Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/13/2026

Paylaşın

Mədəniyyət

“Sonuncu şam yeməyi”: İncəsənətdə əbədiləşən səhnə

“Sonuncu şam yeməyi”, Leonardo da Vinçi, Sonuncu şam yeməyi

“Sonuncu şam yeməyi” mövzusu dünya incəsənətində ən çox təsvir olunan dini səhnələrdən biridir. Bu səhnə Yəhya İncilində 13:21 təsvir edilmiş İsanın sonuncu şam yeməyi mövzusundan götürülüb, İsa Məsihin həvariləri ilə son dəfə bir masa ətrafında toplaşdığı anı əks etdirir və xristian ikonografiyasında xüsusi yer tutur. Mövzu əsrlər boyu saysız-hesabsız rəssamın diqqətini cəlb edib, hər biri onu öz dövrünün estetikası və şəxsi baxış bucağı ilə yenidən şərh edib.

Ən məşhur təsvir isə, şübhəsiz ki, Leonardo da Vinçi tərəfindən yaradılan və Milanda yerləşən Santa Mariya della Qrasiya monastırının yemək zalında yerləşən əsərdir. Bununla belə, bu mövzu yalnız da Vinçinin yaradıcılığı ilə məhdudlaşmır; müxtəlif dövrlərdə və üslublarda fəaliyyət göstərən rəssamlar da “Sonuncu şam yeməyi” səhnəsini fərqli kompozisiya, rəng və emosional yanaşmalarla canlandırıblar.

Bu məqalədə həm Leonardo da Vinçinin məşhur əsərinə, həm də digər rəssamların bu mövzuya gətirdiyi fərqli yanaşmalara nəzər salınacaq.

Leonardo “Sonuncu şam yeməyi” əsəri üzərində işə təxminən 1495-ci ildə başlamış və 1498-ci ildə əsər üzərində işi bitirib.

Əsərdə İsanın xəyanət barədə sözünü eşidən həvarilərin üzlərindəki təəccüb və narahatlıq qabarıq şəkildə göstərilir. Hər birinin mimikasında qəzəb, çaşqınlıq və həyəcan fərqli şəkildə əks olunmuşdur. Rəssam The Last Supper üçün həvarilərin obrazlarını qədim mənbələr və təsvirlər əsasında mümkün qədər dəqiq verməyə çalışmışdır.

İuda İskariot yaşıl-mavi geyimdə, geri çəkilmiş və narahat vəziyyətdədir; əlindəki kisə onun aldığı gümüşlərə və ya xəzinədar roluna işarə edir. O, dirsəyini stolun üstünə qoyan yeganə fiqurdur. Pyotr gərgin və qəzəbli görünür, əlindəki bıçağı İsadan uzağa yönəldib. İoann isə halsız və sanki huşunu itirmiş halda təsvir olunub (bəzən bu obrazın Mariya Maqdalena ola biləcəyi də iddia edilir).

Mərkəzdə İsa qırmızı-mavi geyimdə, sakit və kədərli ifadə ilə, danışırmış kimi təsvir edilir. Başını bir qədər sola əyməsi diqqət çəkir.

Onun sol tərəfində Foma, Yakov Zevedee və Filip yer alır: Foma geri çəkilmiş, Yakov coşqun şəkildə İsanı qorumağa çalışır, Filip isə kədərli halda yalvarıcı baxışla İsaya yönəlmişdir. Son qrupda Matfey, Faddey və Simon Kananit göstərilir; onlar baş verənləri və İsanın sözlərini anlayıb suallara cavab axtarırmış kimi bir-birinə və Simona baxırlar.

“Sonuncu şam yeməyi”, Leonardo da Vinçi, Sonuncu şam yeməyi

İtalyan Renessans dövrünün tanınmış rəssamı Andrea del Kastanyo da sözsüz ki, bu mövzuya biganə qala bilməzdi. 1445–1450-ci illərdə çəkdiyi freska əvvəlcə Saint Apollonia monastırının yeməkxanasında yerləşirdi, hazırda isə Saint Apollonia muzeyində saxlanılır. Rahibələrin hər yemək zamanı qarşısında gördükləri bu freska həm didaktik (öyrədici) bir təsvir, həm də onların İsa ilə münasibətləri üzərində düşünmələri üçün ilham mənbəyi rolunu oynayırdı.

Əsər təbii detallara diqqətlə yanaşma ilə – real məkan və işıq hissi, toxunula bilən kimi görünən mühit detalları və canlı fiqurlar vasitəsilə çəkilib.

“Sonuncu şam yeməyi”, Leonardo da Vinçi, Sonuncu şam yeməyi, Andrea del Kastanyo

Məşhur italyan rəssamı Yakopo Bassano da bu mövzuya laqeyd qalmayıb və 1542-ci ildə bir qədər fərqli yanaşma ilə rəsm əsərini bitirib.  XVI əsrdə, xüsusilə Venisiya şəhərində “Sonuncu Şam Yeməyi” mövzusunda çəkilən bir çox rəsmlər Leonardo da Vinci versiyasındakı üfüqi və rəsmi kompozisiyadan uzaqlaşaraq fiqurları daha hərəkətli göstərir və onları ayaqyalın, sadə əməkçi sinfə aid insanlar kimi təsvir edirdi. Bassano bu ikonografiyanın erkən davamçılarından biri olub. Bəzi tədqiqatçılar hesab edir ki, Tintoretto tərəfindən çəkilən “Sonuncu Şam Yeməyi” bu rəsmin modeli olub. Lakin daha inandırıcı ehtimala görə, sifariş və ödəniş tarixlərinə əsasən, əksinə, Tintoretto məhz Yakoponun əsərindən ilham alıb.

“Sonuncu şam yeməyi”, Leonardo da Vinçi, Sonuncu şam yeməyi, Yakopo Bassano

Venesiya rəssamlıq məktəbinə mənsub olan yüksək İntibah dövrü rəssamı Tintoretto (Yakopo Komin) da bu mövzuya müraciət edib. O, təxminən 1592-ci ildə bu rəsmi çəkib. “Sonun şam yeməyi” xüsusi olaraq San Corco Macore kilsəsi üçün yaradılıb və bu günə qədər orada saxlanılır. Rəsm, dünyəvi və ilahi elementlərin ustalıqla birləşdirildiyi cəsarətli kompozisiyası ilə diqqəti cəlb edir. Tintoretto, digər Venesiya rəssamları kimi, bu mövzuya dəfələrlə müraciət edib, çünki bu tip rəsmlər adətən kilsə və monastır yeməkxanaları üçün sifariş edilirdi.

“Sonuncu şam yeməyi”, Leonardo da Vinçi, Sonuncu şam yeməyi, Tintoretto, Yakopo Komin

“Sonuncu Şam Yeməyi” — XVI əsrin birinci yarısı, Lombard-Venesiya məktəbinə mənsub naməlum rəssamın əsəri də çox məşhurdur.  

Bu rəsm bir vaxtlar məşhur rəssam Dominikos Teotokopulos El Qreco tərəfindən yaradılan əsər kimi səhvən qəbul edilirdi. Sonradan isə ona mənsub olmadığı bildirilsə də, əsl müəllifin kimliyi hələ də sual altındadır. Hazırda əsər Florensiyanın Vekko Sarayında salanılır.

“Sonuncu şam yeməyi”, Leonardo da Vinçi, Sonuncu şam yeməyi, Dominikos Teotokopulos

“Levinin evində ziyafət” Paolo Veroneze tərəfindən 1573-cü ildə kətan üzərində çəkilmiş nəhəng rəsmdir. Əsər Venesiya şəhərinin Akademiya Qalereyası muzeyində nümayiş etdirilir. Bu tablo Veronezenin Məsihin iştirak etdiyi ziyafət səhnələrini təsvir edən monumental, çoxfiqurlu əsərlər silsiləsinə daxildir. Əvvəlcə əsər “Sonuncu Şam Yeməyi” adlanırdı, lakin Müqəddəs inkvizisiyanın müdaxiləsindən sonra rəssam tabloya yeni ad verməyə məcbur olub. Lakin buna baxmayaraq, əsər daha çox ilkin adı ilə yadda qalıb.

1571-ci ildə Santi Giovanni e Paolo kilsəsinin yeməkxanasında baş verən yanğın zamanı Titianın “Sonuncu Şam Yeməyi” əsəri məhv olmuşdur. Bu itkinin əvəzini çıxmaq üçün Veroneseyə sifariş verilir və o, 1573-cü ildə eyni mövzuda və eyni adla yeni bir əsər yaradır.

“Sonuncu şam yeməyi”, Leonardo da Vinçi, Sonuncu şam yeməyi, Paolo Veroneze

Müasir dövr rəssamları da “Sonuncu şam yeməyi”nə laqeyd qalmayıblar. Salvador Dali də 1955-ci ildə mövzuya üz tutaraq mövzuya öz prizmasından yanaşıb. Əsər Vaşinqtonun Milli İncəsənət Qalereyasında saxlanılır.

Dali bu rəsmin üzərində təxminən üç ay işləyib və proses zamanı, digər vasitələrlə yanaşı, foto materiallardan da istifadə edib. Əsərin əsasında onun belə təsvir etdiyi fikir dayanır: “on iki rəqəminin böyüklüyünə əsaslanan arifmetik və fəlsəfi kosmoqoniya […]. Beşbucaqlı mikrokosmik insanı — Məsihi özündə ehtiva edir. (Bir vaxtlar həvarilərin kəpənək qanadları kimi simmetrik olduğunu deyən Federiko Qarsia Lorkaya təşəkkür edirəm)”

İsa və onun on iki həvarisi şüşə divarlarla əhatə olunmuş modernist interyerdə təsvir edilib. Həvarilər başlarını aşağı əyərək böyük daş masa ətrafında diz çöküblər; onların fiziki olaraq hiss olunan fiqurları Məsihin şəffaf bədəni ilə kontrast təşkil edir. İki parça çörək və yarım stəkan şərab müqəddəs süfrəni simvolizə edir.

Dali bu rəsmi apardığı tədqiqatlara əsaslanan riyazi prinsiplərlə yaradıb və Leonardo da Vinçinin (“Sonuncu Şam Yeməyi” əsərinin) təsiri burada xüsusilə hiss olunur. Leonardonun əsərindən götürülən jestdə İsa səmaya və (ehtimal ki, Müqəddəs Ruh olan) bir fiqura işarə edir; bu fiqurun açılmış qolları sanki oradakı hər kəsi qucaqlayır.

“Sonuncu şam yeməyi”, Leonardo da Vinçi, Sonuncu şam yeməyi, Salvador Dali

Əlbəttə ki, bunlar hamısı deyil. Bu mövzuya zamanla başqa rəssamlar da müraciət ediblər. Onların hamısı olmasa da, bir çoxları incəsənət tarixində sözünü demiş, yaddaşlara köçmüş əsərlədirlər.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diamertri 1200 mm-lik tullantı su kollektorunun təmir-bərpa işləri

Ən son

GÜNDƏM

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda daha iki ərazidə yolları təmir edib.

GÜNDƏM

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda daha iki ərazidə yolları təmir edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin