Bakının Xəzər sahilində, Dənizkənarı Milli Parkda bir vaxtlar çoxlarının ürəyində xüsusi yer tutan, dənizin içində yerləşən unikal bir məkan vardı – “Sadko” kafesi. Bu kafe bir dövrün romantik simvollarından, bakılıların yaddaşında silinməz iz qoyan yerlərindən biri idi.
Yaranması və estakadanın tikintisi
1960-cı illərin sonlarında, Bakı meri Əliş Ləmbəranskinin təşəbbüsü ilə, Bakı buxtasında Xəzər dənizinə doğru uzanan bir estakada inşa edildi. Bu, həmin dövrdə buxtadakı ən uzun körpü idi – əvvəlcə 455 metr uzunluğunda olan bu estakada sonralar 555 metrə qədər uzadıldı. Bakılılar bu estakadanı zarafatla “Perpendikulyar bulvar” da adlandırırdılar. Körpünün tam sonunda isə “Sadko” kafesi yerləşirdi.

Dənizin ortasında romantika
Kafenin memarlığı xüsusi fərqlənmirdi – adi, düzbucaqlı formalı bir “şüşə qutu” idi. Amma yerləşdiyi mövqe və atmosferi onu sıradan bir məkandan tamamilə fərqləndirirdi. Dənizin ortasında yerləşən bu kafe, romantik görüşlər, ailəvi istirahət və dostlarla yığıncaqlar üçün ideal məkana çevrilmişdi.
Kafenin adı ehtimal ki, rus folklorundakı dəniz səyyahı Sadkodan ilhamlanmışdı. Lakin sovet ruhlu adına baxmayaraq, burada tamam fərqli – “qeyri-sovet” ab-hava hökm sürürdü.
Zövqlü menyu və unikal ab-hava
O dövrdəki adi yeməkxanalardan fərqli olaraq, “Sadko”da qəhvə qlase, pirojnalar, şampan, qoz-fındıq, konfet və müxtəlif şirniyyatlar sifariş etmək mümkün idi. Bu, o zaman üçün elit və zövqlü bir təcrübə sayılırdı. Burada ailələr, cütlüklər, gənclər bir araya gələr, bakılılar üçün əsl istirahət və xoş xatirələr məkanı idi. Həmçinin balıqçılar üçün də körpü ideal yer idi.

Tənəzzül və yeni dövr
1990-cı illərin sonunda ölkədəki ümumi dəyişikliklər fonunda “Sadko” da tədricən tənəzzülə uğradı. Kafenin adı dəyişdirilərək “Altunay” oldu, lakin əvvəlki şöhrətini bərpa edə bilmədi. Təxminən 2009–2010-cu illərdə isə kafe tamamilə əl-ayaq çəkildi. Hazırda orada yeni layihələr üzrə işlər gedir.
Şəhər yaddaşında iz buraxan bir məkandır
“Sadko” sadəcə bir kafe deyildi. O, şəhərin kollektiv yaddaşında, xüsusilə də bakılıların nostalji xatirələrində özünəməxsus yer tutan bir məkandır. Burada ilk görüşlər, ailəvi toplaşmalar, dənizin səsi altında edilən söhbətlər illər keçsə də unudulmur. Bugünkü nəsil üçün o, daha çox əfsanəvi bir xatirə, gələcək nəsil üçün isə yenidən doğulacaq bir mədəniyyət məkanı olacaq.

Xanım Aydın