Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/22/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Şərqin səhnəsində parlayan ilk balet ulduzu – Qəmər Almaszadə

Bəzən tarix bir qadının addımları ilə dəyişir. Səssiz, amma inamlı addımlarla… Müsəlman Şərqində baletin mümkünsüz sayıldığı bir dövrdə səhnəyə çıxan Qəmər Almaszadə ilk balerina oldu! Və o, qadağaların, qorxuların və stereotiplərin fövqünə qalxan bir sənət manifestinə çevrildi. Şərqin balet səhnəsində doğan bu işıq hələ də sönməyib.

10 mart 1915-ci ildə Bakıda, mühafizəkar bir ailədə dünyaya gələn Qəmərin taleyi sanki əvvəlcədən cızılmış sərt xətlərlə əhatələnmişdi. Ayaqqabı taciri Hacıağanın qızı üçün səhnə deyil, ev divarları uyğun görülürdü. Amma sənət çağırışı divar tanımır. Baletlə məşğul olan rəfiqəsi Şura Qəmərin daxilində gizlənən o alovu oyatdı. Atasından gizlin, qiyməti 7 rubl olan balet məşqlərinin keçirilən balet studiyasının qapısını cəmi 6 rublla döyən bu müsəlman qız gələcəkdə Şərq baletinin taleyini dəyişəcəyini hələ özü də bilmirdi. Əslində, müəllimi də azərbaycanlı, müsəlman qızın baletə həvəsinə çox təəccüblənib və onu dərhal qəbul edib.

Qəmər Almaszadə

Anası Məryəm xanım isə qızını qorumaq üçün baleti “idman” adı altında gizlətdi. Bu yalan bir gün açılacaqdı. Amma o gün gələnədək Qəmər artıq səhnənin sevilən simasına çevrilmişdi.

Opera və Balet Teatrında parlayan gənc balerinanın ifaları tamaşaçıları valeh edir, səhnəyə atılan güllər, çiçəklər sevginin səssiz etirafına çevrilirdi. Lakin cəmiyyətin qaranlıq təbəqəsi bu işığı qəbul etmirdi. Hətta bir dəfə onu öldürmək istədilər… Atılan güllə ayaqqabısının dabanına dəydi. Elə o anda gizlədilən həqiqət üzə çıxdı.

Qəmər Almaszadə

Hacıağa kişinin qəzəbi uzun çəkmədi. O, bir gün teatra gizlicə gəldi, ən arxa sırada əyləşdi. Səhnədə isə onun “sarışını” – Qəməri idi. “Qız qalası”nda Gülyanaq qalanın başından özünü atanda ata elə hönkürdü ki, qonşular onu sakitləşdirməyə çalışdılar. Tamaşadan sonra evə qorxa-qorxa qayıdan Qəməri atasının isti, sevgi dolu qucağı və bu sözlər qarşıladı: “Sən necə də gözəl artistsən!”

Qəmər Almaszadə istedadını cilalamaq üçün Rusiyaya – Leninqrad Xoreoqrafiya Məktəbinə yollandı. Məşhur Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxudu. Bacısı Ədiləni itirdi, amma sınmadı. 1936-cı ildə Bakıya qayıdan Qəmər artıq təkcə balerina deyil, balet priması idi.

Onun sənəti səhnədə dayanmadı. Dövlət Filarmoniyasının nəzdində Mahnı və Rəqs Ansamblını yaratdı, Üzeyir Hacıbəylinin rəhbərliyi ilə bölgələri dolaşaraq xalq rəqslərini öyrəndi, qorudu, səhnəyə gətirdi. Klassik baletlə milli ruhu elə ustalıqla birləşdirdi ki, bu sintez Azərbaycan baletinin imzasına çevrildi.

Qəmər Almaszadə

Əfrasiyab Bədəlbəylinin onun üçün yazdığı “Qız qalası” Şərqin ilk baleti kimi tarixə düşdü. Qəmər bu əsərdə həm quruluşçu, həm də baş ifaçı idi. Üzeyir bəy onun Gülyanaq obrazını yüksək qiymətləndirir, Moskvanın “Pravda” qəzeti isə yazırdı ki, Almaszadə xalq rəqsini müasir xoreoqrafiya ilə yaradıcı şəkildə birləşdirə bilib və bu obraz “azərbaycanlı qadının faciəsini” dərin inandırıcılıqla təqdim edir.

“Qu gölü”, “Jizel”, “Şelkunçik”, “Don Kixot”, “Yeddi gözəl”, “Min bir gecə”, “Babək”, “Qobustan kölgələri” – bu adların hər birində Qəmər Almaszadənin izi, nəfəsi var. Onun rəhbərlik etdiyi truppa Fransada qran-pri qazandı, Hindistanda, Nepalda alqışlandı. 1970-ci ildə Bağdadda İraq Xalq Rəqsləri Ansamblını yaratmaq ona etibar edildi.

1950-ci illərdə səhnədən ayrılsa da, səhnə ondan ayrılmadı. 40 ilə yaxın Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi bütöv bir nəsil yetişdirdi. Onun yetirmələri sırasında SSRİ Xalq artisti Leyla Vəkilova kimi adlar var.

Qəmər Almaszadə

Ordenlər, titullar, SSRİ Xalq artisti adı… Amma Qəmər Almaszadə üçün ən qiymətlisi müstəqil Azərbaycanın “Şöhrət” ordeni idi. Çünki o, bu şöhrəti zamanından qabaq qazanmışdı.

7 aprel 2006-cı ildə bu böyük sənətkar dünyadan köçdü. Amma Fəxri xiyabanda uyuyan Qəmər Almaszadə səhnələrdə, filmlərdə, xatirələrdə yaşayır. Onun adını daşıyan küçə, keçirilmiş beynəlxalq rəqs müsabiqələri – hamısı bir həqiqəti xatırladır:

Qəmər Almaszadə Şərqin balet səhnəsində doğan və heç vaxt qüruba enməyən bir işıqdır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, söhbət zamanı Azərbaycanda mövcud əlverişli investisiya mühitinin xarici sərmayədarlar üçün də cəlbedici olduğu vurğulandı.

Ən son

İdman

Baki-baku.az xəbər verir ki, bu barədə məlumat yayıb
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin