İllərdir Bakının qəlbində – İçərişəhərdə, Şirvanşahlar Sarayı Kompleksini gəzərkən təvazökar görünüşlü, sanki ağırlığı və dərinliyi qədər də sadə və nəcib bir tikili ilə qarşılaşırıq. Çox vaxt onun yanından ötür, baxır, amma mahiyyətinə varmırıq. Halbuki bu kiçik memarlıq incisi Azərbaycan sufizminin, elmi düşüncəsinin və orta əsr memarlığının sirli bir qatını özündə gizlədir. Söhbət xalq arasında “Dərviş türbəsi” kimi tanınan Seyid Yəhya Bakuvi türbəsindən gedir.
Saray alimi və sufi mütəfəkkir
Tarixçilərin verdiyi məlumata görə, Seyid Yəhya Bakuvi XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə saray alimlərindən biri olub. Şamaxıda doğulan Bakuvi gəncliyində Şeyx Sədrəddin təriqətinin davamçısı kimi sufizm yoluna qədəm qoyur. Müəlliminin vəfatından sonra Bakıya köçür və ömrünün sonuna qədər burada yaşayır. Bəzi mənbələrə görə, o, hicri 862-ci ildə vəfat edib.
Bakuvinin bizə gəlib çatan 30-a yaxın əsəri əsasən təsəvvüfi-mistik xarakter daşıyır. Bu əlyazmaların böyük hissəsi bu gün Türkiyənin Manisa şəhərindəki Muradiyyə kitabxanasında qorunur. A.Bakıxanovun yazdığına görə, Seyid Yəhya Bakuvi dövrünün ruhani məktəbinin baş müəllimi olmuş, “sirli elmlər”lə tanınmış bir şəxsiyyət idi. Məhz bu səbəbdən onun dəfn edildiyi yer xalq arasında “Dərviş türbəsi” adını alıb.
Türbə, yoxsa xanəgahın bir hissəsi?
Maraqlıdır ki, mütəxəssislərin əksəriyyəti bu abidəni Seyid Yəhya Bakuvinin türbəsi hesab etsə də, bəzi tədqiqatçılar Şirvanşahlar sarayının orta və aşağı həyətində yerləşən tikililərin bütövlükdə xanəgah kompleksi olduğunu bildirirlər. Üstəlik, türbənin üzərində onun kimə aid olduğunu göstərən kitabə, daxildə isə məzar daşı yoxdur. Bu fakt abidənin ətrafındakı sirr pərdəsini bir az da qalınlaşdırır.
Ehtimala görə, burada dəfn olunan dərviş Şirvanşah I İbrahim dövründə Diri baba türbəsinin kitabəsini yazmış şəxs də ola bilər. Beləliklə, Seyid Yəhya Bakuvi türbəsi təkcə memarlıq deyil, həm də elmi mübahisə mövzusudur.

Abşeronda tayı-bərabəri olmayan memarlıq
Türbə Şirvanşahlar Sarayı Kompleksinin orta (bəzi mənbələrdə yuxarı) həyətində, keçmişdə Keyqubad məscidinə bitişik vəziyyətdə yerləşir. Kiçik həcmli, lakin olduqca zərif quruluşlu bu bina səkkizbucaqlı plana malikdir və piramidaya bənzər günbəzlə örtülüb. Bu günbəz forması Şamaxı və Azərbaycanın digər bölgələrindəki türbələrə bənzəsə də, Abşeron memarlığı üçün unikal sayılır. Çünki Abşerondakı digər türbələrin günbəzi adətən klassik, yarımkürə formasındadır.
Türbə yeraltı sərdabə və yerüstü kameradan ibarətdir. Yuxarı kamera tromplar vasitəsilə kürəşəkilli günbəzə keçid alır. Divarlar yaxşı yonulmuş açıq və tünd daşların növbələşməsi ilə hörülüb ki, bu da səthlərə rəngli effekt verir. Üç pəncərə daşdan yonulmuş şəbəkələrlə bəzədilib – burada ağacdan ümumiyyətlə istifadə olunmayıb.
Daxildə gizlənən nadir sənət nümunəsi
Bu türbəni Şirvanşahlar sarayının digər tikililərindən fərqləndirən ən mühüm cəhətlərdən biri onun daxili bəzəyidir. Günbəz və divarları örtən sqrafitto tipli rəngli mala bu günə qədər salamat qalmış və saray kompleksində daxili boyaların qorunduğu yeganə nümunə hesab olunur.
Günbəzin daxili səthindəki naxışlar kainatın sonsuzluğunu xatırladan simvolik bir obraz yaradır. İşıq isə dünyanın dörd istiqamətinə yönəlmiş kiçik pəncərələrdən süzülərək bu mistik atmosferi daha da gücləndirir.

Kiçik bina, böyük məna
Seyid Yəhya Bakuvi türbəsi zahirən sadə görünə bilər. Amma bu sadəliyin arxasında dərin fəlsəfi məna, sufi dünyagörüşü və yüksək memarlıq zövqü dayanır. Türbə Keyqubad məscidi ilə vahid memarlıq ansamblı təşkil edərək Şirvanşahlar Sarayı Kompleksinin ayrılmaz hissəsinə çevrilir.
Bu gün dünya əhəmiyyətli memarlıq abidələri siyahısına daxil edilən Seyid Yəhya Bakuvi türbəsi bizə bir daha xatırladır: bəzən ən böyük mənalar ən səssiz daşların içində gizlənir.
Xanım Aydın