Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasının sakinləri ciddi narahatlıq içərisindədir.
Baki-baku.az xəbər verir ki, buna səbəb binanın önündəki qaz xəttinin marketin içərisindən keçməsidir.
Redaksiyamıza daxil olan şikayət məktubunda bildirilib ki, bu vəziyyət sakinlər üçün ciddi narahatlıq yaradır. Mövcud vəziyyət bina sakinlərinin təhlükəsizliyini təhdid edir.
Bəs belə bir quraşdırmaya necə icazə verilib və potensial neqativ nəticələrə görə məsuliyyəti kim daşıyır?
Qeyd edək ki, qaz xətləri yüksək riskli infrastruktur obyektləridir və onların ticarət obyektinin içərisində yerləşməsi təhlükəsizlik standartlarına ziddir. Xüsusilə qaz sızması, yanğın və ya partlayış kimi təhlükələrdə bunun ciddi fəsadları ola bilər. Görəsən aidiyyəti qurumların bu məsələdən xəbərləri varmı? Baş verəcək hər hansı bir hadisənin məsuliyyətini daşımağa hazırdırlarmı?
Mövzu ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığımız müraciətə cavab olaraq məsələnin araşdırıldığı bildirildi.
Digər aidiyyəti qurumların da mövqelərini yayımlamağa hazırıq. Məsələni diqqətdə saxlayacağıq.