Dünyanın fəlsəfi fikir tarixini üç min ildir cazibəsində saxlayan Yunanıstan
Dünya bina olandan insan, insanlıq öncə qida, sonra da, cəmiyyət və dövlət qayğıları ilə əhatə olunub. Dünyanın ən qədim dövlətləri, onların yaranma tarixi, quruluşu isə bu gün də maraqlı, cavabını gözləyən suallar sırasındadır. Zəngin mədəniyyəti, qüdrətli tarixi, sivilizasiyaların, dinlərin dialoquna töhfələri ilə bəşəri dəyərlər xəzinəsini zənginləşdirən, yunan mədəniyyətinin əsasını qoyan Yunanıstan dünyanın əski dövlətlərindən biridir. Min illər boyu Zenon, Aristotel, Perikl, Arximed, Alkivid, Kreys, Seneqa, Dionis, Diogen, Pifaqor, Siseron, Sokrat, Platon, Plutarx kimi filosof, fizik, riyaziyyatçı alimləri ilə məşhur olan, dünyanın fəlsəfi fikir tarixini üç min ildir cazibəsində saxlayan Yunanıstan bu gün də zəngin mədəniyyəti, fikir və düşüncə sahibləri ilə əski gələnəklərini yaşatmaqdadır.

Türkün heyrətindən Çin səddini çəkən ölkə
Zəngin mədəniyyəti, ordu quruculuğu, təlim texnologiyaları ilə 3500 ildən çoxdur qüdrətli imperiyaları idarə edən, sərkərdə-xaqanları ilə dünyaya meydan oxuyan, kağızı icad etməklə bəşəri dəyərlər xəzinəsinə ən ciddi töhfələrindən birini bəxş edən, Konfutsi, Fan İqji, Kan Yuvey, Sun, Dizi kimi məşhur filosofların fəlsəfi irsi, nüfuzlu sərkərdə-xaqanlar – Şia, Shanq, Quin, Han, Jin, Sui, Yuan Soyiq, Çin İmperiyası kimi əski çağ mədəniyyətinə öz möhürünü vuran, bu gün də qüdrətli dövlətçilik ənənəsi ilə dünyaya meydan oxuyan Çin Şərqin qüdrətli dövlətlərindən biri olaraq dünyaya meydan oxumaqdadır.

Hindistan – cəngi-cidaların meydanı
Dünya tarixini dəyişdirən yoqa və ədviyyatların, zəngin xəzinələrin diyarı kimi tanınan yüz illər boyu cəngi-cidalara meydan olan, Makedoniyalı İsgəndəri, dünya fatehi Əmir Teymuru, Nadir şah Əfşarı belə ayağına gətirən 3500 illik zəngin saray mədəniyyəti ilə dünyaya meydan oxuyan Hindistan da əski gələnəkləri, yaddaş yerləri ilə seçilən ölkələrdəndir.

İran-Turanın bir parçası
Qədim-qayım ölkələrdən hesab olunan əski şəhər mədəniyyəti, fikir və düşüncə sahibləri, sərkərdə-xaqanları ilə məşhur olan yaşayış məskənlərindən biri də İrandır. Dünyanın onu İran olaraq qəbul etməsinə baxmayaraq, qeyd edə bilərik ki, Səlcuqluların, Qəznəlilərin, Səfəvilərin, Əfşarların, Qacarların qüdrətli dövlətlər, imperiyalar qurduğu İran, Odlar Yurdu Azərbaycanın böyük bir hissəsini əhatə etməklə yanaşı, milli dövlətçilik tariximizin mühüm mərhələsini özündə əks etdirən Manna, Midiya, Atropatena kimi məşhur dövlətlərin əsas ünvanıdır. Sədi Şirazinin, Hafizin, Firdovsinin, Təbrizi imzası, künyəsi ilə qələm çalan şairlərin, eyni zamanda sufilərin, hürufilərin, qədərilərin, xəlvətilərin, işraqilərin, zərdüştilərin, xürrəmilərin diyarı olan bu torpaqlar həm də odərlərin, oda, atəşə aşiqlərin diyarıdır. İsfahan, Xorasan, Təbriz, Ərdəbil, Tehran, Məşhəd, Qum kimi qüdrətli elmi mərkəzləri ilə məşhur olan bu qədim diyar bu gün bir çox gərginliklərlə üzləşsə də, dünyanın nüvə texnologiyasına malik dövlətlərindən biri kimi diqqət mərkəzindədir. Dünyanın ilk poçt, teleqraf ölkələrindən biri kimi tarixdə qalan İran bu gün həm də səhiyyə sistemi, kitab mədəniyyəti, nəşriyyat-poliqrafiya sistemi, toxuculuq, xalçaçılıq sənəti, miniatür məktəbləri ilə məşhurdur. 4000 illik zəngin mədəniyyəti ilə öyünməyə haqqı çatan İran türklərin, farsların, kürdlərin tarixi torpaqları, ata yurdlarıdır. Qədim yaşayış məskənləri, Ərk qalası, Səhənd, Savalan kimi əzəmətli dağları, xurma bağları ilə Yaxın və Orta Şərqin incilərindən birinə çevrilən İran, həm də Babək Xürrəminin, Səhəndin, Şəhriyarın, Səttarxanın, Xiyabaninin, Pişəvərinin diyarıdır.

Qədim Roma mədəniyyətinin beşiyi
Bəşəri dəyərlər sisteminə qədim tarixi, zəngin mədəniyyəti ilə möhürünü vuran, Yunanıstan, Çin, Hindistan, İran kimi təqdim olunan Turanın dünya dövlətləri sırasında öz yeri, dəsti-xətti olsa da, etiraf edək ki, 5000 illik zəngin mədəniyyəti ilə dünyaya meydan oxuyan Romanın yeri, rolu və məqamı fərqlidir. Qədim Roma mədəniyyətinin beşiyi olan Romanın adı çəkiləndə onun əlçatmaz, ünyetməz dəyərləri, zəngin mədəniyyəti, qurucusu və daşıyıcısı olduğu sülalələr göz önünə gəlir. Yuliplər, Klavidlər, Flavilər, Narva-antonilər, Konstantinlər, Valentinlər, Fedosiyalılar, Yustinilər İraklilərlə bağlı hüquqi əsaslara söykənən dövlətlər diqqət çəkir.

Misir – Tanrının möcüzələr adası
Misirin zəngin mədəniyyətinə, qədim dəyərlərinə, əski gələnəklərinə ayna olan Misir ehramları İlahinin yer üzündəki ən müqəddəs bağlarından biridir. Eradan əvvəl, “Təxminən 280-ci ildə Nil çayının mənsəbində, Faros adasında, İsgəndəriyyə şəhərinin qırağında memar Knidli Sostar tərəfindən inşa edilən, Roma İmperiyasının süqutundan sonra istifadəsinə son qoyulan, XVI yüzildə baş verən zəlzələ zamanı dağılıb yerində xarabalıqları qalan İsgəndəriyyə mayakı, Firon I Ptolomeyin təşəbbüsü ilə təməli qoyulan, eyni zamanda, iki peripatetik filosofun – Lamsakuslu Straton və Farerli Demetrius tərəfindən tərtib edilib istifadəyə verilən İsgəndəriyyə kitabxanası qədim Misir mədəniyyətinin incilərindəndir. 2002-ci ildə yenidən tikilib istifadəyə verilən qapılarını dünyanın üzünə açan bu kitab xəzinəsi qədim Misir mədəniyyəti, tarixi ilə yanaşı, dünya mədəniyyəti ilə bağlı zəngin kataloqlara malikdir. Beynəlxalq Nizami Mərkəzinin təmsilçilərindən biri kimi mühüm nailiyyətlərə imza atan Misir İsgəndəriyyə Kitabxanası ölkəmizlə əməkdaşlıq etməklə yanaşı, Azərbaycan ədəbiyyatının, tarixinin təbliği istiqamətində də mühüm layihələr gerçəkləşdirir. Təşkilat Komitəsində yer aldığı Humanitar forum və konfranslarla ümumbəşəri dəyərlər sisteminə töhfələrdə bulunur.
Şərəf Cəlilli