İkinci yazı
Milli dövlətçilik tariximizə Manna, Midiya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi qüdrətli dövlətlər bəxş edən Odlar Yurdu Azərbaycan Cümhuriyyətə qədər imperiyalar arasında parçalansa da, Təbrizin, Dərbəndin, Borçalının, İrəvanın, Naxçıvanın, Şamaxının, Bakının mənəvi dəyərlər tarixində yeri və rolu danılmaz olub. Türk saray mədəniyyətinin bütün incəliklərini və əzəmətini özündə ehtiva edən bu şəhərlər, təkcə ictimai-siyasi deyil, həm də elmi-mədəni mərkəzlər rolunu oynayıb.
Bu səbəbdən də, Təbriz əzəmətin, Dərbənd qeyrətin, Şamaxı heyrətin, Naxçıvan cəsarətin, Borçalı kədərin, İrəvan həsrətin, Gəncə məhəbbətin, Bakı səxavətin baş şəhəri, paytaxtı kimi hər birimizə əziz, doğma olub.
Küləklər şəhərinə, “Badi-Kubə”yə, Bakıya çörək, hüzur, şöhrət dalıyca gələnlərin sayı günü-gündən artıb-çoxalıb. Xəzərin sahilində, Bayıl buxtasında, Səbail qəsrində gündə bir kərpic hörülən qalalar, qəsrlər, malikanələr bu torpaqlara can gətirən insanların Vətən sevgisindən, yurd istəyindən, ürüyüb-artmaq eşqindən boy alıb.
Adına Miladdan öncəki tarixi mənbələrdə də təsadüf edilən Bakı Səbaildən, İçərişəhərdən, Bayırşəhərdən, Çəmbərəkənddən, sərt-sıldırım qayaların yaxasında bitən Xəzərdən, Qobustanın qayaüstü abidələrindən, yanan suyun və mayenin – Qaraqızılın, Qazın, odun-atəşin məbədindən – Atəşgahdan, Qız Qalasından, Şirvanşahlar sarayından dünyaya səs salıb.
Nemətlərin və sərvətlərin diyarı Səbailin adı da, şöhrəti də, məhz Xəzər dənizinə, Tanrının möcüzələr dəfinəsinə bağlıdır. Böyük İpək Yolunun üzərində yerləşən Səbail tarixin bütün dönəmlərində iqtisadi, siyasi və ticari əhəmiyyəti ilə diqqət mərkəzində olub. Doğudan-Batıya uzanan karvan yolları məhz onun yaxasında kəsişib. İstər quru, istər dəniz yolu vasitəsilə məhsulunu Xəzər hövzəsindən Yaxın və Orta Şərqə, Avropaya, Çin və Hindistana daşıyan iri-iri dövlətlərin iqtisadi, siyasi və mədəni münasibətləri Bayıl buxtasında, Səbaildə, Bakıda, Xəzərin sahilində qurulub. Bu səbəbdən də Bakı qısa zaman kəsiyində neft, mazut dolu gölməçələrdən, toz-torpaqlı küçə və dalanlardan, iri ticarət mərkəzlərinə, inkişaf etmiş şəhərə çevrilib.
Öncə Qız qalasından, Şirvanşahlar sarayından, Qoşa-qala qapısından, İçərişəhərin əzəmətli qala divarlarından, tarixi tikililərdən, bir-iki mərtəbəli evlərdən ibarət olan Səbail XIV-XV yüzillərdən Türküstanla, Hindistanla ciddi ticari əlaqələr qurub. Bakının məşhur karvansaralarının sırasında Buxara və Hindistan tacirlərinə məxsus Buxarılalılar karvansarası, Hindistanlılar karvansarası yer alıb.
Səbailin, Səbail qarışıq Bakının kompleks inkişafı dünyanın Xəzər hövzəsində, Qaraqızılda – Neft sənayesində kəsişdiyi dövrə XIX yüzilin 70-ci illərinə təsadüf edib.
1859-cu ilə, Bakı Quberniya mərkəzinə çevrilənə qədər, Səbaildə təxminən yeddi minə yaxın insan yaşayıb. İçərişəhərdən, Qız qalasından Bayırşəhərə – Ramana qalasına, Bibiheybət məscidinə, Yasamal dərəsinə – Qurda qapısına yeraltı yol salan Səbail odun-atəşin diyarı kimi həm də, atəşpərəstləri özünə cəlb edib. Dünyanın o başından öz-özünə alışan, yanan ocağı ziyarətə gələnlər sivilizasiyaların, mədəniyyətlərin diyarına, tolerantlığın ünvanı Bakını Səbaildən tanıyıb. Səbailin məşhur karvansaralarında, İçərişəhərdə nəfəs dərib, Suraxanı, Pirallahı, Şubanı Atəşgahlarında odun, alovun, işığın, nurun səcdəsinə durublar. Nəzir-niyaz, ianələrlə Odlar Yurduna gələnlər Şubanı Atəşgahında Abdal Dərvişin ayinlərini dinləyiblər.
Misir fironlarının mumyalandığı, Makedoniyalı İsgəndəri, Xilafət ordusunu belə ayağına gətirən Qaraqızıl, Yanan su və maye bütün zamanlarda varlığın qan damarına çevrilib. Dünyanın bütün sərvəti, ləl-cəvahiri tökülüb gəlsə də, Yanan suyun, Yanan mayenin əvəzini verməyib. Çar Rusiyasının, I Pyotrun zamanında Bakının, Xəzər dənizinin, İstanbulun fəthi ilə bağlı planlar cızılsa da, Bakının məşhur simaları, sərkərdələri, əsilzadələri düşmən qabağında dayanıb, Vətənin sərvətinə sahib çıxıb. Neft maqnatları Milli Burjuaziyanın təməl prinsiplərini müəyyənləşdirib. Neft quyuları fontan vurduqca Səbaili tərəqqinin, intibahın məkanına, Bakının mərkəzinə çeviriblər. Beləliklə, Xəzrinin, Gilavarın diyarında zövqlə tikilən binalar, daş döşəməli küçələr, səkilər, körpülər, qumsal çöllərə yaraşıq verən bağlar görünməyə başlayıb.
Bakının ilk iki memarı: Qasım bəy Hacıbababəyov və Məşədi Mirzə Qafar böyük ustalıqla onu elə planlaşdırıb, məhəllələri elə layihələşdiriblər ki, Rus və Avropa memarları belə bu zövqü-səfanın qarşısında heyrətlərini gizlədə bilməyiblər. Şəhərin relyefini, topoqrafiyasını, eniş-yoxuşunu nəzərə alan bu tarixi simalar, ilklərə imza atan sənətkarlar küçələri pilləvari şəkildə salmaqla onun, Xəzərə açılan mənzərəsini təmin ediblər.
Qaraqızılın diyarı Bakının, Səbailin şöhrəti qısa zaman kəsiyində Qafqaza, Çar Rusiyasına, Avropaya, Yaxın və Orta Şərqə yayılıb.
“Varlanmaq üçün dünyanın bir çox sənət və peşə sahibləri buraya axışıblar. Məşhur mühəndislər, memarlar, alimlər, kimyagərlər, texnoloqlar, inşaatçılar Bakıda mənsəb və sərvət sahibi olublar”. Bayıl buxtasından, Səbaildən, Xəzər dənizindən, Bakıdan öncə tuluqlar və çəlləklərlə daşınan, karvanlarla yola salınan neft sonra qatarlara, tankerlərə yüklənib. Təkcə Odlar Yurdunun deyil, qonşu dövlətlərin də sərvətinə, sərmayəsinə çevrilən neft 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Gülüstan sarayında imzalanan “Əsrin müqaviləsi”ndən sonra olduğu kimi, həm də Qafqazın dirçəlişinə təkan verib. “Neftlə əlaqədar əyalətin siması dəyişib, iqtisadiyyat yüksəlib, uzunluğu 520 km olan Tiflis-Bakı dəmiryolu az müddətə çəkilib, 1883-cü ildə işə salınıb. Şəhərdən Sabunçu və Suraxanı mədənlərinə 26 km uzunluğunda dəmir yolu il yarıma (1878-ci ilin axırı 1880-ci illər) başa çatıb.
Unudulmaz yazıçımız Manaf Süleymanovun “Eşitdiklərim, gördüklərim, oxuduqlarım” kitabında qeyd olunan bu faktlar bir daha sübut edir ki, həqiqətən də təkcə Bakının deyil, Bakı kəndlərinin, Abşeron yarımadasının, Odlar Yurdu Azərbaycanın, Qafqazın inkişafı eynən indi olduğu kimi, o zamanlar da, məhz Səbailin adı, dirçəlişi, inkişafı ilə bilavasitə bağlı olub.
1870-ci ildən başlayaraq Səbaildə ictimai və inzibati birliklərin təməli qoyulub. Quberniya və Müsafirlər Məhkəməsi təsis edilib. Peterburq, Moskva, Tiflis, Kiyev kimi məşhur şəhərlərdən Bakıya hüquqşünaslar, vəkillər təşrif buyurub. Şatunovski, Zamaslovski, Maklekov kimi məşhur vəkillərin sırasında Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Zülfüqar bəy Makinski, Qara bəy Qarabəyov kimi məşhur hüquqşünaşlar, vəkillər yer alıb. “Əkinçi” qəzetinin 1878-ci ildə işıq üzü görən “Şəhər Qərardad İdarəsi” ilə bağlı yazıda qeyd olunur ki, Bakının inkişafı, tərəqqisi nəticəsində şəhər böyüyür, idarələr artır. Bakı Dövlət Palatası qurulur. Duma nəzdində Şəhər Qərardad İdarəsi – Uprava yaradılır. Şəhər Polis Şöbəsinin sayı artırılır. Bir baş dəllal, doqquz adi dəllal olmaqla Bakı Pul Birjası qurulur. Küçədə yandırılan fənərlərin sayı artırılır. Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə Bakıda kanalizasiya sisteminin qurulur ki, buda Səbailin ərazisini əhatə edir. Əslində, həmin dövrdə elə Bakı Səbaildən, bir də kənd və qəsəbələrindən ibarət idi.
Şərəf Cəlilli