Bir çox insan stresli vəziyyətlərdə adət etdiyindən daha çox yeməyə başlayır və adətən yağlı, şirin və unlu qidalara üstünlük verir.
Baki-baku.az xəbər verir ki, Texas A&M Beynəlxalq Universitetinin tədqiqatçıları bu davranışın təkamül baxımından izah oluna biləcəyini müəyyən ediblər.
Tədqiqatda 142 tələbə iştirak edib. Onların hər birindən təsəvvür etmələri üçün üç fərqli ssenaridən biri təqdim olunub. Birinci qrupda iştirakçılar özlərini sabit işi, təminatlı həyatı və gələcəyə inamı olan bir şəraitdə təsəvvür ediblər. İkinci qrup isə iqtisadi qeyri-sabitliklə üzləşən bir vəziyyətdə olub: məsələn, işin itirilməsi, borcları ödəyə bilməmək və ya əmlakı itirmək təhlükəsi. Üçüncü qrup isə zorakılıq və digər təhlükələrin mümkün olduğu təhlükəli bir mühitdə olub.
Bundan sonra iştirakçılara aşağı və yüksək kalorili qidaların şəkilləri göstərilib. Baxış izləmə texnologiyası vasitəsilə onların diqqətini nə cəlb etdiyi və baxışlarının hansı şəkillər üzərində daha çox dayandığı qeydə alınıb. Əlavə olaraq, iştirakçılar həmin qidaların cazibədarlığını qiymətləndirib, aclıq səviyyəsi, maddi durumu və gözlənilən ərzaq çatışmazlığı ilə bağlı sorğular doldurublar.
Nəticələr göstərib ki, tələbələr yüksək kalorili qidaları daha tez seçir və onlara daha uzun müddət baxırlar. Bu xüsusilə iqtisadi çətinlik və gələcək ərzaq qıtlığı ssenarisini təsəvvür edən qrupda daha qabarıq şəkildə müşahidə edilib: bu iştirakçılar daha tez-tez doyurucu və qidalı məhsullara üstünlük veriblər və diqqətlərini daha çox həmin məhsullarda cəmləyiblər. Zorakılıq təhlükəsi olan ssenaridə bu cür meyl müşahidə edilməyib. Əksinə, sabit və təhlükəsiz şərait ssenarisində bəzi iştirakçılar az kalorili məhsullara daha çox maraq göstəriblər.
Tədqiqat müəllifləri qeyd edirlər ki, qeyri-müəyyənlik şəraitində orqanizm enerjini tez bir zamanda bərpa etməyə çalışır. Bu mexanizm təkamül zamanı formalaşaraq insanlara resurs qıtlığı və qeyri-sabitlik dövrlərində sağ qalmağa yardım edib. Məhz buna görə də stress yüksək kalorili, doyurucu qidalara qarşı istəyi gücləndirə bilər.
Hacı Cavadov