Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/25/2026

Paylaşın

HƏR ŞEYDƏN

Şamaxı – Şirvanşahların paytaxtından Tanrının gözəllik taxtına

006-2

Şamaxı adı çəkiləndə ilk ağla gələn saraylara baş əyməyən Xaqani Şirvani, “Ən-əlhəq” nidası ilə Haqdan uzaq olanların üstünə yeriyən Seyid İmadəddin Nəsimi, Şirvani, Bakuvi imzası, künyəsi ilə qələm çalan dahilərin divanı olan Şirvanşahlar sarayı gəlir. Milli dövlətçilik və mənəvi dəyərlər tariximizin min ilinə şahidlik edən Şirvanşahların paytaxtı Şamaxı pirlərin, övliyaların diyarı olmaqla yanaşı, həm də Tanrının gözəllik taxtıdır. Qəlbi dağları, bozqırları, yaşıl meşələri, gur bulaqları insana hüzur verən Şamaxının min zinətindən biri olan şəlalələr dağların döşündən süzülüb bozqırlara, yaylaqlara can gətirdiyi kimi, həm də ayağına dünyanın müxtəlif guşələrindən insanlar gətirir. Sərt, sıldırım qayaların, yaşıl ormanların yaxasında binə tutan təbiət qoruqlarında məskən salan flora və fauna inciləri həmin gur bulaqların, şəlalələrin, Tanrı üzü görən möcüzələrin nuruna bürünərək ürüyüb-artır. Min illərdir dünyanın o başından Şamaxını deyib gələn səyyahlar onların adına səyahətnamələr yazmaqla kifayətlənmir, həm də bu təbiət incilərinin sözə, sənətə, musiqiyə və rəsm əsərlərinə çevirir.

Qala dərəsinin nurdan biçilən xirqəsi – Xalıt şəlaləsi

Şamaxının zinəti hesab olunan, Şahdağ Milli Parkının sıx meşələrində, Qaladərəsi kəndində mövcud olan Xalıt şəlaləsi dik qayadan 30 metr hündürlükdən tökülərək füsunkar bir mənzərə yaradır. Bahar fəsli, yaz ayları gələndə dağların qarının əriməsi, ağ örpəyini çiyinlərindən atması ilə şəlalənin tufanı xatırladan heyrətli coşqusunun şahidi olursan. Coğrafiyaşünas alimlərin, yerli sakinlərin qənaətinə istinad edərək deyə bilərik ki, bu təbiət incisinə varmaq, onun sehrinə dalmaq o qədər də asan deyil. Müasir nəqliyyat vasitələrinin gedə bilmədiyi məsafəni səyyahlar və turistlər ancaq payı-piyada qət edə bilir.

Əldə olunan məlumatlardan o da bəlli olur ki, Qaladərəsi kəndinə yalnız dağ maşınları, ağır minik vasitələri ilə getmək mümkündür. Xalıt şəlaləsinə, Qaladərəsinin incisinə yetmək üçün sıx meşələrin içərisi ilə təxminən 1,5 km məsafə qət etmək gərək olur. Rütubətli və sürüşkən yolda rahat yürümək üçün mütləq altı sürüşməyən idman ayaqqabılarından istifadə etməlisən.

Xalıt Tanrının təkcə Şamaxıya deyil, Odlar Yurdu Azərbaycanın çiyninə saldığı bir nur xirqəsi, xalatıdır. Onun gözəlliyini ancaq görənlər, seyr edənlər əzəməti önündə sükutun poeziyasını anlayanlar, pıçıltısını dinləyənlər bilər.

Şahdağ Milli Parkının, Qaladərəsinin, Xalıt şəlaləsinin əzəmətini, əzəmətqarışıq gözəlliyini anlaayanlar İlahi nemətin nə olduğunu çətin anlayar.

Qaladərəsinin iki incisindən biri – Yaşılgöl

Şahdağ Milli Parkının ətəyində binə tutan Qaladərəsi kəndi təkcə Xalıt şəlaləsinə deyil, həm də Şamaxının imzasına çevrilən digər bir gözəlliyə də ev sahibliyi edir. Bakıdan cəmi 150 km məsafədə yerləşən Yaşılgölü Şamaxının, daha doğrusu, Şirvan şahlığının üzüyünün zümrüd qaşı da hesab etmək olar. Sıx meşələrin, qəlbi dağların qoynunda yerləşən Yaşılgöl adını öz büllur, saf sularından və ətrafdakı yaşıl ağacların, gur meşələrin, sıx ormanların rəngindən alıb. Tarixlə müasirliyin körpüsü, gözəlliklə ilahi nemətin ünvanı olan Qaladərəsində ayaq saxlayıb nəfəs dərənlər Xalıt şəlaləsi ilə yanaşı, Yaşılgöldə dinclik tapıb, hüzur bulduqca şübhəsiz ki, düşünür: “Bizim nə gözəl vətənimiz var!”

Zəngin təbiəti, mülayim iqlimi, mineral suları, zümzüməli bulaqları dağların, sərt-sıldırım qayaların yaxasından süzülən şəlalələri, sıx meşələri ilə diqqət çəkən Şamaxı həm də nadir ağacların, bitkilərin Qırmızı kitaba daxil edilən müxtəlif növ quşların, heyvanların, varlığı ilə təbiətin incisinə çevrilən dağ keçilərinin, poeziyanın heyrət və gözəllik ünvanı olan ceyranın, cüyürün, şahinin, qartalın, kəkliyin, turacın, min bir dərdə dəva olan bitkilərin ünvanıdır.

Şamaxıdan yollar görünən Babadağ Qaraçayın, Vəlvələçayın, Girdimançayın mənbəyi olduğu kimi, həm də Şamaxının gur şəlalələrinin, zümrüd göllərinin həyat mənbəyi, qan damarıdır. Şamaxını ziyarət təkcə təbiətlə baş-başa qalıb, hüzur bulmaq deyil, Xaqani Şirvani, Seyid İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Abbas Səhhət, Aşıq Bilal, Mirzə Güllər, ən əsası, Yaxın və Orta Şərqdə ilk Muğam Mərkəzinin qurucusu Mahmud Ağa kimi dahilərə irfan bulağından içirən Ulu Tanrının səcdəsinə getməkdir!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Avqustun 23-də Daşkənddəki “Kuksaroy” Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin