Qızmar Bakı günəşinin nar qırmızısı, Xəzərin fırtınalı mavisi və Parisin romantik gümüşü… Azərbaycan təsviri sənətinin ən parlaq, ən çılğın və yenilikçi simalarından biri olan Toğrul Nərimanbəyovun kətan üzərinə hopdurduğu hər bir rəng zərrəsində boya ilə yanaşı, əzəmətli bir musiqi, vulkanik bir həyat sevgisi döyünür. O, sıradan bir fırça ustası deyildi, kətan üzərində operalar bəstələyən, səsində isə Şərq nağıllarının əks-sədasını yaşadan böyük bir sənət fədaisi idi.

İki dünyanın qovuşduğu tale: Şərq nağılı və Avropa ruhu
Toğrul Nərimanbəyovun sənətindəki bənzərsizlik onun köklərindən, taleyinin keşməkeşli səhifələrindən süzülüb gəlirdi. Babası – Şuşalı hüquqşünas, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının qubernatoru olmuş Əmirbəy Nərimanbəyov; atası – Cümhuriyyətin Fransa Tuluza Universitetinə göndərdiyi elektrik mühəndisi Fərman Nərimanbəyov. Tuluza illərində Fərman bəyin fransız modelyeri İrma Lya Rude ilə kəsişən sevgisi, 1930-cu ilin avqustunda Bakıda Toğrulun dünyaya gəlişi ilə yeni bir sənət dastanın başlanğıcına çevrildi.
Lakin 1930-cu illərin dəhşətli repressiya dalğası bu ziyalı ailədən də yan keçmədi. Avropada təhsil almış atası Sibirə sürgün edildi, anası İrma xanım isə həbs olunaraq Səmərqəndə göndərildi. Uşaqlığının bir hissəsini anası ilə birgə məhbusluqda keçirən Toğrul, səhərlər məktəbə gedib, axşamlar dörd divar arasına qayıdaraq həyatın ilk ağır dərsini aldı. Valideynlərinin yoxluğunda ona və qardaşı Vidadiyə polyak əsilli dayələri Anna Andreyevna analıq etdi. İllər sonra rəssamın kətana köçürəcəyi “Ana” tablosundakı dərin mehribanlıq və sədaqət məhz o çətin illərin unudulmaz xatirəsi idi.
Sınaqlar Toğrulun ruhunu qırmağa yetmədi; əksinə, onda həyata və sənətə qarşı qarşısıalınmaz bir ehtiras yaratdı. Əzim Əzimzadə adına rəssamlıq məktəbindən başlayan yol onu Litva İncəsənət İnstitutuna apardı. Vilnüsdə monumental boyakarlığın sirrinə yiyələnən gənc rəssam, eyni zamanda Vilnüs Konservatoriyasında klassik vokal təhsili almağa başladı.

Rənglərin vokal simfoniyası və “Sərt üslub”un Şah əsərləri
Toğrul Nərimanbəyov sənətə qədəm qoyanda sovet təsviri sənətinə hakim olan sosialist realizminin şablon qəliblərini cəsarətlə yardı. O, kətan üzərinə təkcə gördüklərini deyil, hiss etdiklərini, daxilindəki tüğyanı gətirdi. Xəzərin fırtınalı dalğaları, neftçilərin məğrur baxışları, Abşeron bağlarının bərəkətli torpağı onun fırçasında tamam başqa bir poetika qazandı.
“Mən oxumağı sevirəm. Oxumaq həyatımın ayrılmaz hissəsidir… Əgər Allah insana iki istedad veribsə, onun birini tərk edib digərinə diqqət yetirməsi məncə nankorluqdur. İnsanlar rəsm çəkərkən istədiklərini kətana köçürür və onlar artıq insandan ayrılır, amma oxumaq insanın daxilindədir…”
Rəssam emalatxanasında kətan qarşısında dayananda italyan operalarından ariyalar oxuyar, səsin ahəngini rənglərin saflığına köçürərdi. Onun fırçasından çıxan “Muğam” kompozisiyası Azərbaycan rəngkarlığının zirvələrindən birinə çevrildi. Səttar Bəhlulzadə ilə birlikdə Azərbaycanın rayonlarını qarış-qarış gəzərək ərsəyə gətirdiyi “Göyçay bağlarında”, “Bolluq”, “Bərəkət” tablolarında Şərq bazarının səs-küyü, narın qıpqırmızı ehtirası, Abşeron günəşinin hərarəti duyulurdu.
Rəssamlığın müxtəlif janrlarında – portretdən tutmuş divar rəsmlərinə, teatr dekorasiyalarından “Dədə Qorqud” illüstrasiyalarına qədər – yaratdığı hər bir əsər onun yenilikçi ruhunun təzahürü idi. Dövlət Kukla Teatrındakı “Nağıllar aləmində” divar rəsmləri və Fikrət Əmirovun “Min bir gecə” baletinə verdiyi dekorativ tərtibatlar rənglərin təxəyyüllə qovuşduğu ecazkar məkanlar yaratdı.

Bakıdan Parisə…
Toğrul Nərimanbəyov həm də dünya miqyaslı bir vokalçı idi. 1990-cı illərdən etibarən Bakıda, İtaliyanın Bolonya şəhərində möhtəşəm solo konsertlər verən sənətkar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi səhnədə klass göstərirdi.
SSRİ Xalq rəssamı fəxri adına, keçmiş SSRİ və Azərbaycanın Dövlət mükafatlarına, müstəqil Azərbaycanın “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülən Toğrul Nərimanbəyov “Fransa Müasir İncəsənət Ensiklopediyası”na adı daxil edilmiş yeganə azərbaycanlı rəssam oldu. Onun əsərləri Nyu-Yorkdan Parisə, Kölndən Moskvaya qədər dünyanın ən möhtəşəm muzey və qalereyalarını bəzəyir.

Ömrünün son illərini anasının vətəni olan Parisdə keçirən görkəmli sənətkar 2 iyun 2013-cü ildə 82 yaşında əbədiyyətə qovuşdu və Parisin məşhur Passi qəbiristanlığında dəfn olundu. Lakin o, arxasında sönməyən bir işıq bıraxıb gedib. Bu gün onun əsərlərinə baxarkən qulağımıza gur bir tenor səsi gəlir, gözlərimiz önündə isə Azərbaycan torpağının solmaz rəngləri canlanır.
Xanım Aydın