Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/06/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Son mənzili Ümman, üstünə atılan torpağı Dalğalar, baş ucunda ağı deyəni bəmbəyaz Qağayılar olan Müşfiq…

Mikayıl Müşfiq

Bərpa olunmuş suverenlik, azad və müstəqil dalğalanan üçrəngli bayraq, taleyinə sahib çıxan xalq… Bu mənzərəni düşünəndə insan dərin və köks dolusu bir nəfəs alır, gözlərini yumub şükür edir. Çünki bir ölkə üçün bundan böyük səadət yoxdur. Biz bu səadəti bu gün qürurla yaşayırıq. Amma bu xoşbəxtliyin içində unuda bilməyəcəyimiz ağrılar, tariximizin qara səhifələri də var. Xüsusən də sovet rejiminin xalqımıza yaşatdığı repressiya faciələri…

Repressiya deyəndə göz önünə ilk olaraq nakam şair Mikayıl Müşfiq gəlir. 1938-ci ildə Nargin adasında güllələnərək Xəzərin sularına qərq edilən, son mənzili sonsuz bir ümman, üstünə atılan torpağı dalğalar, baş ucunda ağlayanı, ağı deyəni bəmbəyaz qağayılar olan Müşfiq… O, anadangəlmə, təpədən-dırnağa şairdir. Və təkcə şair deyil,  o, yarımçıq qırılmış bir nəslin, susdurulmuş bir istedadın simvoludur.

Cəmi 29 il ömür sürən, bunun 11 ilini yaradıcılığa həsr edən Mikayıl Müşfiq elə əsərlər yaradıb ki, həmin misralar bu gün də romantik poeziyamızın ürək döyüntüsüdür, nəbzidir, nəfəsidir. O, yalnız şəkillərdə, yaddaşlarda cavan qalmayıb – poeziyamızda da həmişə gənc, dəliqanlı, şaqraqdır. 118 yaşı olmasına, dünyasını dəyişməsindən (bəli, o ölməyib, sadəcə dünyasını dəyişib) bu gün 88 il keçməsinə baxmayaraq, Müşfiq yaradıcılığı bahar çiçəkləri kimi təravətini itirmir, itirməyəcək də heç vaxt…

1908-ci il iyunun 5-də Bakıda, Xəzərin sahilində müəllim ailəsində dünyaya gələn Müşfiqin taleyi lap erkəndən sərt sınaqlarla üzləşdi. Anasını körpə yaşlarında, atasını isə altı yaşında itirdi. Yetimlik onun qapısını döydü, amma sınmadı. Daxilindəki məğrurluq, elmə və maarifə sonsuz həvəs onu yaşıdlarından fərqləndirdi. Məktəb illərində müəllimlərin diqqətini çəkən şeirləri, həssas və duyğulu ürəyi onun gələcəyindən xəbər verirdi.

Azərbaycan Dövlət Universitetində oxuduğu illərdə Müşfiq artıq təkcə Bakıda deyil, respublika miqyasında tanınan bir şair idi. “Küləklər” adlı ilk kitabı çap olunanda cəmi 20 yaşı vardı. Ardınca gələn səkkiz ildə doqquz kitab… Oxucu sevgisi, poeziya coşqusu, ilhamın çağlayan vaxtı… On birinci kitab – “Çağlayan” isə repressiyanın qara kölgəsində işıq üzü görmədi.

“Yelkənim açılır, qara yel əsmə” – deyə yazan şair, sanki taleyini qabaqcadan duyurdu. 1937-ci ilin qara yelləri onu da öz caynağına aldı. Azərbaycanın neçə-neçə savadlı, istedadlı oğulları kimi Müşfiqin də taleyi qaranlıqda itdi.

Müşfiq təkcə lirikanın şairi deyildi, o, vətəndaş şairi idi. Milli musiqi alətimiz tarın gözdən salınmasına qarşı qələmə aldığı:

Oxu, tar, oxu, tar!…

misraları onun milli ruhunun, sənətə və kimliyə sədaqətinin ən parlaq nümunəsidir.

Füzuliyə qarşı edilən haqsız hücumlara cavabı isə bir şairin ədəbiyyat qarşısında məsuliyyət manifestidir:

Yazalım, özümüzü öyməliyəm,

Füzuliyə dəyməliyəm.

Sanki sonunu duyan şair həm də “Necə əl çəkim” deyə hayqırırdı:

Bu əngin fəzadan necə əl çəkim?

1937-ci ilin iyunun 4-də – ad gününün bir gün əvvəlində – onu apardılar. Ölümə apardılar. Amma öldürə bilmədilər. Çünki Müşfiq özü demişdi:

Kainat olduqca şeir olacaq.

Və doğrudan da, kainat durduqca Müşfiq yaşayacaq. Onun şeirləri dillərdə, duyğular ürəklərdə, adı xalqın yaddaşında qalacaq.

Müşfiq özü də xatirələrini sevirdi, xatirələrdə də yaxşı qalmasını istəyirdi:

Yenə o bağ olaydı sevdalar ölkəsində,

O söyüd kölgəsində…

Və həm də deyirdi:

“Məni gözəl xatırla… Bunlar son misralar…”

Biz səni də, misralarını da daim qəlbimizdə yaşadırıq… Hər zaman xatirimizdə gözəl qaldın, gənc qaldın, əvəzsiz qaldın…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Yaşıl xətt üzrə yerləşən “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində

Ən son

GÜNDƏM

Sabah Bakının Sabunçu və Nizami rayonlarının bəzi ərazilərində təbii qazın verilməsində fasilə yaranacaq.

GÜNDƏM

Sabah Bakının Sabunçu və Nizami rayonlarının bəzi ərazilərində təbii qazın verilməsində fasilə yaranacaq.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin