İndi səni gözləyən
bir qapı var hardasa;
(Ramiz Rövşən)
Hə, qapılar gözləyir… Qapılar ya gizlədir, ya aşkar edir, ya qovur, ya dəvət edir, ya qoruyur, ya da ifşa edir… Onların açılmağı da, bağlanmağı da bir başlanğıcdır. Hər şey qapıdan ilk addımı atmaqla başlayır. Açırıq, daxil oluruq və örtürük… Bu üç ardıcıl hərəkət bütöv bir həyatın təsvirinə bərabərdir. qapı hərəkətdir, irəliləyişdir, seçimdir, dəyişiklikdir, yenilikdir…
Qapı gizli istəkdir… Qapı axtarışdır, elə bir axtarış ki, bu prosesin özü tapıntıdan daha maraqlıdır. Qapı həm də sərhəddir, hüduddur, çərçivədir, limitdir. Bir dünyanın başlanğıcı, o biri dünyanın sonudur. Qapılar həm ayırır, həm də qovuşdurur. Həsrət və vüsal simvoludur qapılar.
Yalan üzdə olduğu halda, həqiqət möhkəm bağlanmış qapılar arxasında qalır bəzən. Dəyərli olanı gizlədirik, İçərişəhərin öz daxilini qalın divarlarla qoruduğu kimi. Onun sehrli dünyasına qoşa qala qapılarından daxil oluruq. Cütdürlər – sağ və sol tağlar əllər kimi səni qucaqlayıb içəri dəvət edir. İçərinin şəhərinə… Şəhərin ən qədim və tarixi rəmzlərindən biri olan qoşa qala qapıları üzərində əks olunan iki şir kimi qədim Bakını – buğanı qoruyur qapılar. Bu qapılardan daxil olub gəzdikcə, darlaşan küçələrlə irəlilədikcə qarşına o qədər yeni qapı çıxır ki… bəzi qapılar lap ağız-ağızadır, indicə öpüşəcəklər kimi üz-üzədir. İki evin sərhəddi, dar keçidin iki qanadı kimi.
Bakının qapıları da özü kimidir… Biraz köhnə, biraz təzə, biraz ağ, biraz qara… Küləklər şəhərinin qapıları da əzəmətlidir, möhkəmdir… Şəhərin sirli portallarıdır sanki onlar. Bəzi qapılar səni tilsimə salır, astanada dayanıb sanki bir sənət əsərinə zillənirsən. Mürəkkəb ornamentlər, həndəsi fiqurlar, incə naxışlar, əlvan şəbəkələr koleydoskop kimi qeyri-adi mozaikalr yaradır, bununla da qapının o biri üzünə daha çox maraq oyadır.
Görəsən, qapının üzərindəki nöqtəyə bənzəyən elementlər kainatın başlanğıcıdır, ya nəqqaşın fikrinin sonu? Axı Vasili Kandinski də hər şeyin nöqtədən başladığını deyirdi… Bəs iki nöqtəni birləşdirən həmin o bircə xətt? Bəli, həqiqət təkdir, ona gedən yol da ancaq düz olandır.
Gəzirsən… Qapı axtarırsan… Qarşılaşanda bilmirsən, o səni gözləyirdi, yoxsa sən onun intizarında idin. Qapıya baxdıqca üzərindəki dairəvi ornamentlər səni hipnoz edir. Mərkəz ətrafında işlənən incə naxışlara baxdıqca təxəyyülündə də yaradılanlar yaradan ətrafında fırlanır.
Sonra dəmir qapılar, şüşəli taxta qapılarla rastlaşırsan Bakıda. Dörd tərəfdən mühafizə olunduğun mənasını verən düzbucaqlarla bəzənmiş qapılar dördguşəli ulduzlarla qoruduğu məkandan şeytanı qovur.
Bakı qapılarının cinsini də, yaşını da müəyyən etmək olur. Ölçüsü ilə, rəngi ilə, cəftəsi ilə, elə lap forması ilə.
İkiüzlüdür qapılar… Çöl üzü iç üzündən fərqlənir. Örtüldüyü dünya üçün mehriban, açıldığı aləmə qarşı amansızdır bəzən. Bir də özünəqapalı qapılar var, hüdudunda dayandığının zənginliyini gizləyir. Həm qarşılayan, həm yola salandır qapılar. Dualistdir – qaranlığının içində işıq, işığının içində qaranlıq var.
Bakıda məscidlərin, sarayların, teatr binalarının, muzeylərin qapıları tikildiyi dövrün ənənəsini əks etdirsə də, müxtəlif üslublarda olsa da zaman keçdikcə şəhərin xəmirinə qarışıb və bircins olub. Bakını həmin binlarsız, həmin binaları da ehtişamı ilə göz oxşayan qapıları olmadan təsəvvür etmək çətindir. Barelyeflər, büstlər, müxtəlif heyvan fiqurları ilə dekor edilən girişlərdə zaman və məkan anlayışı itir.
Həyatın faniliyi xatırlayırsan. Təmtərahı ilə gözoxşayan qapılar hər şeyin keçiciliyini, başlanğıcın bir sonu olduğunu göstərir. Ölümü unutdurmur.
Gözlər qəlbin aynası olduğu kimi, qapılar da birləşdirdikləri iki dünyanın güzgüsüdür. Səni gözləyən qapının ya qarşında əks olunanı seçirsən, ya da arxanda qalanı.
Xavər Zairova