Vyetnamın mərkəzində fantastik filmin dekorasiyalarını xatırladan, lakin tamamilə real olan bir məkan yerləşir. Şondonq mağarası dünyanın ən böyük mağarası hesab olunur və onun ölçüləri o qədər nəhəngdir ki, içərisində həqiqi meşələr, çay və hətta öz buludları formalaşıb.
Uzun illər bu mağaranın mövcudluğu demək olar ki, heç kəsə məlum olmayıb. 1990-cı ildə yerli sakinlərdən biri təsadüfən mağaranın girişini aşkar etsə də, sonradan sıx cəngəlliklər arasında onun yerini itirdi. Mağaranın yeri yalnız təxminən iyirmi il sonra yenidən aşkar edildi. Bundan sonra britaniyalı mağara tədqiqatçıları apardıqları araşdırmalar zamanı onun Yer planetinin ən böyük təbii mağarası olduğunu təsdiqlədilər.

Şondonq mağarasının uzunluğu 9 kilometrdən çoxdur. Onun bəzi zallarının hündürlüyü 200 metrə, eni isə təxminən 160 metrə çatır. Mağaranın ümumi həcmi 38 milyon kubmetrdən artıqdır. Bəzi hissələri o qədər genişdir ki, onların daxilinə 40 mərtəbəli göydələn rahatlıqla sığa bilər.
Alimləri ən çox heyrətləndirən isə mağaranın ölçüləri deyil, onun daxilində formalaşmış həyat olub. Mağaranın tavanında günəş işığının içəri daxil olmasına imkan verən nəhəng təbii çökəkliklər var. Məhz bunun sayəsində burada hündür ağaclar, qıjılar və sıx bitki örtüyü ilə zəngin əsl tropik meşə yaranıb.


Mağaranın nəhəng ölçüləri burada özünəməxsus mikroiqlimin formalaşmasına səbəb olub. İsti və rütubətli hava yuxarı qalxaraq soyuyur və sıx dumana çevrilir. Bəzən mağaranın daxilində hətta əsl buludlar əmələ gəlir ki, bu da yeraltı dünya üçün olduqca nadir təbiət hadisəsidir.
Şondonq mağarasından milyonlarla il ərzində əhəngdaşı süxurlarını aşındıraraq nəhəng tunellər və zallar yaradan yeraltı çay axır. Burada həmçinin dünyanın ən hündür stalaqmitlərindən bəziləri yerləşir. Onların bəzisinin hündürlüyü təxminən 70 metrə çatır.


Şondonq mağarasında yarasalar, nadir həşəratlar, hörümçəklər, balıqlar və digər canlılar yaşayır. Alimlər hesab edirlər ki, bu canlı növlərinin bir qismi milyonlarla il ərzində tam təcrid olunmuş şəraitdə inkişaf edib və hazırda dünyanın heç bir başqa yerində rast gəlinmir.
Şondonq mağarasına getmək isə heç də asan deyil. Turistlər əvvəlcə bir neçə gün cəngəlliklərlə irəliləməli, çayları keçməli, daha sonra isə kəndirlər vasitəsilə mağaraya enməlidirlər. Məhz buna görə də bu möhtəşəm təbiət abidəsi bu günə qədər demək olar ki, insan təsirindən kənarda qalıb və planetimizin ən qeyri-adi təbiət möcüzələrindən biri hesab olunur.
Hacı Cavadov