Bizə elə gələ bilər ki, Süd Yolu qalaktikası daim bu gün gördüyümüz formada mövcud olub. Əslində qalaktikamızın tarixi müxtəlif hissələrdən yığılmış böyük kosmik mozaikanı xatırladır. Bu gün Süd Yoluna aid olan bəzi ulduzlar vaxtilə tamamilə başqa qalaktikanın tərkibində olub.
Astronomlar Süd Yolunun tarixində baş vermiş ən qədim böyük birləşmələrdən birinin izlərini aşkar ediblər. Təxminən 11,8 milyard il əvvəl, Kainatın yaşı hələ iki milyard ilə çatmamışkən, gənc Süd Yolu digər cırtdan qalaktikanı özünə birləşdirib. Alimlər yox olmuş bu qalaktikaya Low-energy-Kraken-Heracles, qısaca LKH adını veriblər.
LKH yalnız kosmik ölçülərə görə “cırtdan” hesab edilirdi. Alimlərin hesablamalarına əsasən, onun ulduzlarının ümumi kütləsi Günəşin kütləsindən təxminən 500 milyon dəfə çox olub. Üstəlik, toqquşma zamanı LKH-nın kütləsi o dövrdəki Süd Yolunun təxminən dörddə birinə bərabər idi. Buna görə də bu hadisə gənc qalaktikamızın formalaşmasında mühüm rol oynayıb.

Təxminən 12 milyard il əvvəl mövcud olmuş qalaktikanı alimlər bu gün necə müəyyən edirlər? Cavab ulduzlardadır.
Alimlər 39 kürəvi ulduz topasını araşdırıblar. Bunlar yüz minlərlə qədim ulduzun bir yerdə toplandığı nəhəng sistemlərdir. Hubble və Gaia kosmik teleskoplarının məlumatlarından istifadə edən mütəxəssislər həmin ulduzların yaşını, kimyəvi tərkibini və hərəkətini müqayisə ediblər.
Nəticədə məlum olub ki, bəzi ulduz topalarının tarixi Süd Yolunun özündə yaranmış ulduzlardan fərqlənir. Məhz bu fərq çoxdan yox olmuş LKH qalaktikasının izi hesab olunur. Onun maddəsinin böyük hissəsi hazırda Süd Yolunun mərkəzi hissələrində, qalaktikanın mərkəzindən təxminən 20 min işıq ili məsafədə yerləşir.

Burada “toqquşma” sözünü bir qədər fərqli başa düşmək lazımdır. Burada söhbət iki qalaktikanın bir-birinə birbaşa çırpılmasından deyil, onların uzun müddət ərzində qarşılıqlı təsirə girərək birləşməsindən gedir. Ulduzlar arasındakı məsafələr o qədər böyükdür ki, onların birbaşa toqquşması demək olar baş vermir. Amma qalaktikalardakı böyük qaz buludları bir-biri ilə qarşılıqlı təsirə girib. Bu proses yeni ulduzların sürətlə yaranmasına səbəb ola bilərdi.
LKH ilə birlikdə Süd Yolu əlavə ulduzlar, qaz və qaranlıq maddə də əldə edib.
Bu, qalaktikamızın tarixində son belə hadisə olmayıb. Təxminən 1,8 milyard il sonra Süd Yolu Gaia-Sausage-Enceladus adlı başqa böyük qalaktika ilə də birləşib. Oxatan cırtdan qalaktikasının isə Süd Yolu tərəfindən “udulması” prosesi bu gün də davam edir.
Beləliklə, Süd Yolu sadəcə Günəşin və Yer kürəsinin yerləşdiyi qalaktika deyil. O, milyardlarla il ərzində baş vermiş kosmik birləşmələrin nəticəsidir. Bu gün onun mərkəzinə yaxın ərazilərdə olan bəzi qədim ulduzlar isə Yer yaranmazdan çox-çox əvvəl yox olmuş başqa bir qalaktikanın son “şahidləri” ola bilər.
Hacı Cavadov