Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/08/2026

Paylaşın

TARİX

Sözün sənətə təslim olduğu yer – Müqəddəs Pyotr Bazilikasından REPORTAJ

Müqəddəs Pyotr Bazilikası

Vatikanın ürəyində, Tiber çayının sağ sahilində yerləşən Müqəddəs Pyotr Bazilikası mənim üçün həm dini mərkəz, həm də zamanın, sənətin və tarixin canlı bir şahididir. Müqəddəs Pyotr Bazilikasına ilk baxışım məni dərhal heyran etdi. Ən əvvəl meydana çıxanda qarşımda açılan mənzərə nəfəsimi kəsdi: hündür kollonadalarla əhatələnmiş oval və trapezoid formasındakı Müqəddəs Pyotr Meydanı, meydanın ortasında ucalan qədim Misir obelisk və pilləkənlərin hər iki tərəfində özlərini möhtəşəm göstərən 5.55 metrlik Müqəddəs Pyotr və Müqəddəs Pavel heykəlləri insanın daxili heyranlığını daha da artırırdı. Ağ travertin daşından ucalan fasad, Karlo Maderno tərəfindən dizayn edilmiş, hündürlük və en baxımından insanı həm qorxudan, həm də valeh edən bir ölçüyə malikdir. Fasadın çardağında on üç müqəddəs heykəl ucalır – İsa, on bir həvari və Vəftizçi İohann. Həvarilərdən yalnız Müqəddəs Pyotrun heykəli pilləkənlərin sol tərəfində dayanır və ilahi bir təntənə ilə düzülən bu heykəllər sanki hər ziyarətçini içəri dəvət edir.

Meydanın geniş oval formasına baxanda, bu əzəmətli binanın əsl böyüklüyünü daha dərindən hiss edirsən. Meydanın iki hissəsi – oval və trapezium – Berninin dizayn etdiyi hündür kollonadalarla əhatələnib. Onlar insanı bazilikaya aparan pilləkənlər boyunca istiqamətləndirir və bu nəhəngliyi daha da vurğulayır. Qeyd edim ki, bazilikaya daxil olmaq üçün insanlar bütün oval boyu növbəyə düzülür və mən içəri keçmək üçün 1 saat 48 dəqiqə gözlədim.

İçəri daxil olanda, nef məni qucaqladı. Mikelancelo tərəfindən hazırlanmış möhtəşəm günbəz, bazilikanın daxili məkanını nəhəng və monumental bir vizual təcrübəyə çevirir. Günbəzin altına baxanda, Berninin hazırladığı Baldaxin diqqətimi çəkdi. Bu, yüksək altarın üzərində yerləşir və altında Konfessio – Müqəddəs Pyotrun iman və şəhidliyini simvolizə edən kapella yerləşir. Onun mərmər pilləkənləri köhnə bazilikadan gələn tarixi izləri daşıyır və ətrafındakı 95 tunc fənər məkanın ruhani əzəmətini artırır.

Bazilikanın yan keçidlərində, hər biri zəngin heykəltəraşlıq və mozaikalarla bəzədilmiş kapellalar yerləşir. Sol transeptdə Müqəddəs Pyotrun çarmıxa çəkilməsi, Müqəddəs İosif və Müqəddəs Tomas altarı göz oxşayır, sağ transeptdə isə Müqəddəs Vasili və Arxangel Mikayıl altarı insanı içdən təsirləndirir. Kapellalardan ən dəyərlisi isə şübhəsiz Mikelancelo tərəfindən hazırlanmış Pietadır. Məryəmin üzündəki məyusluq, kədər… necə soyuq mərmərdən belə bir isti duyğunu yaratmaq oalrdı… Bu əsər insanın ruhuna sükunət və eyni zamanda dərin bir emosional titrəyiş bəxş edir. Onun sadə, amma təsirli həndəsi formaları və detal incəliyi, Mikelancelonun ustalığını hər baxışda xatırladır.

Yuxarı baxışlar qalxanda isə insanın nəfəsi tutulur. Maderno tərəfindən hazırlanan saat və zəng qülləsi bazilikanın xarici görünüşünü tamamlayır, eyni zamanda tarixi və funksional əhəmiyyətini artırır. Çardaq boyunca sıralanmış müqəddəs heykəlləri diqqətlə izlədikcə, hər birinin üz ifadəsi və hərəkəti ilə sanki danışdığını hiss edirsən. Onlar yalnız bəzək deyil, həm də dini və tarixi hekayələrin canlı simvollarıdır.

Bazilikanın narteksi də göz oxşayır. Uzun və işıqlı, zərif İonik sütunlarla çərçivələnmiş məkan, tunc qapıları və mərmər döşəməsi ilə insanı qarşılayır. Burada Böyük Konstantin və Böyük Karlın heykəlləri diqqəti çəkir, sanki qədim və yeni dövrləri birləşdirir.

Bazilikada gəzdikcə, hiss edirsən ki, burası sadəcə kilsə deyil – o, tarix, sənət, arxitektura və ruhaniyyətin mükəmməl vəhdətidir. Mikelancelonun günbəzi, Berninin Baldaxini, Madernonun fasadı və çardaqdakı müqəddəs heykəlləri insanı heyran qoyur və eyni zamanda tarixi bir zaman səyahətinə çıxarır. Hər addımda Roma imperatorlarından, Papalardan və xristianların qədim inancından izlər görürsən.

Müqəddəs Pyotr bazilikasının günbəzindən ayrıca danışmaq lazımdır. O, 136.57 metr hündürlüyü ilə dünyanın ən hündür günbəzi hesab olunur. Onun daxili diametri 41.47 metrdir və günbəzin inşasında Roma Panteonu və Florensiya kafedralının gümbəzləri nümunə götürülüb. Bramante və Sanqallo kimi memarların ilkin planları, Mikelancelonun gümbəzi tamamlaması və Bernininin dekorativ töhfəsi ilə birləşərək bazilikada möhtəşəm və monumental bir struktur formalaşdırıb.

Mikelançelo baraban üzərində 16 cüt Korinf sütunu yerləşdirib. Vizual olaraq onlar günbəzin qabırğalarını dəstəkləyirmiş kimi görünsələr də, texniki baxımdan funksional deyildilər. Bu, günbəzin yuxarıya doğru yönələn yumurtavari forması ilə izah olunur ki, bu da divarlara təzyiqi azaltmışdı.

1564-cü ildə Mikelançelo vəfat etdikdə günbəzin baraban hissəsi tamamlanmışdı. Onun köməkçisi Cakomo da Vinola layihəni davam etdirdi, Papa V Piy isə ümumi nəzarətçi təyin edildi. 1585-ci ildə Papa Sikst Cakomo della Portanı Domeniko Fontanaya köməkçi təyin etdi. Della Porta Mikelançelonun planına kosmetik dəyişikliklər əlavə etdi, məsələn, şir maskaları və fənərin yuxarı hissəsinə dairələr. Əsas struktur isə Mikelançelonun ideyasına uyğun qaldı.

Mikelancelo günbəzin profilini yumurtavari şəkildə nəzərdə tutub, bu, binanın vertikal elementləri ilə balans yaratmağa imkan verib. Onun günbəzi həm vizual gərginliyi azaldır, həm də barokko memarlığında yeni estetik anlayış yaradır. Ölümündən sonra bir çox çertyojlar və taxta modellər saxlanmış, onların arasında nadir əlyazmalar da tapılıb.

Gümbəz 1590-cı ildə Cakomo della Porta və Domeniko Fontana tərəfindən tamamlandı. Fənər üstündə Xaç ucaldıldı, içində Müqəddəs Andreyin qalıqları və Əsl Xaçın kiçik bir fraqmenti yerləşdirildi. XVIII əsrdə gümbəzdə kiçik çatların əmələ gəlməsi nəticəsində polad zəncirlər qurularaq strukturu gücləndirildi.

Gümbəzin daxilində yazılar günbəzin dini və simvolik əhəmiyyətini əks etdirir:

Fənərin altındakı yazıda “1590-cı ildə Papa V Sikst tərəfindən Müqəddəs Pyotrun şərəfinə qoyulmuşdur” qeyd olunub. Dairəvi formada 2 metr hündürlükdə olan yazıda isə Matfey 16:18–19-dan sitat yer alır: “Mən sənə deyirəm ki, sən Pyotrsan və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam… Səmavi Padşahlığın açarlarını sənə verəcəyəm.”

Beləliklə, Mikelançelo və Cakomo della Porta Müqəddəs Pyotr günbəzini həm texniki, həm də estetik baxımdan mükəmməl bir əsər olaraq tamamlayıblar.

Əslində, Müqəddəs Pyotr Bazilikası bir yazıya, bir reportaja sığacaq bir məkan deyil. Burada sadəcə əsas gözədəyən, diqqətçəkən və yaddaqalan məqamlar qeyd etdim. Əvvəldə də dediyim kimi bura sözün sənətə təslim olduğu yerdir. Bunu da əlavə edim ki, insan Vatikandan “Bir daha bura dönmək ümidilə” ayrılır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın milli-mədəni irsinin təbliği istiqamətində yeni layihə təqdim olunub. “Yeləni” kəlağayıları tərəfindən həyata keçirilən təşəbbüs Bakı Milli Geyim

Ən son

GÜNDƏM

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

GÜNDƏM

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin