Azərbaycan ədəbiyyatı tarixində sürgün, mühacirət və milli iztirabın bədii ifadəsinə çevrilən nadir simalardan biri də Almas İldırım olub. Əsl adı Əbdülhəsən Almaszadə olan bu mühacir şair, təkcə poetik istedadı ilə deyil, həm də həyatının keşməkeşli yollarında milli kimliyini qorumağa çalışması ilə yadda qalıb.
Mühacirliyin acı taleyi
1907-ci ildə Bakının Qala kəndində anadan olan Almas İldırım, sovet rejiminin zülmünə qarşı içində yanan milli azadlıq istəyi ilə yaşayıb-yaradan bir vətən şairi idi. Onun ömür yolu repressiya, sürgün və nəhayət, mühacirətlə formalaşmışdı.
Əsilzadəliyi, varlı tacir oğlu olması və şeirlərində millətçi fikirləri açıq-aşkar ifadə etməsi onu sovet rejimi üçün “təhlükəli” şəxsə çevirmişdi.
Almas İldırım iki dəfə sürgün edilib: Dağıstana və Türkmənistana. 1933-cü ildə ailəsi ilə birlikdə İrana, oradan isə Türkiyəyə keçməsi, onun ömrünün mühacirət səhifəsini açır. 1952-ci ildə Türkiyədə, Elazığda vəfat edən Almas İldırım ömrünün sonuna qədər vətən həsrəti ilə yaşadı. Onun şeirləri isə hələ sağlığında Azərbaycan kitabxanalarından “zərərli ədəbiyyat” kimi yığışdırılmışdı.
Şeirində Vətən: “Əsir Azərbaycanım”
Almas İldırımın poeziyasında vətən obrazı real coğrafi məkan olmaqdan çıxıb müqəddəs bir məbədə, sevgilisinə, anaya, dini inanca çevrilir. Şairin ən çox sevilən və yayılmış şeiri “Əsir Azərbaycanım” da məhz bu hisslərin ən sıx ifadə olunduğu nümunədir.
Vətən – Ana, Allah, Kəbə…
Şeirə daxil olan ilk misralardan etibarən Almas İldırım Azərbaycanı ana obrazında təqdim edir:
“Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə layla balam çağıran…”
Bu misralar təkcə fiziki doğumdan yox, mənəvi formalaşmadan bəhs edir. Almas İldırım üçün Azərbaycan onu yalnız dünyaya gətirən deyil, onu formalaşdıran, ruhi kimliyini verən müqəddəs bir anadır.
Daha sonra bu münasibət dini və ilahi səviyyəyə qalxır:
“Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz nedəm Allahı mən, dini mən…”
Burada şair Azərbaycanı imanın mərkəzi, möminin Kəbəsi kimi təsvir edir. Vətəni itirmək sadəcə yeri, yurdu, məkanı yox, inancı da itirmək deməkdir. Bu, yalnız fiziki yox, ideoloji və mənəvi əsarət deməkdir.
“O neft qoxan gülümdən” – müasirlik və faciə
Şeirin ən çox diqqət çəkən, simvolik gücə malik misralarından biri isə budur:
“Nazlı Bakım, o neft qoxan gülümdən…”
Bu misra sadə nostalji ifadəsi deyil, çoxqatlı metaforadır. Şair Bakını “nazlı”, yəni zərif və incə bir varlıq kimi təqdim edir, lakin o, artıq “neft qoxur”. Bu misrada neft həm milli sərvət, həm də o dövr üçün faciə simvoludur.
Neft Bakının zənginliyinin, sənayeləşməsinin rəmzidir. Amma bu sərvət sovet rejiminin işğalında, millətin boynunda zəncirə çevrilmişdi. “Gül” təbiət, gözəllik, vətənin saf olmasıdır. Lakin o gül artıq neft qoxuyur, yəni təbii və gözəl olan hər şey çirklənib, sərvətə və istismara tabe edilib. Burada Almas İldırım Bakı neftinin millətə yox, imperiyaya xidmət etməsini, xalqın yox, rejimin bu sərvətdən bəhrələnməsini tənqid edir. Bu misra həm poetik, həm də ideoloji baxımdan ən güclü yeridir şeirin.
Əsirlik ideyası və çağırış
Şeirin adı və əsas ideyası – “Əsir Azərbaycan” – bir xalqın azadlıq haqqının əlindən alınmasıdır. Burada “əsir” anlayışı təkcə siyasi işğal anlamında deyil, həm də dil, mədəniyyət, ruh əsarəti mənasındadır. Şair bu əsarətə qarşı hayqırır, xalqı oyatmağa çağırır:
“Oyanmazmı kor olası baxtım, oy?!”
Burada “kor olmuş bəxt” ifadəsi həm fərdi, həm də milli yazının ifadəsidir. Ən sonda isə ümid işığı var: “oyanmazmı?” – bu, sual formasında ümid dolu bir çağırışdır. Şair bu misra ilə xalqın azadlığa layiq olduğunu, amma susqunluğun davam etməməli olduğunu vurğulayır.
Boğulmayan bir səs
Almas İldırımın “Əsir Azərbaycanım” şeiri təkcə bir mühacirin nostalji dolu həsrəti deyil. Bu şeir əsir alınmış bir xalqın hayqırışı, istismara çevrilmiş sərvətlərin fəryadı, müqəddəsləşdirilmiş vətən sevgisinin təntənəsidir.
Ümumiyyətlə isə onun şeirləri, xüsusilə də bu əsəri, milli yaddaşın, milli ruhun bir hissəsinə çevrilmişdir. Sovet dönəmində adının silinməsinə, əsərlərinin yığışdırılmasına baxmayaraq, millət onu unutmadı.
Almas İldırım doğrudan da “boğulmayan səs” idi. Və bu səs, bu gün də Azərbaycan gəncliyinin, müstəqil ruhunun içində yaşayır.
Xanım Aydın