Nəşr edilmişdir 02/27/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Şəfaət Mehdiyev kimdir? – Bakı küçələrinin adlarını daşıyanlar

IMG-20250227-WA0144

Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, professor Şəfaət Mehdiyev 15 dekabr 1910-cu ildə anadan olub. 1930-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. 1932-ci ildə onun rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi professor P.P.Suşinskinin “Kristalloqrafiya kursu” kitabı nəşr olunur. Bu kitab 20–25 il ərzində respublika institutlarının Azərbaycan bölmələrində dərslik kimi istifadə edilir. 1933–1941-ci illərdə müxtəlif geoloji təşkilatlarda işləyib. O illərdə Azərbaycanda milli mütəxəssislərin çox az olması ilə əlaqədar Şəfaət Mehdiyev oxuduğu institutda və Azərbaycan Pedaqoji İnstitutunda (indi Azərbaycan Pedaqoji Universitetində) kristalloqrafiya fənnindən Azərbaycan bölmələrində dərs deyib.1938-ci ildə Pirsaat və Neftçala neft mədənlərində baş geoloq və Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunun direktor müavini vəzifələrində fəaliyyət göstərir. 1939–1941-ci illərdə Azərbaycan geoloji fondunun və Abşeron geoloji partiyasının rəisi vəzifələrində çalışır. Bu dövrdə o, Abşeron yarımadasının geoloji xəritələrinin tərtib edilməsində mühüm işlər görüb.

1941–1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. Sonra Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) elmi fəaliyyətə başlayıb. 1945-ci ildə neft geologiyasında mühüm təcrübi əhəmiyyətə malik olan “Abşeron yarımadası neft yataqlarının geotermikası” mövzusunda namizədlik işini müdafiə edir. 1945–50-ci illərdə Azərbaycanın ən az öyrənilmiş geoloji rayonu olan Lənkəran rayonunun və Talış dağ silsiləsinin geoloji tədqiqat işləri ilə məşğul olur. Nəticədə Şəfaət Mehdiyev 1950-ci ildə “Lənkəran rayonunun geoloji quruluşu və neftlilik perspektivliyi” mövzusunda geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edir.

1954–1958-ci illərdə Geologiya İnstitutunun direktoru işləyib. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasına müxbir üzv, 1958-ci ildə isə həqiqi üzv seçilib. 1958–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunur. 1965-ci ildən ömrünün axırına kimi isə Geologiya İnstitutunda “Neft və qaz geologiyası” şöbəsinə rəhbərlik edir. O, eyni zamanda, 1967–1970-ci illərdə Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri olub.
Şəfaət Mehdiyev həm də bədii yaradıcılıqla məşğul olub. Onun dörd pyesi, bir çox hekayələri, miniatürləri, publisistik məqalələri və şeirləri var.
Akademik Şəfaət Fərhad oğlu Mehdiyevin xidmətlərini nəzərə alaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Bakı şəhərinin Yasamal rayonundakı küçələrindən birinə onun adı verilib, yaşadığı evin fasadına xatirə lövhəsi vurulub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də Bakıda rəsmi qarşılanma mərasimi olub.Baki-baku.az

Ən son

GÜNDƏM

Sabah gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.

GÜNDƏM

Sabah gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.