yolunun müasir nəfəsi bu torpaqlarda yenidən duyulur  lakin bu dəfə karvanların başında Azərbaycan dayanır: müstəqil, güclü və qlobal nizamın etibarlı dayağı kimi.

Ulu Öndərin müqəddəs amallarının gerçəyə çevrilməsi

Tarixi Zəfərin beş ili, bu ifadə artıq Azərbaycan tarixində qürur, fərəh və milli dirçəliş rəmzinə çevrilib. 2020-ci ilin şanlı 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyi, əzmi və iradəsi sayəsində tarixi ədalətin bərpası ilə nəticələndi. Bu möhtəşəm Qələbə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, strateji düşüncəsinin və sarsılmaz iradəsinin bəhrəsidir. İlham Əliyevin rəhbərliyi altında ordumuz düşməni darmadağın edərək torpaqlarımızı azad etdi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və dövlətimizin suverenliyini bərpa etdi. Bu Zəfər, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin illərlə arzuladığı müqəddəs amalların gerçəkləşməsi, onun siyasi kursunun və milli ideyalarının real nəticəsidir. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir! ” kəlamı artıq təkcə ideya deyil, müzəffər ordumuzun qanı, xalqımızın birliyi ilə təsdiqlənmiş tarixi həqiqətdir. Prezident İlham Əliyev bu böyük missiyanı – ata vəsiyyətini – ləyaqətlə, şərəflə yerinə yetirdi. Lakin Zəfər təkcə hərbi güc və qələbə ilə ölçülmür. Bu qələbənin mənəvi dayağı xalqın birliyi, dövlətin xalqına olan diqqəti və qayğısıdır. Hər bir qəhrəmanın, hər bir ailənin arxasında bir mələk dayanır – mərhəmətin, şəfqətin və dəstəyin simvolu olan Azərbaycan qadını. Bu mənada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın milli birliyinin, humanizmin və vətənə sevginin təcəssümüdür.

Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi mənəvi dəstək, onların həyatına işıq saçan qayğı və diqqəti hər bir vətəndaş üçün nümunədir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə sosial məsuliyyətin, mərhəmətin və insanlığa xidmətin rəmzinə çevrilib. Fondun həyata keçirdiyi çoxsaylı layihələr şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qazilərin reabilitasiya və müalicə proqramları, təhsil, mədəniyyət və idman sahəsindəki təşəbbüslər dövlətin və cəmiyyətin bir məqsəd uğrunda birləşməsinin bariz göstəricisidir. Heydər Əliyev Fondu təkcə yardımlar paylamır, o, insanlara ümid verir, həyatlarını dəyişir, gələcəyə inam bəxş edir. Fond tərəfindən həyata keçirilən “Yeniləşən Qarabağ”, “Şəhid ailələrinə dəstək”, “Qazilər üçün reabilitasiya mərkəzləri” kimi layihələr bir millətin öz qəhrəmanlarına göstərdiyi dərin hörmətin ifadəsidir. Hər bir tədbir, hər bir yardım paketi, hər bir reabilitasiya proqramı həm də bir mesaj daşıyır – “Siz Vətən üçün döyüşdünüz, Vətən də sizin üçün var.” Bu mesaj xalqla dövlət arasında sarsılmaz bağın, etimadın və qarşılıqlı sevginin rəmzidir. Zəfərin beşinci ili münasibətilə biz bir daha anlayırıq ki, bu Qələbə yüzillərlə formalaşmış milli kimliyimizin, iradəmizin və birliyimizin təntənəsidir. Qarabağ artıq dirçəlişin, quruculuğun, bərpa və yenidən doğuluşun məkanıdır. Azad edilmiş torpaqlarda tikilən məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və məscidlər Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyini göstərir. Bu gün Azərbaycan xalqı Zəfər bayramını qeyd edərkən həm qəhrəman şəhidlərimizin ruhuna ehtiramını bildirir, həm də dövlətimizin gücünə, xalqımızın birliyinə inamını bir daha nümayiş etdirir.

Güclü dövlət – güclü ordu prinsipi

Ötən beş ildə Azərbaycan Ordusu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığı artdı, şəxsi heyətin döyüş ruhu yüksəldi, mənəvi-psixoloji hazırlığı gücləndi, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu. Bu səylər Azərbaycan Silahlı Qüvvələrini regionun ən qüdrətli ordularından birinə çevirdi. Ali Baş Komandanın uzaqgörən strategiyası “Güclü dövlət – güclü ordu” prinsipi üzərində qurulmuşdu və ilk məqsəd torpaqlarımızı düşmən tapdağından xilas etmək, ərazi bütövlüyümüzü təmin etmək idi. Dövlət büdcəsində hər il müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu modernləşdirildi. Bu qüdrət beynəlxalq səviyyədə də tanındı və Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. 2011-ci il iyunun 26-da Bakıda keçirilən Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilmiş hərbi parada bu güc və peşəkarlıq ilk dəfə açıq nümayiş etdirildi. Ordumuz 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt Zəfəri ilə uğurlu əməliyyatlar həyata keçirdi. Bütün bu nailiyyətlərdən sonra isə tarixi an yetişdi: 2020-ci il sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq Azərbaycan Ordusunun Haqq yürüşü başladı. 44 gün davam edən Vətən müharibəsi zamanı ordumuz sarsıdıcı zərbələr endirdi, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Ermənistan cəmi 44 gün tab gətirə bildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri xalqımızı həsrətində olduğu torpaqlara qaytardı, vətəndaşların ürəyində qürur,  sevinc yaratdı.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı bu Qələbənin və Ordumuzun gücünün dünyaya nümayişi oldu.

 Ordunun Qüdrəti, Xalqın Birliyi, Dövlətin Əzəməti

Ordumuzun qəhrəmanlığı 2020-ci ilin şanlı Qələbəsi ilə tamamlanmadı. Azərbaycan əsgəri, Ali Baş Komandanın əmrlərini dəqiqliklə yerinə yetirərək, daim ayıq-sayıq mövqedə dayandı, ölkəmizin suverenliyinin və təhlükəsizliyinin keşiyində mətin dayanmağı davam etdirdi.

2023-cü il sentyabrın 19–20-də həyata keçirilən uğurlu əməliyyatla Azərbaycanın suverenliyi bərpa edildi, dövlətin bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qürurla dalğalandı.

Bu tarixi hadisə bir daha göstərdi ki, Azərbaycan Ordusu regionda sülhün, ədalətin və sabitliyin qarantıdır. Onun qarşısında heç bir qüvvə dayana bilməz, çünki bu ordu xalqın iradəsindən, dövlətin qüdrətindən, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyindən güc alır. 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən Zəfər paradı bu möhtəşəm tarixi yekunlaşdırdı. O gün Xankəndidə dalğalanan üçrəngli bayraq suveren Azərbaycanın rəmzinə çevrildi.

 Parad bir daha sübut etdirdi ki, Azərbaycan Ordusu məğlubedilməzdir, qalibdir və bu qalibiyyət əbədi olacaq! Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində ən uca, ən müqəddəs duyğu kimi daima yaşayacaqdır. Onların canı, qanı bahasına qazanılan bu Qələbə hər bir azərbaycanlının qürur mənbəyidir. Onların ruhuna ehtiram əlaməti olaraq Bakıda və Gəncə ucaldılan Vətən Müharibəsi Memorial Kompleksi, Zəfər Muzeyi, 10 hektara yaxın ərazini əhatə edən Zəfər Parkı, Zəfər Tağı dediklərimizə əyani sübutdur!

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə yazıçı, publisist Şahanə Müşfiqin Vətən müharibəsi şəhidimiz mayor Natiq İsmayılovun
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin