Nəşr edilmişdir 06/10/2025

Paylaşın

GÜNDƏM

“Solğun çiçəklər” – Səhnədə iz buraxan mistik faciə

“Solğun çiçəklər”, Solğun çiçəklər

Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Artstudiya bu günlərdə tamaşaçılara Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərinin səhnə interpretasiyasını təqdim etdi. Birhissəli mistik faciə janrında hazırlanmış bu tamaşa həm dramaturgiyamızın klassik örnəyini yenidən dəyərləndirir, həm də müasir teatr estetikasının incə çalarlarını nümayiş etdirirdi.

Tamaşanın bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, səhnə dizaynı isə Elmira Üzeyirova tərəfindən hazırlanıb. Musiqi tərtibatı tanınmış bəstəkar Emil Elmanoğlunun imzasını daşıyır. Səhnədə Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov çıxış edirdilər.

Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri zamanında sosial və mənəvi dilemmanın təsvirinə yönəlsə də, bu dəfə rejissor yanaşması onu daha çox metaforik və psixoloji qatlara aparır. Rejissor Səbinə Məmmədzadə Cabbarlının söz dünyasını müasir teatr dili ilə ifadə etməyə çalışır – obrazlar danışmaqdan çox hiss etdirir, hərəkətlər və səhnə plastikası önə çıxır. Bu yanaşmada klassiklərlə polemikaya girmədən, mətnin fəlsəfi dərinliyi müasir vizual və emosional dillə təqdim olunur. Bu da tamaşanı yalnız nostalji deyil, həm də aktual bir sənət hadisəsinə çevirir.

Tamaşanın vizual dili xüsusilə qeyd olunmalıdır. Minimalist, lakin məna yüklü dekorasiyalar – təkcə məkan yaratmır, həm də personajların daxili aləmini vizuallaşdırır. İşıq və musiqili fon isə dramatik atmosferin qurulmasında əsas rol oynayır. Emil Elmanoğlunun musiqisi səhnə emosiyasını daha da dərinləşdirir, tamaşaçı ilə aktyor arasında görünməz bir körpü yaradır.

Aktyor heyətinin oyunu tamaşanın uğurunda həlledici amillərdəndir. Leyli Vəliyevanın obrazı zərifliklə faciəvi güc arasında mükəmməl bir tarazlıq yaradır. Ədalət Əbdülsəmədin personajı sükutla danışır, daxili gərginliklə auditoriyanı düşünməyə vadar edir. Gənc aktyorlar Aygün Fətullayeva və Ümman Budaqov da enerjili və içdən oyunları ilə süjet xəttinə canlılıq qatırlar. Maraqlısı budur ki, bu tamaşada əsərdəki Sara və Pəri obrazlarının eyni aktrisa, yəni Aygün Fətullayeva oynayır və bu obrazın adı SaPəridir. Sapərini canlandırmaq o qədər də asan deyildi. Çünki sanki iki qütb – Şimal və Cənub, iki əməl – Xeyir və Şər kimi olan Sara və Pəri bir-birinə əks obrazlar idi. Və Aygün xanımın bu obrazın öhdəsindən asanlıqla gəlməyi – bir obrazdan digərinə rahatlıqla keçməsi xüsusi diqqətəlayiq idi. Ümumilikdə tamaşada yuxarıda adlarını qeyd etdiyim dörd aktyor oynayırdı və hər biri ayrılıqda öz nəfəsi ilə əsəri dirildir, onu canlı və vahid bir orqanizmə çevirirdi.

“Solğun çiçəklər” yalnız səhnə işi deyil, həm də zamanlararası körpü qurmaq cəhdidir. Klassik dramaturgiyanın bədii dəyəri, çağdaş teatrın yenilənən tələbləri ilə bir araya gətirilərək, əsərin həm əbədi, həm də yenilənən tərəfləri üzə çıxarılır. Tamaşa həm ədəbiyyatsevərlər, həm də teatr izləyiciləri üçün dərin emosional təcrübə və düşüncə anıdır.

Azərbaycan teatrının gənc nəfəsi olan Səbinə xanım bu premyera ilə bir daha göstərdi ki, klassika hələ də danışır – sadəcə onu dinləyə biləcək yeni səslərə ehtiyac var.

Qısa əlavə: Tamaşanı izləməyə getməzdən əvvəl pyesi oxuyun. Qeyd etdiyim kimi, bu tamaşa ədəbiyyat və teatrın mükəmməl səsləşməsidir.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda 344 məktəb üzrə 80 mindən çox şagird buraxılış siniflərini bitirir

Ən son

GÜNDƏM

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi skuterlə hərəkət edənlərə xəbərdarlıq edib

GÜNDƏM

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi skuterlə hərəkət edənlərə xəbərdarlıq edib