Bakının İnşaatçılar prospekti, Şəfaət Mehdiyev küçəsi və Tbilisi prospektinin yaratdığı üçbucaq daxilində Salyan kazarmaları kimi tanının böyük hərbi şəhərciyin yaradılmasına başlanması XX əsrin əvvəllərinə təsadüf edir və bu şəhərcik öz adını orada dislokasiya olunmuş Salyan alayının adından götürür. Hələ XIX əsrdə çar Rusiyası ordusu tərkibində Azərbaycanın yer adları ilə adlandırılmış xeyli sayda hərbi hissələr mövcud olub. Məsələn, 81-ci Abşeron piyada alayı, 83-cü Samur alayı, 84-cü Şirvan alayı, 153-cü Bakı alayı və s.
206-cı Salyan alayı da bu alaylardan biri idi. Bu alayların Azərbaycanın yaşayış məntəqələrinin adları ilə adlandırılması heç də onları tərkibində azərbaycanlıların xidmət etməsini göstərmirdi. Daha çox həmin alayların müxtəlif vaxtlarda Azərbaycan ərazisində olması ilə bağlı idi. Amma bu, yeganə səbəb deyildi.
Salyan alayının əsası 1805-ci ildə qoyulmuşdu. Bu hissə əvvəlcə Xəzər dənizində hərbi xarakterli vəzifələrin icrası məqsədilə bir dəniz taboru şəklində Kronştadtda yaradılmış və sonra da Həştərxana köçürülmüşdü. Azərbaycan xanlıqlarının işğalı məqsədilə Rusiya ilə Qacarlar dövləti arasında müharibələr başlayanda bu tabor Həştərxanla Azərbaycanın digər məntəqləri arasında dəniz əlaqələrinin yaradılması, Rusiya qoşunlarının təchizatının daşınması üçün xüsusi əhəmiyyət kəsb edirdi. 1811-ci ildə Rusiya qoşunları Lənkəran qalası üzərinə hücum edəndə bu tabor kömək üçün Lənkərana göndərildi. Lənkəran rus qoşunlarının əlinə keçəndən sonra isə həmin taborun orada saxlanması lazım bilindi. Sonradan həmin tabor piyada taboruna çevrilərək 1868-ci ilə qədər Lənkəranda qaldı. Bu müddət ərzində taborun adı bir neçə dəfə dəyişdirildi. 1830-cu və 1858-ci illərdə bu tabor 8-ci Gürcü xətti taboru, 7-ci xətti taboru, 9-cu xətt taboru və 21-ci Qafqaz xətti taboru adlandırıldı. Bakıya köçürüldükdən sonra isə bu tabor 1868-ci ildən 66-cı Bakı quberniya taboru, Bakı yerli taboru, 12-ci Qafqaz ehtiyat taboru, 1891-ci il mart ayından isə Salyan ehtiyat piyada taboru adlandırıldı. 1892-ci ilin sonlarında Salyan ehtiyat taboru Salyan ehtiyat piyada alayına çevrildi. 1910-cu ildən isə bu alay 206-cı Salyan piyada alayı oldu.
Bu alayda ayrı-ayrı vaxtlarda azərbaycanlı zabitlərin də xidmət etməsi haqqında məlumatlar mövcuddur. Məsələn, alayın salyan kazarmalarına köçməsi ərəfəsində onun sıralarında ştabs-kapitan Məmmədov Məmməd Əhməd oğlunun, poruçik Yusif bəy Əzizbəyovun, poruçik Məhəmməd Təhməz oğlunun xidmət etməsi haqqında məlumat var.
Salyan alayı Bakıda İçərişəhərdə yerləşirdi. Bu alayın şəxsi heyətinin ibadətlə məşğul olması üçün Qız qalası yaxınlığında Möcüzə yaradan müqəddəs Nikolay kilsəsi tikilmişdi. Həmin kilsənin Bakıda ilk pravoslav kilsəsi olması ehtimal edilir. Lakin İçərişəhərdə bu alayın yerləşməsi, döyüş hazırlığı ilə məşğul olması üçün lazımi şərait olmadığından onun şəhər kənarına, daha geniş bir əraziyə köçürülməsi qərar alındı. Bunun üçün şəhərin şimalında, Şamaxı şossesinin sol tərəfində düzənlik bir ərazi ayrıldı və bu ərazi üçün 42.742 rubl 50 qəpik pul ödənildi. 1908-ci ildə həmin ərazidə Salyan alayı üçün qışlaların tikilməsi 1909-cu ilin payızında başa çatdı. Həmin ildə də 206-cı Salyan alayı hazırda Salyan kazarmaları adlanan bu əraziyə köçdü.
Salyan alayının yerləşdiriləcəyi ərazidə hərbi şəhərciyin yaradılması nəzərdə tutlmuşdu. Bu şəhərciyə qışlalar və xidməti binalar, yaşayış binaları və alay kilsəsi daxil olmalı idi. Salyan kazarmalarının ilkin ərazisi hazırkı ərazidən bir qədər kiçik idi və onun ərazisi təxminən hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasının yerləşdiyi binalardan başlayaraq şimala, yəni Şamaxı şossesinə (indiki Tbilisi prospektinə) qədər uzanırdı. Keçmiş Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin ərazisi isə Salyan kazarmalarına sovet hakimiyyəti illərində artırılmışdı.
Baxmayaraq ki, xidməti binalar və əsgər qışlaları rus ordusunun hərbi hissəsi üçün tikilmişdi, həmin binaların layihələndirilməsində milli arxitektura elementlərindən də istifadə edilmişdir. Xüsusən, bu binaların pəncərə yerləri şərq üslubunda layihələndirilmişdir ki, bu da həmin binalara baxımlı yaraşıq verir. Binaların divarlarının eni bir metrə yaxındır. Bu divarların tikintisində əhəngdən və Bakı ətrafında istehsal olunan tikinti materiallarından istifadə olunub. Divarlar bayır və içəri tərəfdən yonulmuş daşlarla hörülmüş, araları isə tikinti materialları ilə doldurulub.
Qeyd edildiyi kimi, istər xidməti binalar, istərsə də yaşayış binaları cənubdan şimala (bir qədər şimal-şərqə meylli şəkildə) sıralanıb. Cənubdan bu şəhərcik bir-birinə paralel şəkildə tikilmiş iki böyük və üçmərtəbəli bina ilə başlayır. Hazırda bu binalarda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yerləşir. Bu şəhərcikdə olan qədim tikililərin çoxu həmin iki binadan şərq tərəfdə yerləşənin qarşısında sıralanmışdır. Diqqət yetirilərsə, həmin iki bina ilə qədim binaların şimala doğru sıralanmasının sonundakı iki binanın arxitektura oxşarlığı var. Quruluşuna, daxili şəraitinə görə şübhə etmək olmaz ki, həmin binalar alayın şəxsi heyətinin yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Həmin binalarda müəyyən məşğələlərin keçilməsi də mümkün ola bilərdi. Şəhərciyin cənubunda tikilimiş ilk iki binanın şərq tərəfdə olanının qarşısındakı sıralanmanın ikinci və üçüncü binalarının arxitektura quruluşu digər binalardan seçilir. Mövcud olan ehtimalları görə həmin binalar alayın atlarının saxlanması üçün nəzərdə tutulubmuş. Bu binalar iki mərtəbəlidir. Mümkündür ki, bu binaların 1-ci mərtəbəsində atlar saxlanmış, 2-ci mərtəbəsində isə xidmət personalı qalmışdır. Həmin binaların hər ikisinin şimal kəlləsində içəri daxil olmaq üçün böyük qapılar olmuşdur. Hazırda həmin qapılar tutulubdur. Bu qapıların mövcudluğu, habelə bu binaların qərbində geniş meydanın olması da binaların atlar üçün nəzərdə tutulması ehtimalını artırır.
Qədim tikililərin sıralanmasında atların saxlanması üçün tikildiyi ehtimal edilən binalardan sonrakı binanın arxitekturası, daxili planlaşdırılması onun inzibati bina kimi nəzərdə tutulduğunu deməyə əsas verir. Ondan sonrakı bir mərtəbəli bina isə xidmət bölmələrinin yerləşməsi üçün münasib ola bilərdi.
Şəhərcik daxilində xidməti məqsədlər üçün nəzərdə tutulmuş 10 böyük qədimi tikili vardır. Sovet hakimiyyəti, eləcə də müstəqilliyin əldə edilməsindən sonra Salyan kazarmaları daxilində binaların sayı xeyli artmışdır. Şəhərciyin əhatə etdiyi ərazinin genişliyi orada yeni binaların tikilməsinə də imkan vermişdi.
1911-ci ildə Rusiya çarı II Nikolayın əmri ilə 206-cı Salyan alayı üçün tikilmiş şəhərcik çarın oğlu Alekseyin adı ilə Aleksey kazarmaları adlandırıldı. 1920-ci ilin aprel çevrilişindən sonra isə bu şəhərciyə “Qızıl Şərq” (Красный Восток) adı verildi. Amma bu şəhərcik yaddaşlarda daha çox Salyan kazarmaları adı ilə qalmış və bu gün də bu ad altında tanınmaqdadır.
Salyan kazarmaları şəhərçiyinin ikinci mühüm elementi 206-cı Salyan piyada alayının zabit heyəti üşün tikilmiş yaşayış binalarıdır. Həmin binalar xidməti tikililərin şərq hissəsində, yəni qışlalarla Şamaxı şossesi arasındakı ərazidə üç sırada tikilmişdir. Hazırda qışlalara yaxın olan sırada 3 qədim yaşayış binası, 2-ci sırada 2 bina və üçüncü sırada da 2 bina qalmışdır. Həmin binalar indi də yaşayış məqsədilə istifadə olunmaqdadır. Binalar iki mərtəbəlidir. Binalardakı hər bir otağın dəhlizə çıxışı vardır. Bu da bir otağın bir nəfər və ya bir ailə üçün nəzərdə tutulduğu ehtimalını yaradır. Yaşayış binalarının sıralanmasını, bu binaların planlaşdırılmasını nəzərdən keçirməklə belə bir qənaətə gəlmək mümkündür ki, onların sayı daha çox olmuşdur. Çox güman ki, bu ərazidə meydana gəlmiş yeni tikililərin bəziləri sökülmüş qədim tikililərin yerini tutublar.
Salayan kazarmaları şəhərciyinin digər bir mühüm elementi isə alay kilsəsi isi. Çar Rusiyası ordusunun alaylarının hər birinin bir qayda olaraq öz kilsələri var idi və bütün şəxsi heyət də alay ruhanisinin rəhbərliyi altında müəyyən edilmiş vaxtlarda həmin kilsələrdə ibadətlə məşğul olurdular.
Bu kilsə Rusiya ordusu hissələri üçün nəzərdə tutulmuş standart kilsə layihəsi əsasında tikilmişdir. Onun arxitektoru F.M.Verjbitskidir. Mövcud olan məlumatlara görə, Salyan kazarmalarındakı kilsənin arxitekturası əsasında Rusiya ərazisində 60-a yaxın kilsə tikilmişdir. Bu kilsə həmin ərazidə yerləşmiş xristian qəbristanlığı yaxınlığında tikilmişdi. Kilsənin əsası 1908-ci il may ayının 6-da qoyulmuş və onun açılığı 1909-cu il dekabr ayının 6-da baş tutmuşdur. Kilsənin tikintisi Rusiyanın Hərbi Nazirliyinin maliyyə vəsaiti hesabına aparılmış və bunun üçün həmin nazirlikdən 42 min rubl pul ayrılmışdı. Həmin vəsait yalnız kilsənin tikintisinə kifayət etmişdi. Kilsənin daxili tamamlama işlərinin aparılmasına və dini tərtibatına isə ianə hesabına toplanan pullar sərf edili. Mövcud olan məlumata görə, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev də bu kilsənin daxili tərtibatı üçün pul ayırıb.
Birinci Dünya müharibəsi ərəfəsində Salyan kazarmalarında yerləşmiş 206-cı Salyan piyada alayı Rusiya ordusu 3-cü Qafqaz ordu korpusunun 52-ci piyada diviziyasının 1-ci briqadasının tərkibində idi. Bu müharibənin başlaması ilə Salyan alayı da cəbhəyə yollanaraq əvvəlcə Şimal-qərb, sonra isə Cənub-qərb cəbhələrində döyüş tapşırıqlarının icrası ilə məşğul oldu. İştirak etdiyi döyüşlərdə böyük itkilər verdiyi üçün 206-cı Salyan piyada alayı 1917-ci ildə cəbhədən geri alındı və 1918-ci ildə isə bu alay ləğv edildi. Yerləşdiyi şəhərciyin adı isə bu alayın adını hələ də yaşatmaqda davam edir.
Müəllif Mehman Süleymanov
Tarix elmləri doktoru