Mənəvi saflığa qovuşmaq, xeyirxahlığı artırmaq və insanın ruhunu tərbiyə etməsi üçün ilahi bir fürsət olan Ramazan ayı yardımlaşmanın, bağışlanmanın və təqvaya yetişməyin ən mühüm vasitələrindəndir. Bəs oruc tutan insanlar hansı əsas məsələlərə diqqət yetirməlidirlər? Ramazan bayramının ənənələri nələrdir?
Bu və digər məsələlərə aydınlıq gətirmək üçün Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Hacı Cavad məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev Baki-baku.az-ın suallarını cavablandırıb.
– Müqəddəs Ramazan ayında insanlar, xüsusilə də oruc tutan şəxslər daha çox nələrə diqqət etməlidirlər?
– Bildiyiniz kimi, oruc tutmaq İslam şəriətində vacib edilmiş ilahi əmirlərdən biridir. Qurani-Kərimdə, Bəqərə surəsində Allah buyurur: “Ey iman gətirənlər! Allah sizdən əvvəlki ümmətlərə vacib etdiyi kimi, sizə də oruc tutmağı vacib etmişdir. Ona görə ki, bəlkə bunun vasitəsilə təqvalı olasınız…”
Buradan belə məlum olur ki, oruc tutan insan ilk növbədə mənəvi ruha sahib olur və öz əxlaqını, mənəviyyatını təmizləmiş olur. Bu səbəbdən oruc tutanlar yalnız ac və susuz qalmamalı, eyni zamanda qulaqlarını, dilini, gözlərini və bir sözlə, bütün bədən üzvlərini də oruc etməlidir. Bütün bədən üzvləri oruc tutmalıdır ki, Qurani-Kərimdə buyurulan təqva, yəni yüksək mənəvi keyfiyyət məqamına yüksəlmək mümkün olsun. Bu məsələyə diqqət edilməli olduğunu düşünürəm.
İkincisi, Ramazan ayı günahlarımızın bağışlandığı bir aydır. Ramazan sözünün mənası da bunu ifadə edir. Ramazan il ərzində əməl dəftərimizə yazılmış günahların pozulması ayıdır. Buna görə də bu ayda günah əməllər törətməməyə diqqət göstərmək vacibdir. Çünki Ramazan günahların silindiyi aydır, günah qazanılan bir ay deyil.
Üçüncüsü, Ramazan yardımlaşma ayıdır. Peyğəmbərimizin (s) mübarək kəlamlarında buyurulur ki, Ramazan ayında edilən hər bir yaxşı əməlin savabı Allah dərgahında qat-qat artırılır.
Ramazan ayında mənəvi və maddi yardımlaşma unudulmamalıdır. Yardımlaşma İslamda iki növə bölünür: mənəvi və maddi yardımlaşma. Mənəvi yardımlaşma, məsələn, bir insanın üzünə təbəssüm etmək, darıxan bir insanın könlünü almaq kimi əməllərdir. Hədislərdə buyurulur ki, bu, böyük bir sədəqədir. Maddi yardımlaşma isə ərzaq və digər vasitələrlə kömək etməkdir. Bu, Allah dərgahında çox böyük savaba malik olan əməllərdən biridir. Mənə elə gəlir ki, bu üç mühüm məsələni oruc tutan şəxslər diqqət mərkəzində saxlasalar, onların oruclarının Allah dərgahında qəbul olması üçün vacib olan şərtləri yerinə yetirmiş olarlar.

– Fitrə çıxarmaq nə üçün vacibdir və hansı məbləğdə olmalıdır? Ümumiyyətlə fitrə zəkatını kimlər verməlidir və kimlərə verilməlidir?
– Ramazan ayının sonunda hər bir müsəlmana vacibdir ki, fitrə zəkatını çıxarsın. Hədis mənbələrinə baxsaq, görərik ki, fitrə zəkatının vacib edilməsinin bir neçə səbəbi var. Birincisi, fitrə zəkatı sosial yardımlaşmadır. Cəmiyyətdə sosial vəziyyəti yaxşı olmayan şəxslərin Ramazan bayramını sevinclə keçirməsi üçün bu zəkat vacib edilmişdir. Bu, onların maddi problemlərinin həllinə kömək edir.
İkincisi, fitrə zəkatı sosial vəziyyəti zəif olan insanların qəlblərinə sevinc bəxş edir. Fitrə zəkatını verən şəxs yalnız əlindəki pulu və ya ərzağı yoxsula verməklə kifayətlənmir, eyni zamanda onun evini ziyarət edir, onunla görüşür, dərdinə şərik olur. Bu, həmin şəxsin qəlbində sevinc hissi yaradır və onun özünü tək hiss etməməsinə səbəb olur. Bütün bunlar deməyə əsas verir ki, fitrə zəkatı maddi və mənəvi baxımdan vacibdir.
Fitrə zəkatının miqdarı İslam şəriətində müəyyən edilib. Hər bir müsəlman buğda, arpa, düyü, kişmiş və s. ərzaq məhsullarından birini 3 kq miqdarında olmaqla və ya onların pul dəyərini fitrə zəkatı olaraq ödəyə bilər.
Qaldı ki, bu yardımın kimlər kimlərə verməlidir məsələsinə, fitrə zəkatı yoxsullara və fəqirlərə verilməlidir. Bu, gündəlik dolanışığını təmin edə bilməyən şəxslərdir. Fitrə zəkatını birincisi müsəlman olan şəxs verməlidir. İkincisi, ağıllı olan şəxs verməlidir. Əgər bir şəxsin var-dövləti olsa belə, ruhi və ya psixoloji xəstəlikləri varsa, ona fitrə zəkatı vermək fərz deyil. Üçüncüsü, fitrə zəkatını verən şəxs mütləq həddi-buluğa çatmış olmalıdır.
Qeyd edim ki, fitrə zəkatının artıqlaması ilə ödənilməsi bəyənilən bir əməldir və əlavə savaba səbəb olar. Lakin şəriətdə göstərilən miqdardan az ödənilməsi qəbul edilmir. Hər bir müsəlman bu qaydalara əməl etməlidir ki, fitrə zəkatı düzgün şəkildə yerinə yetirilsin.
– Ramazan bayramının adətləri nələrdir?
– Bu barədə xüsusi olaraq şəriət kitablarında göstərilir. Birincisi, bayram günü insan yuxudan oyandıqda bayram gününə uyğun qüsul almış olmalıdır. Bayram gününün xüsusi qüsulu var. Bunu etmək tövsiyə olunur, ancaq vacib deyil.
İkincisi, şəxs fitrə zəkatını çıxarmalıdır və əvvəl də dediyimiz yerlərə çatdırmalıdır. Üçüncüsü isə məsciddə camaatla birlikdə bayram namazının qılınmasıdır ki, bu da bayramın adətlərindəndir. Əgər şəxsin bayram namazını camaatla birlikdə qılması mümkün deyilsə, öz evində və ya hansısa bir məkanda fərdi şəkildə də bayram namazını qıla bilər. Bayram namazının qılınması da əlavə bir savabdır. Bayram namazından sonra qohum-əqrəba ziyarətinə gedilməsi də bəyəniləndir. Çünki bayram günlərində bayramın əhəmiyyətini artıran amillərdən biri də qohum-əqrəba ziyarətidir. Qurani-Kərimdə də bu çox tövsiyə edilir. Qohumlarla əlaqəni üzmək, hətta Qurana görə, qəti şəkildə pislənmiş əməllərdəndir. Yaxşı olar ki, insanlar bayramın ab-havasını bir-birləri ilə paylaşmaqla, bölüşməklə daha da şən bir vəziyyətə gətirsinlər.
Digər bir mühüm məsələ hədiyyələşməkdir. Bayram günündə hədiyyələşmək müstəhəb hesab edilir. Xüsusilə də ailə başçısı əgər ailədə uşaqlar xüsusilə qız uşaqları varsa, müstəhəbdir ki, ilk hədiyyəni qız uşaqlarına təqdim etsin. Bu, onların bayram əhval-ruhiyyəsində olmasını artırar və bayramın əhəmiyyətini başa düşmələrinə kömək edər.

– Orucluq zamanı ac insanları iftara dəvət etmək şərtdir yoxsa tövsiyə?
– Bu, sadəcə olaraq məsləhətdir. Heç kəsə vacib deyil ki, kimin üçünsə iftar süfrəsi təşkil etsin. Amma Peyğəmbər əleyhissəlam mübarək kəlamlarında bu mövzuda çox sayda hədis buyurur. Hədislərdən birində deyilir ki, hər kəs oruc tutan şəxsə iftar süfrəsi verərsə, oruc tutan şəxs və ya şəxslər qədər savab əldə edəcəkdir. Ona görə də bəyəniləndir ki, hər bir şəxs bacardığı qədər iftar süfrəsi təşkil etsin. Qohum-əqrəbanı, dost-tanışı və ya tanımadığı şəxsləri, xüsusilə də yoxsul olanları iftar süfrəsinə dəvət etsin. Onlara milli mətbəximizin məşhur olan təamlarından, əsasən ət məhsulları olan yeməklərdən verməsi daha çox tövsiyə edilir. Bunun çox böyük savabı var.
– Ramazan ayında üzrlü səbəbdən oruc tuta bilməyən şəxslər üçün tövsiyələr nələrdir? Onlar hansı əməlləri ilə bunun qarşılığını qismən ödəyə bilərlər?
– Bəli, bildiyiniz kimi, bir neçə təbəqəyə oruc tutmaq icazəsi verilmir. Onlardan biri də xəstələrdir. Onlar üzrlü hesab edilir. Əgər şəxsin xəstəliyi müvəqqəti xəstəlikdirsə, yəni Ramazan ayından sonra sağalacaqsa və gələn Ramazana qədər sağlam olacaqsa, belə olduğu təqdirdə qəzaya verdiyi günlərin hər biri üçün bir gün oruc qəzası tutmalıdır. Yox, əgər şəxsin gələn Ramazana qədər oruc tutmaq fürsəti yoxdursa, belə olduğu təqdirdə yaxşı olar ki, Ramazandan sonra yoxsul biri üçün üçün təqribən 750 qram yeyiləcək məhsul versin. Məsələn, bunu bir çörəklə etmək olar. Ancaq artıq çəkidə də etmək əlavə savab qazandırar. Buna görə də yaxşı olar ki, oruc tuta bilməyən şəxslər Ramazan ayından sonra yoxsul kimsələrin də doydurulması üçün çalışsınlar.