Beşinci hissə
Abbas Mirzə Qacar Fransadan mütəxəssislər gətirib silah zavodu, cəbbəxana qurmuşdu
Əsl faciə, Qarabağın, Şuşanın qara günləri isə bundan sonra başladı. Çar Rusiyasının bütün qüvvələri Qarabağda cəm oldu. Qacarların bu hadisəyə etinasız yanaşacağına, Qarabağı başsız qoyacağına inanmadı. Deyilənlər başa gəldi. Tarixi mənbələrdə əksini tapan faktlar da bunu sübut edir. Abbas Mirzə Şuşa qalasına tərəf irəlilədi. Sisyanov əvvəlcədən Tiflisdən kömək istəmişdi. General qraf İvan Vasilyeviç Qudoviç Qafqaz rus qoşunlarının komandanı general Pyotr Fyoderoviç Nebolsini Knyaz Pavel Sisyanova köməyə göndərdi. İran (Qacar) tarixçiləri yazırlar ki, Abbas Mirzə Şuşaya tərəf gedərkən, İbrahimxəlil xan öldürüləndən sonra pis vəziyyətdə güzəran keçirən Qarabağın əksər elatı ondan xahiş etdilər ki, onların arzusunu nəzərə alıb Qaradağa köçürsünlər.
Bu dəhşətlər səngimək bilməmişdir. 1918-ci il soyqırımları və Birinci Qarabağ savaşı zamanı Qarabağda yenidən qan su yerinə axmış, bu torpaqların tarixi sakinləri erməni daşnaklarının güllə-boranına, soyqırımlara məruz qalmışdı. Daha dəhşətli hadisə isə məhz bu dövrdə Sisyanovların, Paskeviçlərin, Qudoviçin, Nebolsonun Qafqazda, Azərbaycanda, Qarabağda at oynatdığı illərdə yaşanmışdır. Tarixçi-alim Rzaqulu xan Hidayətinin “Rövzətül-səfa” əsərində öz əksini tapan faktlara da dediklərimizi təsdiq edir. Hadisəni olduğu kimi təsvir edən alimin yazısında dövrün siyasi mənzərəsi göz önündə canlanır: “Gizli qalmasın ki, Şahzadə Naibüssəltənə Həsən və Hüseyn bulağı üstündə dayanarkən təsadüfən baş vermiş hadisələrdən biri Qarabağın mərhum xanın İbrahimxəlil xanın oğlu Əbülfət xan tərəfindən elatın köçürülməsi üstündə Rusiya və Qarabağ arasında baş verən müharibə idi. Hadisənin icmalı budur ki, Qarabağ elatını köçürmək üçün getmiş Ətaulla xan Şahsevən elat hərəkət etdikdən sonra Əbülfət xanla onları Qacarlar dövlətinə gətirirdilər. Cəbrayıllı tayfasından birisini gizli şəkildə yanlarına çağırdılar, çətin keçilən Qapan mahalına çatdılar. Gündüz saat ikidən gün batana kimi şiddətli döyüşlər getdi, tüfəngçilərin barıt-qırması qurtardı və onlar məğlub oldular. Elə ki, Naibüssəltənə bundan xəbər tutdu, Ismayıl xan və Həsən xan Sərdarı oraya göndərib özü də Qapandan Aslandüz yolu ilə aslanları yandıran şir kimi yola düşdü. Bu dəhşətli xəbər rus generalının ürəyini sıxdı və kiçik bir dəstəni Pənahabad qalasına göndərib özü isə Gəncəyə tərəf yollandı”.
Bütün həyatını Azərbaycanın valisi kimi mücadiləyə həsr edən mükəmməl ordusu sərkərdəlik məharəti, analitik təfəkkürü, döyüş texnikası və taktikası ilə Çar Rusiyası üzərinə yeriyən, Çar generalların təhdidinə, arxalandıqları ordunun gücünə, qüdrətinə baxmayaraq Abbas Mirzə Qacar Vətən sevgisindən dönmədi. Əyilməz sərkərdə, müdrik şahzadə – dövlət xadimi kimi iradənin gücü, xarakterin əyilməzliyi ilə milli mücadiləsini davam etdirdi. İstinad etdiyimiz “Rövzətül-səfa”da Rzaqulu xan Hidayət təqdim etdiyimiz faktları da qeyd edərək yazır: “General Pyotr Fyoderoviç Nebolsin gəlib Mehdiqulu xanı taqımın dağıdılmasıyla bağlı suçladı. Mehdiqulu xan müəyyən sənədlər təqdim edib özünü duruya çıxardı.
22 sentyabr 1811-ci ildə rus qoşunlarının komandanı general Pauluççi Qafqaza daxil oldu. Bu zaman Qarabağ yaxşı vəziyyətdə deyildi. Elat narahat idi və Qarabağ xanlığının hakimi Mehdiqulu xan Cavanşiri qardaşı oğlu Cəfərqulu xanla ixtilafı var idi. Çünki o, özünü Qarabağın həqiqi xanı hesab edirdi. Digər tərəfdən İran sərdarları Qarabağı çapıb talayırdılar. Qarabağ hakimi Hacı Məhəmməd xan Mustoufi öz məmurlarını Gəncə və Qarabağa göndərib rus komandirlərinin bir-birinə yazdıqları məktubları ələ keçirdi. O, təzəliklə Qarabağa mühacirət etmiş Qarabağın İmirli tayfasından olan bir neçə nəfərə tapşırdı ki, Şuşa qalasında sursat anbarlarını yandırsınlar. Onlar gecə vaxtı xəlvətcə qalaya daxil olub Şuşanın Xəlfəli darvazasına çatdılar və sursat anbarı, ələf anbarı və bir neçə evi yandırdılar. Ruslar belə güman etdilər ki, bu iş Mehdiqulu xan vasitəsilə həyata keçirilibdir. Şuşa şəhəri əhalisi üsyana qalxdı və bu səbəbdən qalanı topa tutdular.

Bütün bunlar o qədər dəhşətli, fitnə-fəsada söykənən faktlardır ki, üstündən 200 ildən çox, böyük bir zaman kəsiyi ötəndən sonra belə tarixi mənbələri, salnamələri vərəqlədikcə xalq şairi Səməd Vurğunu anlayır, Vətənin ağrısını ruhunda hiss edir, “Bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin!” deyir, kədərlənirsən. Tarixçi Əminə Pakrəvana istinadən qeyd edər bilərik ki, “1813-cü ildə ruslarla iranlılar (əslində müəllif Qacarları demək istəyir. Ş.C.) arasında barış imzalandı. Mehdiqulu xan rahat nəfəs alıb arxayınlıqla idarə işlərinə başlamaq istədikdə ruslar yenidən ona imkan vermədilər. Hər cür siyasətlə onun idarəsini məhdudlaşdırdılar. Rusların ən önəmli gücləri Arazın üç ağaclığında yerləşən Kərsi (Qırcı) adında bir yerdə idi. Rusların iki alayı Temmuz ayında kəşfiyyat xarakterli əməliyata başladı. Onlar bütün Qarabağda partizan savaşları edən dəstələrlə qarşılaşacaqlarını sanırdılar, lakin qarşılarında Azərbaycan ordusunu gördülər. Azərbaycan ordusu olduğunu da topların səsindən anladılar. Bu şəkildə səliqəli top savaşı və intizamlı ordu bütün Qacariyyədə Azərbaycan ordusuna məxsus idi. Bunlar Abbas Mirzənin ordudakı reformlarının və modernizasiyasının məhsulu idi”.
Abbas Mirzə Qacar Çar cəlladlarının üstünə bir qüdrətli sərkərdə kimi özünün ideyası ilə təkmilləşdirilmiş ordu ilə gəlirdi. Çar Rusiyasının hərbi texnikasından, silah-sursatından xəbərdar idi. Qacarların milli ordu quruculuğu siyasətini gerçəkləşdirmək üçün bütün imkanlarını səfərbər edib Avropadan, xüsusən də Fransadan mütəxəssislər gətirib silah zavodu, cəbbəxana qurmuşdu. Bu səbəbdən də “Azərbaycan ordusunun topxanası düşmənin irtibat sistemini pozmuş və arxadan gələn yardımı əngəlləmişdi. Azərbaycan topxanası düşmənin arxa cəbhəsindəki hədəfləri tam gücü ilə atəş altına almışdı. Bu da rus piyadaları ilə savaşda üstünlüyün Azərbaycan ordusunda olmasına təminat verirdi. Digər şahzadələr də Fətəli şahın şəxsi komandanlığı altında müxtəlif yerlərdə savaşa başlamışdılar”.
Abbas Mirzə Qacar əmr etmişdi ki, əsirlərlə kobud davranılmasın
Abbas Mirzə Qacar vəliəhd şahzadə, ən əsası Azərbaycanın valisi kimi üzərinə düşən bütün vəzifəni sərkərdə ucalığı ilə yerinə yetirərək həm də bir Qacar törəsi olduğunu sübut etmişdi. Bu döyüşlər onun bir sərkərdə kimi uzaqgörənliyini təsdiq etməklə yanaşı, həm də sərkərdə-xaqan ucalığını, hərbi əzəmətini və ləyaqətini üzə çıxarmışdı. Xarakterinin bütün parametrləri ilə sərkərdə-xaqan nümunəsinə çevrilən Abbas Mirzə Qovanlı Qacar düz 20 il davam edən Rusiya-Qarabağ-Qacar savaşında məğrurluğun simgəsinə, bəlgəsinə çevrildi. Tarixi mənbələr sübut edir ki, 1813-cü ildə yenidən alovlanan on günlük Qacar və Rusiya müharibəsində Azərbaycan ordusu irəliləməyə başlamış, qısa vaxtda mühüm qələbələrə imza atmışdı. Abbas Mirzə əmr etmişdi ki, əsirlərlə kobud davranılmasın. Lakin bir neçə Azərbaycan ordusu mənsubları həyəcana qapılıb rusların başını kəsmişdilər. Abbas Mirzə bunu eşitdikdən sonra qəti şəkildə bildirdi ki, bundan sonra kim əsir başı kəsəcək olsa güllələnəcəkdir. Eyni gün min rus əsgəri əsir alınmışdı. Bu savaş uzun sürməmişdi. Çünki rus birlikləri də bu tərəflərdə az idi. Bu səbəbdən də ərazilər rahat ələ keçirildi. Abbas Mirzə ilk dəfə olaraq oğullarını da bu savaşa qatmışdı. Buna görə də sevinirdi. Çünki onları hər zaman döyüşən əsgər, mücahid kimi görmək istəmişdi. Eyni gün bir çapar sürətlə Ərdəbilə varıb və Azərbaycan ordusunun irəliləməsi haqda şaha məlumat vermişdi. Abbas Mirzə əsirlərlə nə qədər xoş rəftar etsə də, onların Ərdəbilə göndərilməsini əngəlləyə bilməmişdi. Şah (Fətəli şah Qacar) əsirlərin Ərdəbilə göndərilməsini istəmişdi və yenə də onların başları kəsilə bilərdi”.

Şərəf Cəlilli