Bir zamanlar çox məşhur bir idmançı vardı – İbrahimpaşa Dadaşov! Onu dostları və rəqibləri böyük ehtiramla Paşa pəhləvan çağırırdılar. Bu müraciətdə bir idmançının ləqəbi yox, bir dövrün hörməti, xalçanın üzərində qazanılmış şöhrət, əzmlə keçilmiş uzun bir yol vardı.
İbrahimpaşa Hüseyn oğlu Dadaşov 1926-cı il aprelin 10-da Bakıda dünyaya gəlmişdi. O, sonralar Azərbaycan sərbəst güləşinin ən parlaq simalarından birinə çevriləcəkdi. Amma böyük idmana gedən yolu heç də hamar başlamamışdı. Əksinə, onun həyatının ilk illəri müharibənin ağır kölgəsində keçmişdi. O illərdə gənclərin arzularından çox, həyatın sərt tələbləri vardı. İdman salonları, yarışlar, medallar haqqında düşünmək belə bir çoxları üçün əlçatmaz görünürdü.
İbrahimpaşa isə güləşə yalnız müharibədən sonra, 1945-ci ildə gəlmişdi. Artıq iyirmi yaşı vardı. Bu yaş həmin dövrün idmanı üçün gec başlanğıc sayılırdı. Dinamo cəmiyyətinin sərbəst güləş bölməsinə gələndə məşqçi David Maxaradze onu diqqətlə süzmüş və yaşının ötüb-keçdiyini düşünmüşdü. Lakin gənc Dadaşov xalçaya bir dəfə çıxandan sonra geri çəkilmədi.
Bəlkə də onun ən böyük üstünlüyü elə burada idi: gec başlamaqdan qorxmadı.
O, itirilmiş illərin əvəzini sanki hər məşqdə, hər görüşdə, hər fənddə çıxırdı. İnkişafı o qədər sürətli gedirdi ki, çox keçmədən Azərbaycan çempionu oldu. Ardınca Dinamonun Mərkəzi Şurasının birinciliyində qalib gəldi. Bu yarış o dövrdə az qala SSRİ-nin kiçik çempionatı kimi qiymətləndirilirdi.
Sonra daha böyük xalça gəldi.
1949-cu ildə Bakıda keçirilən SSRİ çempionatında Dadaşov ardıcıl olaraq Ermənistanı təmsil edən Xoren Çeviçyanı, Gürcüstan təmsilçisi Andrey Çelidzeni və Rusiya idmançısı Yuri Denikovu məğlub edərək qızıl medal qazandı. Bu, onun üçün adi – növbəti qələbə deyildi. Bu, Paşa pəhləvanın artıq böyük idman səhnəsinə öz adını yazması idi.
Ardınca medallar gəldi: 1950-ci ildə bürünc, 1951-ci ildə qızıl, 1952-ci ildə qızıl. 1954 və 1955-ci illərdə gümüş medallar qazandı. 1956-cı ildə isə yenidən SSRİ çempionu oldu. Amma onun karyerasını yalnız bu rəqəmlərlə anlatmaq mümkün deyil. Çünki İbrahimpaşa Dadaşov xalçaya çıxanda qarşısındakı rəqibin adına və şöhrətinə baxmırdı. Onun üçün xalçanın üzərində yalnız bir həqiqət vardı: son saniyəyə qədər mübarizə.
O dövrün güləş qaydaları bugünkü təsəvvürümüzdən fərqli idi. Bəzən qalib birbaşa məğlubiyyətlə deyil, cərimə xallarının hesablanması ilə müəyyənləşirdi. Dadaşovun elə yarışları olmuşdu ki, bir dəfə də məğlub olmadığı halda gümüş medalla kifayətlənmişdi. Bu nəticə onun gücünü azaltmırdı, əksinə, həmin dövrün idman tarixində onun necə çətin rəqabət içində mübarizə apardığını göstərirdi.
İbrahimpaşa Dadaşovun ən böyük silahlarından biri isə taktika idi.
O, rıkcı güclü deyildi. O, həm də düşünürdü.
Rəqibin hərəkətini izləyir, uyğun anı gözləyir, fənd üçün saniyələri hesablayırdı. Bəzən xalçanın üzərində sakit görünür, sanki heç nə baş vermirmiş kimi rəqibini müşahidə edirdi. Amma o sakitliyin altında böyük bir hesab vardı. Doğru məqam yetişəndə isə hərəkət bir anda gəlirdi.
Məhz buna görə onun güləş üslubunu yeni məktəb kimi qiymətləndirənlər vardı.
Güc, dözüm və texnika onun silahları idisə, taktika həmin silahların necə istifadə olunacağını müəyyənləşdirirdi. Paşa pəhləvanın şöhrəti təkcə SSRİ çempionatları ilə məhdudlaşmırdı. O, beynəlxalq turnirlərdə də öz çəkisinin ən güclü güləşçilərindən olduğunu göstərirdi. Dünya çempionu olmuş idmançılar üzərində qələbələri onun necə böyük rəqiblərlə qarşılaşdığını göstərirdi. İranlı Cahanbəxt Tofiq, sovet güləşçiləri Qriqor Qamarnik və Olembek Bestayev kimi məşhur rəqiblər onun xalçadakı qələbələrinin sırasında idi.

1952-ci il isə onun həyatında xüsusi yer tutur.
Həmin il Helsinki Olimpiadası keçirilirdi. Sovet İttifaqının idmançıları üçün bu, ilk Olimpiya debütü idi. Azərbaycanı təmsil edən azsaylı idmançılar arasında İbrahimpaşa Dadaşov da vardı.
Beləliklə, Bakının bir vaxtlar güləş zalına gecikmiş yaşda daxil olan gənci artıq Helsinkidə dünyanın ən böyük idman səhnəsində idi.
Olimpiya xalçası onun qarşısında yeni bir dünyanın qapısını açmışdı. Dadaşov yarışları yeddinci pillədə başa vurdu. Bu nəticə sonralar onun qazandığı böyük uğurların fonunda kölgədə qala bilər. Amma tarixi baxımdan həmin yeddinci yerin çəkisi tamam başqadır. Çünki İbrahimpaşa Dadaşov Azərbaycanın ilk olimpiyaçılarından biri kimi adını tarixə yazmışdı.
1956-cı il isə Paşa pəhləvanın idmançı kimi son böyük dayanacağı oldu.
Moskvada SSRİ xalqlarının ilk Spartakiadası keçirilirdi. Güləş yarışları həm də ölkə çempionatı statusu daşıyırdı. Dadaşov üçün bu turnir həm yeni bir zirvə, həm də vida xarakteri daşıyırdı.
O, əvvəlcə gürcüstanlı Sergey Qavarayevi, daha sonra dünya çempionu Olembek Bestayevi məğlub etdi. Həlledici görüşdə isə dünya kubokunun sahibi ukraynalı Vladimir Simyarskinin qarşısına çıxdı. Və qalib gəldi. Beləliklə, Paşa pəhləvan son böyük yarışını da qələbə ilə tamamladı. O, həm ilk Spartakiadanın qalibi, həm də SSRİ çempionu oldu.
Bəzən idmançı karyerasını zirvədə bitirir. Dadaşovun vida anı da məhz belə idi. Lakin onun xalçadan çəkilməsi güləşdən uzaqlaşması demək deyildi. İbrahimpaşa Dadaşov ikinci həyatına məşqçi kimi başladı. Bu dəfə onun qarşısında rəqib yox, yetişdirilməli gənclər vardı. İndi onun vəzifəsi özünün bildiyi fəndləri başqalarına öyrətmək, illərlə qazandığı təcrübəni yeni nəslə ötürmək idi. Onun yetirmələri arasında sonralar dünya çempionu və Tokio Olimpiadasının bürünc mükafatçısı olacaq Aydın İbrahimov da vardı. Bu, bəlkə də Paşa pəhləvanın ən böyük qələbələrindən biri idi. Çünki yaxşı idmançı özünü sübut edir. Böyük məşqçi isə özündən sonra gələnləri.
Dadaşov bir çox güləşçini SSRİ miqyaslı yarışlara hazırladı. Onun məşqçilik fəaliyyəti də idmançı karyerası qədər uğurlu oldu. SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi fəxri adlarına layiq görüldü. Bu titulların təsadüfən verilmədiyi bir dövrdə onun xidmətlərinin miqyası daha aydın görünür.
İbrahimpaşa Dadaşovun həyatı bir medal kolleksiyasından daha artıqdır. O, Azərbaycan güləşinin bir mərhələsini öz taleyində yaşatdı. Müharibədən sonrakı illərin çətinliklərindən çıxaraq SSRİ çempionluğuna, Olimpiya xalçasına, məşqçilik məktəbinə qədər uzanan bir yol keçdi.
O yolun başlanğıcında iyirmi yaşlı, güləşə gec gəlmiş bir gənc dayanırdı. Sonunda isə arxasında öz məktəbi, yetirmələri, qələbələri və adı qalacaq Paşa pəhləvan vardı.
İbrahimpaşa Dadaşov 1990-cı il iyulun 16-da Bakıda vəfat etdi.
Amma pəhləvanların qəribə bir taleyi var. Onlar xalçadan gedirlər, səs-küy susur, alqışlar dayanır, illər keçir. Lakin onların mübarizə ruhu qalır. Paşa pəhləvanın adı da Azərbaycan güləşinin yaddaşında belə qaldı – gücü yalnız əzələsində olmayan, rəqibini yalnız fəndlə deyil, ağıl və səbrlə də məğlub edən, xalçaya çıxanda isə son saniyəyədək geri addım atmayan bir pəhləvan kimi.
Onun qazandığı medallar tarixdir. Amma onun qoyduğu güləş məktəbi əbədi izdir.
Xanım Aydın