Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/15/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

SSR Təhsil naziri Yelyutinə birbaşa zəng etmək səlahiyyəti olan tək və yeganə rektor

Heydər Əliyev: “Şəfaət Mehdiyev böyük alim, böyük ziyalı, böyük şəxsiyyət olmaqla yanaşı yaxşı Kişi idi. O zamanlar isə yaxşı kişi olmaq çox çətin idi”

İkinci dünya müharibəsi başa çatdıqdan sonra, 1945-ci ildə SSRİ Elmlər Akademiyasının prezidenti Komarov Stalinə hesabatı zamanı iki tarixi cümlə işlətmişdi: “ Yusif Məmmədəliyev kimi bir alimi olan respublika öz akademiyasını qurmağa layiqdir”. “Mirəsədulla Mirqasımov elmin nüfuzu və vicdanıdır”. Azərbaycan SSR Elmlər Akademiyası təsis olunanda akademik Şəfaət Mehdiyev iki il idi ordu sıralarından təxris olunub Vətənə dönmüş, taleyini bütünlüklə elmə bağlamışdı. “Gənc işçi”, “Yeni yol”, “ Kommunist” kimi məhşur qəzetlərdə imzasını təsdiq edən, dövrünün müqtədir qələm sahibləri – Mirzə İbrahimov, Mir Cəlal, Cəfər Xəndan, Qulan Məmmədli kimi istedadlı ziyalılarla tarix yaradan akademik Şəfaət Mehdiyev İkinci Dünya müharibəsinə yollanmamışdan öncə ilk “Geoloji lüğət”in və dərsliyin müəllifi kimi məhşur idi. Akademiyanın təsis olunmasında bilavasitə xidmətləri olan 15 təsisçi akademikin xüsusi hörmətini qazanmışdı. Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Mirəli Qaşqay, Əliəşrəf Əlizadə,Mirzə İbrahimov, Üzeyir bəy, Səməd Vurğun, Heydər Hüseynov, Mikayıl Useynov, Yessman və Qossman kimi ilklərə imza atan böyük alimlər akademik Şəfaət Mehdiyevin əzəmətini hələ ilk gənclik illərindən etirafda bulunmuşdular.

“Neftin dərinlik biogen nəzəriyyəsinin müəllifi”

Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstutunun,  Azərbaycan Dövlət Universitetinin rektoru kimi tarix yaradan akademik Şəfaət Mehdiyev əldə etdiyi bütün uğurlara ömrünün pöhrə çağında nail oldu. “Həyat xalq üçün yazıb yaradan, heç bir fəxri adda, yüksək mükafatda gözü olmayan şəxsiyyətləri sevir, onlara yenilməz bir heykəl qoyur. Bu heykəlin adı-Xalq Məhəbbətidir!” nidası ilə qələm çaldı.

Akademik Şəfaət Mehdiyev dünyada geologiya elminin tarixini yazanlardan, neftçi geoloqların Azərbaycan məktəbinin əsasını qoyanlardan sayılır. “Neftin dərinlik-biogen nəzəriyyəsi”ni ilk dəfə irəli sürən bu dünyaşöhrətli alimin kəşfləri, ixtiraları, nəzəriyyələri ilə təkcə Azərbaycanda, MDB-də deyil, Qərb və Şərq dövlətlərində ilk kəşfiyyat quyuları qazılıb, neft-qaz yataqları kəşf olunub. Neft geologiyası, Azərbaycanın təbii ehtiyatları ilə bağlı 400-dən çox elmi əsər, 40-dan çox monoqrafiya yazan, bu sahələrlə bağlı ilk dərs vəsaitlərinin, xəritələrin, lüğətlərin, bədii-publisistik əsərlərin müəllifi olan akademik Şəfaət Mehdiyev geologiya elminin tarixi üzrə Beynəlxalq Komissiyanın müxbir üzvü, SSRİ Qaz Sənayesinin Fəxri işçisi, Azərbaycanın dövlət mükafatı laureatı, əməkdar elm xadimi idi. İki dəfə Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı, İkinci dərəcəli Vətən Müharibəsi ordenləri, medallarlı ilə təltif olunmuşdu. Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunun, Azərbaycan Dövlət Universitetinin (BDU-nun) qurucularından biri kimi tarixə yazılan akademik Şəfaət Mehdiyev ixtiraçı alim, qüdrətli ictimai xadim, elm-tədris təşkilatçısı, təhsil qurucusu olmaqla yanaşı, xeyirxah insan, məğrur, müdrik şəxsiyyət idi. 70-dən çox aspirant və dissertantın elmlər namizədi və doktoru olması üçün ömrünü şam kimi əritmişdi. Yetirmələrinin, tələbələrinin,  əməkdaşlarının xeyirxahı, ədalət, düzlük ölçüsü olmuşdu.

Şəfaət Mehdiyev Məktəbinin banisi

Azərbaycanın geotermal şəraitinin, neft və qaz yataqlarının hidrokimyasının öyrənilməsi, neft və qazın əmələ gəlməsi və yataqların yaranması, çökmə süxurların üzvi maddələrin geokimyası və neft-qaz komplekslərinin ayrılması, neft-qaz yataqlarının geoloji baxımdan rayonlaşdırılması kimi ciddi elmi işlərlə məşğul olan, bu sahə ilə bağlı mütəxəssislər yetişdirən akademik Şəfaət Mehdiyev, həm də “Azərbaycanın neft və qaz yataqları və perspektivli strukturları” və “Azərbaycanın neft-qazlılığı” xəritələrinin müəllifi və rəhbəri kimi yaddaşlara yazıldı.  Neft və qaz geologiyası, ümumi geologiya sahəsi üzrə məhşur alim kimi tanınan akademik Şəfaət Mehdiyev “Azərbaycanda neftin əmələ gəlməsi və neft-qaz yataqlarının yaranması”,  “Neftin genezisi və neft-qaz yataqlarının əmələ gəlməsi problemləri”sahəsində ilklərə imza atmaqla kifayətlənmədi, “Şəfaət Mehdiyev Məktəbi”nin qüdrətli nümayəndələrini yetişdirdi.  Xoşbəxt Yusifzadə,  Əliəşrəf Məmmədov, Natiq Əliyev, Fərid Dadaşov, Ziya Bünyatzadə, Kərim Kərimov, Sərdar Səmədov, Nüsrət Xəlilov, Arif Həsənov, Odek Odekov kimi məhşur neftçi geologlar Şəfaət Mehdiyev Məktəbinin nümayəndəsi kimi elm tarixinə adlarını həkk etdilər.

Elmin nüfuzu və vicdanı

Cümhuriyyətdən nişanə  Azərbaycan Dövlət Universitetinin adı bəlli rektorları olub: Vasili İvanoviç Razumovski, Tağı Şahbazi Simurq, Məmmədkazım Ələkbərli, Əziz Məmmədkərim oğlu Əliyev, Yusif Məmmədəliyev, Cəfər Xəndan, Şəfaət Mehdiyev, Cəmil Quliyev, Faiq Bağırzadə  və daha kimlər, kimlər…

Onların sırasında ikisinin yeri başqa, bambaşqa olub.  Professor Əziz Məmmədkərim oğlu Əliyevin və akademik Şəfaət Mehdiyevin. 1958-ci ildə Nazim Hikmət Moskvadan Bakıya oxucularla görüşə gəlir. Görüşün sonunda təşkilatçılara minnətdarlıq edən Nazim Hikmət iki rektorun adını hörmətlə çəkir. Polkovnik – komissar Əziz Məmmədkərim oğlu Əliyevin və akademik Şəfaət Mehdiyevin. Hər ikisinin ünvanına tarixi kəlamlar səsləndirir: “37-ci ilin dəhşətli repressiyaları zamanı Azərbaycanda ən az itkiyə məruz qalan həkim personalı olmuşdur. Bunun üçün biz Əziz Məmmədkərim oğlu Əliyevə minnətdar olmalıyıq”. “Akademik Şəfaət Mehdiyev “Neftin dərinlik biogen nəzəriyyəsi” ilə sübut etdi ki, minillər boyu müsəlman türklər elmin kəhkəşanında bərq vurmuşlar.”  Nazim Hikmətin hər iki qeydi nüfuz idi: Azərbaycan elminin, Azərbaycan Elmlər Akdemiyasının və Universitetin.

Akademik Şəfaət Mehdiyev universitetin rektoru kimi bir çox tarixi naliyyətlərə imza atdı. Onun kadr potensialını formalaşdırdı. Beynəlxalq əlaqələrini inkişaf etdirdi. Ən əsası 30-cu illərin repressiyasından, 40-cı illərin müharibəsindən çıxan, Stalinizmin bəlalarından silkinən Vətənin baş elmi məbədinə yumşalma gətirdi. Bəxtiyar Vahabzadə kimi məhşur alimlərin yetişməsi üçün münbit şərait yaratdı. Onun nüfuzu təkcə Azərbaycan yox, SSRİ boyda idi. O təkcə  “Neftin dərinlik biogen nəzəriyyəsi”nin müəllifi deyildi, mənsub olduğu millətin haqq səsi idi. Qüdrəti, əzəməti, ötkəmliyi ilə də çoxlarından fərqli idi. Ötən əsrin 50-60-cı illərini yaşayanlar səmimiyyətlə etiraf edirdilər ki, SSRİ-nin Təhsil naziri Yelyutinə əlini telefona atıb birbaşa zəng etmək səlahiyyəti o boyda nəhəng imperiyada yanlız bir rektora aid idi: Azərbaycan Dövlət Universitetinin rektoru akademik Şəfaət Mehdiyevə!

Bir az öncə də qeyd etmişdim. SSRİ Elmlər Akademiyasının prezidenti Stalinə hesabatında demişdi: “Yusif Məmmədəliyev kimi bir alimi olan respublika öz akademiyasını qurmağa layiqdir”. “Mirəsədulla Mirqasımov elmin nüfuzu və vicdanıdır”. Yelyutin hər iki tarixi kəlamı bir şəxsiyyətin- akademik Şəfaət Mehdiyevin ünvanında cəmləşdirmişdi. Yusif Məmmədəliyev  “Neftin oktan ədədi”ni, “Molotof kokteyli”ni, akademik Şəfaət Mehdiyev “Neftin dərinlik biogen nəzəriyyəsi”ni kəşf etmişdi. Mirəsədulla Mirqasımov kimi İkinci Dünya müharibəsində tarix yaratmışdı. Elmin nüfuzu və vicdanı kimi qüdrətini, əzəmətini sübut etmişdi.  

  “İnsan dünyasını dəyişəndə ondan üç şey qalır: Əməl, Əsər, Övlad!”

O, Arazın  bu tayına, Savalanın, Səhəndin, Ərkin ətəyindən gəlmişdi. Təbrizin əzəməti, Sərabın-Sirabın müqəddəsliyi, Şalqunun gözəlliyi vardı onda. Adı da, özü də gözəl idi Şəfaət müəllimin. Onun bir Mirzə Fətəli əzəməti, Mirzə Kazım bəy ucalığı, Abbasqulu ağa Bakıxanov, Həsən bəy Zərdabi, Həbib bəy Mahmudbəyov qüdrəti, Hacı Zeynalabdin Tağıyev səxavəti var idi.

Akademik Şəfaət Mehdiyev uzun, incə bir ömür yaşamaqla yanaşı, həm də bütün arzularını, istəklərini gerçəkləşdirmək üçün Tanrıdan müjdə almışdı.  Peyğəmbər əleyhissəlamın hədislərində buyrulur: “İnsan dünyasını dəyişəndə ondan  üç şey qalır: Əməl, Əsər, Övlad!” Qüdrətli əsərləri, xeyirxahlıq dolu dünyası ilə adını insanların qəlbinə, könlünə, Elm tarixinə yazan akademik Şəfaət Mehdiyevin dörd övladının hər biri onun əzəmətini, qüdərtini yaşatdı. Atasının adını verdiyi Fərhad onun xeyirxahlıq dünyasını həkim kimi ağ libasında daşıdı. Ülvi geolog alim kimi elmin zirvəsinə ucaldı. Azərbaycan Dövlət Neft Sənayesi Elmi Tədqiqat və Layihə İnstitunun direktoru kimi fundamental  tədqiqatların aparılmasına rəhbərlik etdi. Şəfaət Mehdiyevin iki şah əsərindən biri – Aqşin Şəfaət oğlu Mehdiyev adını təkcə diplomatiya tariximizə həkk etmədi, Avropa Şurasında  və BMT-də səlahiyyətli nümayəndəmiz kimi 30 illik haqq davasında, Qarabağ savaşında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq əsgərinə çevrildi.  Akademik Şəfaət Mehdiyevin qalxdığı kürsülərə akademik Arif Şəfaət oğlu Mehdiyev  dünya elm tarixində hadisə sayılan “Məsafədən zondlama və CMS-texnologiyası Məktəbinin banisi” kimi ucaldı. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissyasının sədri, “Kaspi” Elmi Mərkəzinin qurucusu, Milli Aeorokosmik Agentliyin rəhbəri  kimi  tarix yaratdı.

“Bir ovuc torpağın  dastanı”

Akademik Şəfaət Mehdiyev Bakıya çörək dalıyca gələn atası  Fərhad kişinin, anası Bəyim xanımın qucağında gəldi. 4 yaşlı körpə düz 78 il Şalqundakı evlərini,  evlərinin arxasındakı kiçik çayı, üstündəki taxta körpünü, çayın qırağındakı salxım söyüdü yaddaşında saxladı.  Hər gün üzü qibləyə durub söylədi: “Yol ver, Təbriz məzarımı sinəndə qazsınlar, salxım söyüdün dibindən bir ovuc torpaq götürüb gözlərimə səpsinlər!” Tanrıdan müjdə alan, müjdənin ən gözəlini alan akademik Şəfaət Mehdiyev cismani ayrılığından 1 il öncə Təbrizə, Səraba, Şalquna vardı. Həmin ev də, çay da, körpü də, çayın qırağındakı salxım söyüd də yerində idi. Sadəcə Şəfaət müəllim kimi, “üzlərinə qırış düşmüşdü”. Sərabdan Bakıya atasının qucağında, anasının kürəyində gələn  akademik Şəfaət Mehdiyev üstündən 78 il ötəndən sonra, evlərinin dalındakı salxım söyüdün dibindən gətirdiyi  “Tutiya” ilə “Bir ovuc torpağın  dastanını yazdı!”  Gətirdiyi torpağı anasının və atasının məzarına səpməklə kifayətlənmədi, özünə də, pay saxladı.  Özünü Bakıda torpağa söykədiyi gün gözünə Təbrizin, Sərabın iyini, ətrini aldığı torpaqdan səpildi.

O, bu dünyaya sevməyə, sevilməyə, könüllərdə köç əyləməyə gəldi. Gəldi, sevdi, sevginin qanadlarında dərgaha getdi.Tanrı onu həm də “Qələm” və “Şüara” surələri ilə müjdələmişdi. O təkcə mütəfəkkir alim, qüdrətli müəllim,nüfuzlu ziyalı deyildi, həm də istedadlı şair, publisist, yazıçı idi.Şeirləri nəğmə çələnginə, dram əsərlərinə, sənət, mədəniyyət incisinə çevrildi. “Daşlar danışır” kitabı onun fitri istedadının aynası oldu. “Mirzə Fətəli” pyesinin Gəncə Dram Tetrındakı təcəssümü iki güneyli maarifçinin –  Mirzə Fətəli Axundzadə ilə akademik Şəfaət Mehdiyevin görüş yerinə çevrildi.

Akademik Şəfaət Mehdiyev şah əsərlər yaratdı. Adını daşa, yaddaşa yazdı. Kəlam və Qələm müqəddəsliyindən boylandı. Geoloq alim, “Neftin dərinlik biogen nəzəriyyəsi”nin müəllifi kimi sudan od çıxardı.  Əbədi olmayan dünyanın əbədi sakininə çevrildi. “Biz dünyadan gedər olduq, qalanlara salam olsun. Bizim üçün xeyr-dua qılanlara salam olsun!” deyən,  gəldiyi gündə-dekabrın 15-də (Şəfaət müəllim 1910-cu il dekabrın 15-də anadan olmuş, 1993-cü il dekabrın 15-də  torpaq müqəddəsliyinə qovuşmuşdu.) dünyaya vida nəğməsi oxuyan akademik Şəfaət Mehdiyevin  vida mərasiminə “Ağıl olan yerdə zora ehtiyac yoxdur” nidası ilə Azərbaycanın memarına çevrilən, onun özü və övladları ilə bağlı sərəncamlar imzalayan  Ulu Öndər Heydər Əliyev gəldi. Millətin, məmləkətin fəxri vətəndaşını Fəxri Xiyabana yola salarkən akademik Şəfaət Mehdiyevin qüdrətini, əzəmətini özündə ehtiva edən tarixi bir kəlam səsləndirdi: “Akademik Şəfaət Mehdiyev böyük alim, böyük ziyalı böyük şəxsiyyət olmaqla yanaşı yaxşı Kişi idi. O zamanlar isə yaxşı kişi olmaq çox çətin idi”.

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Ən son

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında dekabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında dekabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin