Hər şeydən, hər kəsdən yazmaq olar, yetər ki, bir ucunda Səməd Vurğun, o biri ucunda Vətən – Azərbaycan olsun!
Azərbaycan Xalq Cümhuriyyəti Qızıl ordunun bolşevik Rusiyasının terroru ilə üz-üzə gəldikdən sonra ölkədə sevgisizlik üzərində qurulan bir dünya yarandı. Əli qələm, dili söz tutanların əksəriyyəti Odlar Yurdu Azərbaycanın səmasına səriləcək hilallı, ulduzlu, üçrəngli Bayrağın intizarında “Bıkdım gözləməkdən, ey dan ulduzu” kədəri ilə dastan bağladı.
Tarixlə müasirlik arasında körpüyə çevrilən həmin qüdrətli şəxsiyyətlər repressiyanın burulğanından, 20-ci illələrin dəhşətlərindən möcüzılır sayəsində xilas oldular.
Mir Cəfər Bağırovun sevgisi sevgisizlik üzərində qurulmuşdu. Ötən əsrin 30-cu illərini xarakterizə edən insanlar Bağırovla bağlı xatirələri adətən bu cümlə ilə başlayırlar: “Sevgisizlik üzərində qurulan sevgi”

Yadına Moskvadan gələn qatar, ali rəhbərin şəxsi vaqonundakı söhbətlər düşür…
Deyirlər, Səməd Vurğun bir gün Moskvada Dəmiryol vağzalında var-gəl edib gəzirmiş. Birdən arxadan bir əl ona toxunur. Dönüb baxır ki, yoldaş Bağırov onu diqqətlə süzür. Qısa mükalimədən sonra Bağırov Səməd Vurğunu öz şəxsi vaqonuna dəvət edir, onunla Bakıya dönməyi təklif edir. Bu Səməd Vurğun üçün gözlənilməz olsa da, o, bunu rəhbərin lütfü kimi qəbul edir. Amma bu adi və sadə bir dəvət deyil, incə, düşünülmüş siyasət idi. Yol boyu yeyib-içdikdən sonra Bağırov Səməd Vurğuna: “Səni oğlum qədər sevirəm. De görüm ürəyində hansı arzun var?” Səməd Vurğun Bağırovun bu isti münasibətindən istifadə edib Mikayıl Müşfiqin zindandan azad edilməsini təvəqqe edir. Bu zaman o, Mikayıl Müşfiqin çoxdan güllələndiyindən xəbərsiz idi. Bağırov Səməd Vurğunun bu xahişinə gülümsəyib: “Bakıya çatan kimi tapdıraram” deyir. Lakin bir həftə sonra Partiya Qurultayında Bağırov Sovet hökumətinə nifrət edən adamlardan danışır və barmağını Səməd Vurğuna tuşlayıb deyir: “Budur, xalq düşməni Müşfiqi müdafiə edən Cənab Səməd Vurğun Vəkilov” Qurultayda iştirak edən Səməd Vurğunun varlığı titrəyir. Yadına Moskvadan gələn qatar, ali rəhbərin şəxsi vaqonundakı söhbətlər düşür. “Əfi ilan” deyib, içinə çəkilir…

Zamanın diqtəsi, Səməd Vurğunun faciəsi…
Sonra isə özünü yaşatmağın, başını qorumağın yolunu tapır. Stepan Şaumyana və İosif Stalinə şeirlər həsr edir. “Vaqif” dramında Molla Pənah Vaqifi göylərə qaldırdığı kimi, Qacarlar İmperiyasının qurucusu Ağa Məhəmməd Şah Qacarı yerlə bir edir. Bu azmış kimi, “El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam doğma Vətənimsən, Ayrılarmı könül candan, Azərbaycan! Azərbaycan!” nidası ilə 30-cu illərin dəhşətli repressiyaları zamanı bolşevik Rusiyasının üstünə yeriyən Səməd Vurğun Hüseyn Cavidə, Mikayıl Müşfiqə, Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi şeirlərlər özünə qalxan, sipər düzəldir.
Bu Səməd Vurğunun faciəsi olduğu kimi, quruluşun, zamanın iç üzünü açan incə, həm də kədərli məqamlardır.

Siyahını gözdən keçirən İosif Stalin öz əli ilə onun üstündən xətt çəkir
Bu il Azərbaycan ədəbiyyatının, anadilli poeziyanın bütün dövrlərdə Bayraqdarı sayılacaq Səməd Vurğunun anadan olmasının 120, dünyaya vida nəğməsi oxumasının 70 ili tamam olur. “Komsomol” poemasında “Bir papaq, bir at, bir övrət, kişinin namusu olub əzəldən!” nidası ilə Şura hökumətinin üstünə yeriyən Səməd Vurğun Gəray bəyin əzəmətini, qüdrətini donunu Şura hökumətinə dəyişən Çar Rusiyasına sübut etdi. “Oxuma, tar, səni sevmir proletar” çağrışına rəğmən sazı ürəyinin başına qaldırdı. “Çal, aşıq çal, komsomolun canı it canıdır!” nidası ilə ədəbiyyatı partiyanın təkərciyinə, vintciyinə çevirənlərə yerini göstərdi. 30-cu illərin qanlı repressiyalarından , qara yellərindən möcüzələr sayəsində xilas olan Səməd Vurğuna bu gün də münasibətin fərqli olmasından asılı olmayaraq tərəddüd etmədən qeyd edə bilərik ki, Səməd Vurğunu quruluşun, zamanın burulğanından məhz fitri istedadı və ucalardan uca tutduğu, millət, məmləkət sevgisi xilas edib. Azərbaycan Respublikası Prezdentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində qorunan, mühafizə olunan sənədlərdən boylanan faktlar dediklərimizin əyani sübutudur. Əldə olunan məlumatlardan o da bəlli olur ki, Səməd Vurğun 1935-ci ildə Kremldə Stalinin qəbulunda olarkən ali rəhbərə yazdığı “Rəhbərə salam “ şeirini oxuyur. Stalin elə oradaca xəbər alır: – “Vurğun soyadındır? Səməd Vurğun cavab verir:- “Xeyr, yoldaş Stalin təxəllüsümdür”. “Vurğunun mənası nədir?” sualına cavab verən Səməd Vurğun deyir: – “Vurulan, məftun olan”. Stalin “kimə? Qızlara?” deyə növbəti sualını verir. Səməd Vurğun həmin an söhbəti anlayır. “Xeyr, Vətənə” cavabı ilə üzünü Stalinə tutur.” Hər sözün altında bir yox min məna axtaran Stalin Səməd Vurğunun cavabını məqbul hesab edir. Səməd Vurğun bu cavabla Stalini inandırır ki, onun bütün varlığı, sevgisi və vurğunluğu fərdi hisslərlə deyil, Xalq və Vətənlə bağlıdır. Əgər o, “Bəli, yoldaş Stalin, gənclikdə bir qıza aşiq olmuşdum. Ona görə təxəllüsü “Vurğun” kimi qəbul etmişəm desəydi, Stalinin yaddaşına lirik, o dövrün təbirincə desək “kiçik burjua” hissləri ilə yaşayan şair kimi yazılacaqdı.
Bu tarixi qəbuldan sonra Azərbaycan rəhbəri Bağırov tərəfindən İosif Stalinə orden və medallar almaq üçün göndərilmiş azərbaycanlıların siyahısı təqdim edilir. Səməd Vurğunun adı həmin siyahıda “Qırmızı Əmək Bayrağı” ordeninə layiq bilinmiş şəxslərin sırasında yer almışdı. Siyahını gözdən keçirən İosif Stalin öz əli ilə onun üstündən xətt çəkir. Qarşısında ən ali mükafat olan “Lenin Ordeni” sözlərini yazır. Bu Səməd Vurğunun alın yazısı, tanrıdan tale payı idi. O qüdrətli şair kimi sonralar İkinci Dünya Müharibəsində xidmətlərinə görə ən ali mükafatlara, orden – medallara layiq görüləcək, “Ananın öyüdü” poeması bütün səngərlərə çağırış nidası kimi göy üzündən səpiləcəkdi. Vətən qarşısındakı xidmətlərinə görə Marşal Stalin tərəfindən istisna və müstəsna şəxsiyyətlərə təqdim olunan, Böyük Qələbənin şərəfinə istehsal edilən “Pobeda” avtomobili ilə mükafatlandırılacaqdı. Onu da qeyd edək ki, bu mükafat Azərbaycanda yalnız dörd tarixi şəxsiyyətə verilmişdi: Mir Cəfər Bağırova, Mirəsədulla Mirqasımova, Üzeyir bəy Hacıbəyliyə və Səməd Vurğuna.

İmam Mustafayevin əmri ilə ölkədə “Xalq şairi” adı təsis edilir, “001 nömrəli” vəsiqə Səməd Vurğuna verilir
Stalin – Bağırov rejimindən möcüzələr sayəsində dəfələrlə xilas olan Səməd Vurğunun həyatında ən mühüm hadisə isə ölümündən iki ay qabaq baş verir. Azərbaycan SSR KP MK-nın Birinci katibi İmam Mustafayevin əmri ilə ölkədə “Xalq şairi” adı təsis edilir, “001 nömrəli” vəsiqə isə “El bilir ki, sən mənimsən, Yurdum, yuvam məskənimsən, Anam doğma vətənimsən, Ayrılarmı könül candan, Azərbaycan! Azərbaycan!” nidası ilə tarixin ədəbiyyatını yaradan Səməd Vurğuna verilir. 1956-cı il mayın 27-də yenədə İmam Mustafayevin imzası ilə qərar alınır. Səməd Vurğunla üç günlük vida mərasimi təşkil edilir, cənazəsi Fəxri xiyabanda torpağa verilir. Cəmi 50 il ömür sürən, zamanın, quruluşun diqtəsi ilə yanaşı, həm də Azərbaycan ədəbiyyatının incilərini yaradan Səməd Vurğunun irsinə, şəxsiyyətinə dəyər verən İmam Mustafayevdən sonrakı katib Vəli Axundovun siyasi hakimiyyəti illərində də rəsmi tədbirlər təşkil edilir.

Böyük Adamın, Böyük Elçisi…
Səməd Vurğunun “Azərbaycan” şeirini xüsusi hərarət, kədər və ağrı ilə ifa edən, ona sonsuz hörmətini ailə həyatı qurarkən “Elçilik mərasimi”ndə belə sübuta yetirən, Zərifə xanımı istəmək üçün Əziz Məmmədkərim oğlu Əliyevin qapısına qardaşı akademik Həsən Əliyevlə birlikdə elçiliyə göndərən Ulu Öndər Heydər Əliyev hakimiyyətinin hər iki mərhələsində şairin irsi, şəxsiyyəti ilə bağlı rəsmi qərarlar alınır, abidələri ucaldılır, Ev muzeyi yaradılır, tənətənəli yubley mərasimləri keçirilir. Bu ənənə onun mənəvi və siyasi varisi Prezdent İlham Əliyev tərəfindən davam etdirilir. Səməd Vurğunun 120 illik yubleyinin keçirilməsi ilə bağlı imzalanan sərəncam da dediklərimizə əyani sübutdur.
Səməd Vurğunun şəxsiyyətinə, poezyasına münasibət həm də onu iki qüdrətli, əzəmətli şair, dramaturq, yazıçı, publisist övladlarına münasibətdə, diqqət və qayğıda da öz əksini tapır. “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adlarına layiq görülən Yusif Səməd oğluna və Vaqif Səməd oğluna istər xalq, istər də, dövlət tərəfindən sərgilənən isti, fərqli münasibət “Vurğuna vurğun ellər”in Sənətkara sevgisinin göstəricisi kimi yaddaşlara yazılır. Bu il Səməd Vurğunun anadan olmasının 120, cismani ayrılığının 70 ili tamam olur. Bu illər ərzində unudulmamaq səadətdir. Bir Sovet şairi üçün isə Böyük Səadətdir! Deməli hər şeydən, hər kəsdən yazmaq olar, yetər ki, bir ucunda Səməd Vurğun, o biri ucunda Vətən – Azərbaycan olsun!
Şərəf Cəlilli