Avstriyanın paytaxtı Vyana Avropanın ən məşhur turizm mərkəzlərindən biridir və burada restoranların və kafelərin səkilərdə fəaliyyət göstərməsi şəhər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Şəhər küçələrində gəzərkən piyada səkilərinin böyük bir qismində kafe və restoranların açıq hava məkanlarını görmək mümkündür. Bu təcrübə təkcə estetik baxımdan şəhərə canlılıq qatmır, həm də sosial və iqtisadi faydalar gətirir. Vyananın bu modeli digər şəhərlərə də nümunə ola biləcək uğurlu bir təcrübədir.
Baki-baku.az bu yazıda səkilərdə restoran və kafelərin fəaliyyətinin sosial-iqtisadi təsirlərini, Avropanın turizm şəhərələri sırasında öndə olan Vyananın təcrübəsini araşdırıb və bununla bağlı bəzi fotoşəkilləri təqdim edir.
Açıq hava oturacaqları restoranlara daha çox müştəri qəbul etmək şansı verir ki, bu da onların gəlirlərini artırır və biznesin davamlılığını təmin edir. Xüsusilə yay aylarında insanlar təmiz havada oturmağa üstünlük verir, bu da kafe və restoranların tutumunu genişləndirir. Nəticədə, daha çox işçi qüvvəsinə ehtiyac yaranır və yeni iş yerləri açılır.
Bundan əlavə, açıq hava məkanları şəhərə unikal bir cazibə qatır. Məşhur “kaffeehaus” mədəniyyəti çərçivəsində küçə kafeləri həm yerli sakinlər, həm də turistlər üçün görüş nöqtəsinə çevrilir. İnsanlar burada təkcə yemək yemək və ya qəhvə içmək üçün deyil, həm də sosiallaşmaq, küçə həyatını izləmək və şəhərin atmosferini hiss etmək üçün toplaşırlar. Bu məkanlar Vyananı “yaşayan” bir şəhərə çevirir və onun turizm potensialını gücləndirir. Turistlər açıq havada oturub şəhərin tarixi küçələrini seyr edərkən burada daha çox vaxt keçirməyə meylli olurlar ki, bu da yerli iqtisadiyyata əlavə gəlir gətirir.
Bu təcrübə mövsümi xarakter daşımaması ilə də diqqət çəkir. Yayda tam açıq olan bu məkanlar qışda şüşə örtüklərlə bağlanaraq ilboyu fəaliyyət göstərir. Bu, restoranların davamlı gəlir əldə etməsinə şərait yaradır və iqtisadi sabitliyi təmin edir. Eyni zamanda, açıq hava kafeləri Vyananın mədəni müxtəlifliyini də əks etdirir. Turistlərin və yerli sakinlərin bir araya gəldiyi bu məkanlar mədəni mübadiləni təşviq edir, şəhərin qonaqpərvərliyini və həyat tərzini dünyaya tanıdır.
Sosial baxımdan da səkilərdəki kafelər böyük əhəmiyyət kəsb edir. Bu məkanlar insanların bir araya gəlib vaxt keçirməsi üçün ideal mühit yaradır. Dostlarla söhbət etmək, kitab oxumaq və ya sadəcə küçənin ritmini hiss etmək üçün bu kafelər şəhər sakinlərinin həyat keyfiyyətini artırır. Vyananın küçə həyatı bu açıq məkanlar sayəsində daha rəngarəng və dinamik olur.
Nəzərə alsaq ki, son dönəmlər Azərbaycanın regionları, xüsusilə də Bakı turistlərin sevimli istiqamətlərindən birinə çevrilib, bu təcrübənin də ölkəmizdə geniş yayılması qaçınılmazdır. Səkilərin restoranlar və kafelər tərəfindən istifadəsi həm iqtisadi, həm də sosial baxımdan ölkənin inkişafına, şəhər həyatının canlanmasına töhfə verə bilər. Bakının mərkəzi küçələrində açıq hava məkanlarının çoxluğu yerli sakinlər, turistlər üçün cəlbedicidir.
